Yeni Azərbaycan Partiyasının VIII Qurultayını əvvəlki qurultaylardan fərqləndirən ən başlıca və tarixi məqam onun tam suveren, ərazi bütövlüyü bərpa olunmuş Zəfər Azərbaycanında keçirilməsidir. 2020-ci ilin şanlı Vətən müharibəsi və 2023-cü ilin 20 sentyabr antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatizmə tamamilə son qoyuldu və Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı.
Cənab Prezident 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə Azərbaycan xalqının, eyni zamanda Yeni Azərbaycan Partiyasının ən mürəkkəb, ən çətin, həm də ən ali məqsədini reallaşdırmış oldu. Xalqın Müzəffər Lideri kimi istər hərb meydanında, istər diplomatik müstəvidə, istərsə də informasiya müharibəsində möhtəşəm qələbə qazanaraq həm tarixi ədaləti, həm də beynəlxalq hüququ təmin etdi, BMT-nin kağız üzərində illərlə qalan qətnamələrini icra etdi.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqində vurğuladığı kimi, Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər, keçdiyi zəfər dolu və şərəfli yol təsadüfi xarakter daşımır. Bu uğurların təməlində güclü dövlət iradəsi ilə yanaşı, partiyamızın çoxminli fəallarının fədakar əməyi, sadiqliyi və fəal mövqeyi dayanır.
Cənab Prezidentin qurultaydakı nitqində partiya fəallarının əməyinə verdiyi yüksək qiymət hər bir YAP üzvü üçün böyük qürur mənbəyi olmaqla yanaşı, həm də gələcək fəaliyyət üçün böyük məsuliyyət doğurur. Bu baxış bir daha sübut edir ki, ölkəmizin qarşısında duran yeni hədəflərə çatmaq, qazanılan uğurları davamlı etmək və güclü Azərbaycan modelini daha da inkişaf etdirmək yolunda YAP fəalları bundan sonra da öz əvəzsiz töhfələrini verməyə davam edəcəklər.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezident öz çıxışında aydın şəkildə bəyan etdi ki, əldə olunmuş Zəfərlər və yaradılmış yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul edilir. Ancaq bu uğurlar asan başa gəlməyib, böyük güclərin müqaviməti, təzyiqlər və ikili standartlar fonunda əldə olunub.
Zəfər qazanmağımıza və Ermənistanla sülh prosesində irəliləyişlərə baxmayaraq, hərbi gücümüzün artırılması bizim bir nömrəli vəzifəmiz olaraq qalır. Çünki beynəlxalq hüquq mexanizmləri sıradan çıxıb, ətrafımızda müharibə ocaqları alovlanır. Biz hər an, hər gün istənilən hərbi təxribata cavab verməyə hazır olmalı və elə bir gücə malik olmalıyıq ki, heç kim Azərbaycana qarşı xain gözlə baxmağa cəsarət etməsin. Təsadüfi deyil ki, gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələlərinə 9 milyard manata yaxın vəsait nəzərdə tutulub.
Bu gün geosiyasi mübarizənin ən çirkin üsullarından-kiberməkan və sosial şəbəkələr vasitəsilə aparılan psixoloji müharibədən geniş istifadə olunur. Müxtəlif xarici anti-Azərbaycan dairələr, erməni lobbisinin maliyyələşdirdiyi mərkəzlər və dövlətimizin inkişafını həzm edə bilməyən şəbəkələr xüsusi azərbaycandilli resurslar, saxta profil və səhifələr yaradırlar. Onların yeganə məqsədi cəmiyyətimizdə nifaq toxumu səpmək, dövlətlə xalq arasındakı sarsılmaz birliyi hədəf almaq və xüsusilə də gənclərimizin beynini yalan, dezinformasiya və məqsədli şayiələrlə zəhərləməkdir. Onlar yaxşı anlayırlar ki, Azərbaycanı hərbi yolla, təzyiq dili ilə sınamaq mümkün deyil. Ona görə də ölkəmizi daxildən zəiflətməyə, ideoloji baxımdan idarəolunan və zəif bir vəziyyətə salmağa çalışırlar.
Məhz buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyev qurultaydakı çıxışında xüsusi olaraq bəyan etdi ki, bizim ideoloji məkanımız yad, zərərli və düşmən təsirlərdən tamamilə azad olmalıdır! Biz öz milli-mənəvi dəyərlərimizi, Zəfər tariximizi və dövlət maraqlarımızı informasiya məkanında qətiyyətlə qorumalıyıq.
Bəs bu mübarizədə kimlər ön cərgədə olmalıdır ?
Cənab Prezidentin də göstərdiyi kimi, bu informasiya və ideologiya cəbhəsinin mərkəzində məhz Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılarımız və gənclərimiz durmalıdır!
Sosial şəbəkələrdə, rəqəmsal platformalarda və cəmiyyətin bütün təbəqələrində fəal olmalıyıq. Müasir dil, çevik reaksiya və müasir rəqəmsal alətlərdən istifadə edərək real həqiqətlərimizi, dövlətimizin tarixi uğurlarını cəmiyyətə və xüsusilə də böyüməkdə olan gənc nəslə düzgün formada çatdırmalıyıq.
Düşmənin yalanına və dezinformasiyasına qarşı biz faktlarla, kəsərli sözümüzlə və unikal rəqəmsal ideoloji iş metodumuzla cavab verməliyik. Çünki ideoloji təhlükəsizliyimizi qorumaq - dövlətimizin müstəqilliyini və gələcəyini qorumaq deməkdir!
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri