Məlum olduğu kimi, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. YAP-ın VIII qurultayında iştirak etmək mənim üçün sadəcə siyasi tədbirdə iştirak deyil, Azərbaycanın bu günü və gələcəyi ilə bağlı mühüm bir prosesin canlı şahidi olmaq idi. Cənab Prezident İlham Əliyevin nitqini diqqətlə dinləyərkən qalib ölkənin vətəndaşı kimi qürur duydum. Ölkəmizin qarşısında dayanan hədəflərin miqyası və dövlət siyasətinin əsas istiqamətləri barədə fikirlər məndə böyük təəssürat yaratdı. Bu mühüm siyasi tədbirin iştirakçısı olmaq və həmin tarixi anları yerindəcə yaşamaq mənim üçün əsl qürur mənbəyinə çevrildi.
YAP-ın VIII qurultayı yaddaşımda Azərbaycanın siyasi həyatının mühüm səhifələrindən biri və gələcəyə inam hissini gücləndirən əlamətdar hadisə kimi qalacaq.
Prezident İlham Əliyevin qurultayındakı nitqi yaxın 15-20 il üçün ölkəmizin yol xəritəsidir. Dövlətimizin başçısı dərin məzmunlu, əhatəli nitqində, demək olar ki, bütün dövlət əhəmiyyətli məsələlərə toxundu.
Prezidentin nitqində Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Dövlət başçısının “İslam Əməkdaşlıq Təşkilatı ilə bizim çox sıx əlaqələrimiz var” fikri Azərbaycanın son onilliklərdə formalaşdırdığı xarici siyasət kursunun mühüm istiqamətlərindən birini ifadə edir. Prezidentin qarşıdakı İslam Zirvə Görüşünün “sıradan Zirvə Görüşü olmayacağı” barədə vurğusu isə məsələnin yalnız təşkilati xarakter daşımadığını, İslam dünyasının qarşılaşdığı ciddi problemlərin, parçalanmaların, münaqişələrin və qarşılıqlı inamsızlığın aradan qaldırılmasına Azərbaycanın öz töhfəsini vermək niyyətində olduğunu göstərir.
Hazırda Azərbaycan 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Konfransına ev sahibliyi etməyə hazırlaşır. Prezident İlham Əliyev 2026-cı ilin sentyabrında İƏT-in yeni baş katibinə ünvanladığı məktubda Azərbaycanın təşkilatla əməkdaşlığa xüsusi önəm verdiyini, 35 illik üzvlük dövründə təşəbbüskar və məsuliyyətli rol oynadığını, 2027-ci ildə isə Zirvə Konfransı ilə yanaşı, İƏT-in İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyasına və digər tədbirlərə ev sahibliyi edəcəyini bildirib.
Belə bir toplantının məhz Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasında artan nüfuzunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın özünü yalnız İslam ölkələrinin bir üzvü kimi deyil, onların arasında dialoqa, qarşılıqlı anlaşmaya və həmrəyliyə xidmət edən platforma kimi təqdim etdiyini də nümayiş etdirir.
Azərbaycanın İslam həmrəyliyinə münasibəti yalnız beynəlxalq tədbirlər və siyasi bəyanatlarla məhdudlaşmır. Bu yanaşmanın kökləri Azərbaycan xalqının tarixi, milli-mənəvi yaddaşı və İslam mədəniyyəti ilə sıx bağlıdır.
Azərbaycan əsrlər boyu Şərq və Qərb arasında yerləşən, müxtəlif sivilizasiyaların qarşılaşdığı və qarşılıqlı təsir göstərdiyi məkan olub. İslam dini Azərbaycan xalqının mənəvi dünyasının, mədəniyyətinin, ədəbiyyatının, memarlığının və ictimai həyatının formalaşmasında mühüm rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixən müxtəlif dini icmaların birgə yaşadığı məkan kimi də seçilib. Bu xüsusiyyət müasir Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin mühüm sosial dayaqlarından biridir.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın milli və dini dəyərləri bir-birini tamamlayır. Dövlət başçısının yanaşmasına görə, İslam dəyərlərinin qorunması başqa dinlərə və mədəniyyətlərə qarşı qapanmaq anlamına gəlmir. Əksinə, öz dini və milli kimliyinə hörmət edən cəmiyyət başqa inanc və mədəniyyətlərə də hörmət etməyi bacarmalıdır. Bu yanaşma Azərbaycanın dini siyasətinin əsas xüsusiyyətlərindən biridir.
Bu baxımdan Azərbaycanda İslam dəyərlərinin qorunması iki mühüm istiqamətdə özünü göstərir - bir tərəfdən məscidlərin, dini abidələrin və İslam irsinin bərpası, digər tərəfdən isə dini tolerantlığın və müxtəlif konfessiyalar arasında qarşılıqlı hörmət mühitinin qorunması.
Azərbaycanda son illərdə məscidlərin tikilməsi, yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən layihələr dövlətin İslam irsinə münasibətinin mühüm göstəricilərindəndir. Bakıda Heydər məscidinin inşası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məscidin açılışında Prezident İlham Əliyev Azərbaycanda dini azadlıqların təmin edildiyini, məscidlərin, kilsələrin və sinaqoqların dövlət dəstəyi ilə tikilib-bərpa olunduğunu vurğulamışdı. Həmin çıxışda son illərdə ölkədə yüzlərlə məscidin tikildiyi və ya əsaslı təmir edildiyi, Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı məscidi kimi tarixi-dini abidələrin bərpa olunduğu qeyd edilmişdi. Bu prosesin əhəmiyyəti yalnız dini ibadət məkanlarının yenilənməsi ilə ölçülə bilməz. Məscidlər Azərbaycan tarixinin, şəhər mədəniyyətinin və memarlıq irsinin ayrılmaz hissəsidir. Onların bərpası, əslində, xalqın tarixi yaddaşının qorunması deməkdir.
Bu yanaşma işğaldan azad edilmiş ərazilərdə daha aydın şəkildə görünür. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq siyasətində tarixi-dini abidələrin bərpası mühüm yer tutur. Şuşada Yuxarı Gövhər Ağa məscidinin bərpası, Aşağı Gövhər Ağa məscidində aparılan işlər bu siyasətin konkret nümunələridir.
Ağdam Cümə məscidinin bərpadan sonra istifadəyə verilməsi də xüsusi məna daşıyır. XIX əsrin ikinci yarısında inşa edilmiş bu məscid işğal dövründə ciddi dağıntılara məruz qalmışdı. 2024-cü ildə bərpa işləri başa çatdırılaraq məscid əvvəlki memarlıq görkəminə qaytarılıb.
Şuşada 17 məsciddən 16-sının dağıdıldığı nəzərə alınarsa, bu bərpa layihələrinin yalnız tikinti və abadlıq layihələri olmadığı aydın görünür. Burada məqsəd həm də Azərbaycan xalqının Qarabağdakı çoxəsrlik dini-mədəni irsinin yenidən canlandırılmasıdır.
Azərbaycan modelinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, İslam dəyərlərinin qorunması dini ayrı-seçkiliklə müşayiət olunmur. Əksinə, dövlət siyasətində İslam irsinə qayğı digər dinlərin və konfessiyaların hüquqlarına hörmətlə paralel həyata keçirilir.
Heydər məscidinin açılışında Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda məscidlərlə yanaşı, pravoslav və katolik kilsələri, sinaqoqlar da dövlət dəstəyi ilə tikilir və bərpa edilir. Bu siyasət Azərbaycanda dinlərarası münasibətlərin qarşıdurma deyil, əməkdaşlıq prinsipi üzərində qurulduğunu göstərir.
Bu, Azərbaycan üçün yalnız daxili sabitliyin qorunması vasitəsi deyil. Eyni zamanda, ölkənin beynəlxalq aləmə təqdim etdiyi mühüm təcrübədir. Azərbaycan özünü İslam dünyasının ayrılmaz hissəsi kimi təqdim etməklə yanaşı, müxtəlif dini və mədəni qrupların dinc yanaşı yaşamasının mümkün olduğunu nümayiş etdirir.
Məhz buna görə Prezident İlham Əliyev Azərbaycanın təcrübəsini dünyaya təqdim etməyi vacib hesab edir. Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, dini liderlərin görüşləri və digər tədbirlər ölkənin bu sahədə təşəbbüskar mövqeyinin formalaşmasına xidmət edib.
İslam mədəniyyəti Azərbaycan üçün keçmişin yadigarı deyil. Bu mədəniyyət ölkənin müasir milli kimliyinin də tərkib hissəsidir. Ona görə İslam irsinin qorunması tarixi abidələrin saxlanılmasından daha geniş məna daşıyır: bu, milli yaddaşın gələcək nəsillərə ötürülməsidir.
Azərbaycanın İslam həmrəyliyi istiqamətində siyasətinin ən mühüm nümunələrindən biri 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsidir.
Prezident İlham Əliyevin sərəncamında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, İSESKO və digər müsəlman ölkələrini birləşdirən qurumlarla qarşılıqlı faydalı əlaqələr qurduğu, tolerantlıq və multikulturalizm mühitinin formalaşmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa, İslam dəyərlərinin dünyada təbliğinə töhfələr verdiyi vurğulanırdı. Həmin sərəncamda Bakı və Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də bu siyasətin mühüm istiqamətləri kimi göstərilirdi.
2017-ci il bununla kifayətlənmədi. Həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. 50-dən çox ölkədən idmançıların iştirak etdiyi yarışlar İslam dünyasının müxtəlif coğrafiyalarını bir araya gətirdi. Azərbaycan paytaxtı bu dəfə siyasi danışıqların deyil, idmanın, dostluğun və sağlam rəqabətin dili ilə həmrəylik mesajı verdi.
İdmanın belə bir missiya üçün seçilməsi də təsadüfi deyildi. İdman dini, milli və siyasi fərqlərdən asılı olmayaraq insanları bir araya gətirə bilən universal vasitədir. “Bakı-2017” bu mənada İslam həmrəyliyinin praktiki modelinə çevrildi. Azərbaycan Prezidentinin həmin dövrdə qeyd etdiyi kimi, məqsəd müsəlman ölkələrinin nümayəndələrinin Bakıda bir-biri ilə daha sıx əlaqələr qurması və İslam aləminin birliyinin nümayiş etdirilməsi idi.
İslam həmrəyliyi məsələsi Azərbaycanın xarici siyasətində də mühüm yer tutur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən birinə çevrilib. Ölkənin təşəbbüsü ilə İƏT Gənclər Forumu, Əmək Mərkəzi və jurnalistlər assosiasiyası kimi qurumların yaradılması Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyinin göstəricilərindəndir.
Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf edib. İƏT çərçivəsində Azərbaycan öz milli maraqları ilə yanaşı, müsəlman ölkələrini narahat edən məsələlərdə ümumi mövqenin formalaşdırılmasına da çalışıb.
Bu proses Qarabağ məsələsində xüsusilə əhəmiyyətli idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğal siyasətini pisləyən mövqelər nümayiş etdirib. Azərbaycan da öz növbəsində təşkilatın müxtəlif təşəbbüslərini dəstəkləyib. Prezident İlham Əliyev İƏT ilə münasibətləri qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq kimi xarakterizə edib.
Bu qarşılıqlı münasibətlər onu göstərir ki, İslam həmrəyliyi Azərbaycan üçün yalnız ideoloji və ya dini anlayış deyil. Bu, beynəlxalq münasibətlərdə qarşılıqlı dəstək, ədalət, suverenliyə hörmət və ümumi maraqlar ətrafında əməkdaşlıq prinsipidir.
Azərbaycanın İslam həmrəyliyi siyasətinin başqa bir mühüm istiqaməti İslamofobiyaya qarşı mübarizədir. Son illərdə dünyanın müxtəlif yerlərində İslam dininə, müsəlmanlara və İslam müqəddəslərinə qarşı ayrı-seçkilik, nifrət və təhqir halları müşahidə olunub. Azərbaycan bu proseslərə dəfələrlə etiraz edib və İslam dininin sülh, mərhəmət, qardaşlıq və xeyirxahlıq mahiyyətinin dünyaya düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
Burada Azərbaycanın mövqeyinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, islamofobiyaya qarşı mübarizə başqa dinlərə qarşı dözümsüzlük çağırışı ilə əvəz olunmur. Əksinə, Azərbaycan bütün dinlərə hörmət prinsipini müdafiə edir. Bu isə İslam həmrəyliyini sivilizasiyalararası qarşıdurma deyil, qarşılıqlı hörmət və dialoq platforması kimi təqdim etməyə imkan verir.
Azərbaycanın İslam dünyasındakı rolu son illərdə yeni məzmun qazanıb. Ölkə öz dini və milli kimliyini qorumaqla yanaşı, başqa dinlərə və mədəniyyətlərə hörmətin mümkün olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın dünyaya verdiyi ən mühüm mesajlardan biridir.
İslam dəyərlərinin qorunması məscidlərin bərpası ilə başlayır, lakin bununla bitmir. Bu dəyərlər ədalətdə, mərhəmətdə, insan ləyaqətinə hörmətdə, ailəyə və böyüyə ehtiramda, ehtiyacı olana yardımda, sülhə və barışa çağırışda özünü göstərir. Azərbaycan öz siyasətində məhz bu ümumbəşəri məzmunu ön plana çıxarmağa çalışır.
Beləliklə, Prezident İlham Əliyevin İslam həmrəyliyinə dair fikirləri ardıcıl və çoxşaxəli siyasətin ifadəsidir. Bu siyasətin bir tərəfində Azərbaycan xalqının İslam dini ilə bağlı zəngin tarixi-mədəni irsi, digər tərəfində isə müasir dövlətin tolerantlıq, multikulturalizm və dinlərarası dialoq təcrübəsi dayanır.
Azərbaycanın İslam dünyasına verdiyi töhfələr Bakı və Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsindən “İslam Həmrəyliyi İli”nə, “Bakı-2017”dən İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları ilə əməkdaşlığa, İslam irsinin Avropada və dünyada təbliğindən Qarabağdakı məscidlərin bərpasına qədər geniş bir mənzərə yaradır. Bu mənzərə Azərbaycanın İslam həmrəyliyini yalnız sözlə deyil, konkret addımlarla dəstəklədiyini göstərir.
Bu gün qarşıda duran əsas vəzifə həmin siyasəti daha da inkişaf etdirməkdir. Qarşıdakı Bakı Zirvəsi bu baxımdan mühüm tarixi imkan yaradır. Azərbaycan öz təcrübəsini İslam dünyasının digər ölkələri ilə bölüşə, fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çağırış edə, humanitar əməkdaşlığın genişləndirilməsini təşviq edə və İslam dünyasının ortaq maraqları ətrafında yeni həmrəylik platformalarının yaradılmasına töhfə verə bilər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, İslam ölkələri arasında müharibələr, qarşıdurmalar və parçalanmalar olmamalıdır. Bu fikir Azərbaycanın İslam həmrəyliyi siyasətinin əsas fəlsəfəsini ifadə edir. Çünki İslam həmrəyliyi, ilk növbədə, ortaq dəyərlərin, tarixin və mənəvi bağların siyasi qarşıdurmalardan üstün tutulması deməkdir.
Azərbaycanın bu istiqamətdəki fəaliyyəti göstərir ki, İslam dünyasında həmrəylik mümkündür. Bunun üçün siyasi iradə, qarşılıqlı hörmət, dialoq və etimad lazımdır. Azərbaycan öz tarixindən, milli-mənəvi dəyərlərindən və müasir dövlətçilik təcrübəsindən çıxış edərək məhz belə bir yanaşmanı müdafiə edir.
Bakının 2027-ci ildə İslam dünyasının liderlərini bir araya gətirəcəyi Zirvə də buna görə sıradan toplantı olmayacaq. Bu, Azərbaycan üçün yalnız beynəlxalq tədbir deyil, illərdir həyata keçirilən İslam həmrəyliyi siyasətinin növbəti mühüm mərhələsi olacaq. Əsas hədəf isə dəyişməz qalır: İslam dünyasında sülhün, qarşılıqlı etimadın və birliyin gücləndirilməsi, İslamın zəngin mənəvi və humanist dəyərlərinin dünyaya daha doğru çatdırılması və müxtəlif sivilizasiyalar arasında dialoqa yeni töhfələr verilməsi.
Azərbaycanın bu missiyadakı üstünlüyü ondadır ki, ölkə həm İslam dünyasının tarixi-mədəni irsinin daşıyıcısı, həm də müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşamasını öz təcrübəsində nümayiş etdirən müasir dövlətdir. Məhz bu iki xüsusiyyət Azərbaycanın Prezidentin ifadə etdiyi kimi, İslam dünyasında birləşdirici rol oynamaq imkanlarını daha da artırır.
Günel Babayeva
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan MR Perinatal Mərkəzin əməkdaşı, VIII Qurultayın iştirakçısı