YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər davam etdirilir. Növbəti tədbir Aşağı Kürkənd və Noxudlu kənd ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsinin siyasi əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərini, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsini və milli maraqların qorunmasını əhatə etdiyini bildirib. Qeyd olunub ki, əldə edilən tarixi Zəfərin qorunması, Azərbaycanın iqtisadi və müdafiə potensialının gücləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sitarə Təhməzova, Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin direktrou Könül Nuriyeva və Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Məlakə Məlikova çıxışlarında dövlət siyasətinin həyata keçirilməsində təhsilin roluna toxunublar. Bildirilib ki, gənc nəslin milli dövlətçilik ruhunda formalaşdırılması, şagirdlərə müstəqil Azərbaycanın tarixi nailiyyətlərinin aşılanması və onlarda vətənə bağlılıq hissinin gücləndirilməsi təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında diqqətə çatdırılan məsələlərin təhsil sahəsində çalışanlar üçün də mühüm istiqamət təşkil etdiyi qeyd olunub.
Ərazi partiya təşkilatlarının sədrləri İlkin Kərimov və Əli Nəcəfov isə çıxışlarında VIII Qurultayın qarşıya qoyduğu vəzifələrin yerli səviyyədə həyata keçirilməsində partiya üzvlərinin fəallığının, siyasi məsuliyyətinin və həmrəyliyinin əhəmiyyətini vurğulayıblar. Onlar milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği və partiya sıralarında birliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin ardıcıl davam etdirilməsinin vacibliyini bildiriblər.
Tədbir ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri və qurultaydan irəli gələn vəzifələrin icrası ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.