Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakçı olmaq mənim üçün həyatımın unudulmaz, şərəfli və sonsuz qürur doğuran anlarından biri oldu. Bu mötəbər tədbirin ab-havasını canlı görmək, xalqımızın və dövlətimizin taleyində müstəsna rol oynayan doğma partiyamızın böyük siyasi prosesinin bir parçası olmaq mənə misilsiz bir qürur hissi bəxş etdi. Qəlbimi dolduran bu dərin təəssüratlar və qürur hissi ilə yaddaşımda əbədi həkk olunan bu qurultay ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və gələcək strateji hədəflərin əsl təntənəsidir.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ideologiyasına və siyasi fəlsəfəsinə əsaslanan bu mötəbər tədbir cəmiyyətin bütün mütərəqqi qüvvələrinin qətiyyət və həmrəylik ətrafında necə sıx birləşdiyini bir daha nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra reallaşan bu qurultay Cənubi Qafqazın ən qüdrətli siyasi qüvvəsinin yeni geosiyasi reallıqlardakı missiyasını və hədəflərini müəyyənləşdirən mühüm ideoloji manifestdir. İkinci Qarabağ müharibəsinin şanlı nəticələri – əbədi bayramımız olan 8 Noyabr Zəfəri və separatizmin kökünü kəsən 20 Sentyabr tarixi qələbəsi xalqımızın əyilməz iradəsinin və dövlətimizin gücünün sübutudur. Keçmiş Minsk qrupunun və bədniyyətli xarici dairələrin dondurma siyasətinə, açıq və bağlı qapılar arxasında göstərilən güclü təzyiqlərə baxmayaraq, xalq-iqtidar birliyi bütün maneələri alt-üst etmişdir. Bu gün Azərbaycan heç bir kənar təsirə boyun əymədən, milli maraqlarını qətiyyətlə qoruyan, regional və qlobal miqyasda söz sahibinə çevrilmiş müstəqil dövlətdir. Yeni Azərbaycan Partiyasının səkkizinci qurultayı həm də gələcək nəsillər üçün sabitlik, təhlükəsizlik, iqtisadi tərəqqi və davamlı inkişafın təminatçısı kimi ölkəmizi daha uca zirvələrə aparan etibarlı siyasi xəttin sarsılmazlığının növbəti təsdiqidir.
Azərbaycan dövlətçiliyinin müasir tarixi xalqımızın taleyində dönüş yaradan bir neçə mərhələdən keçmişdir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən ölkəmiz ilk illərdə səriştəsiz rəhbərlik, daxili çəkişmələr, xaos və anarxiya ucbatından demək olar ki, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Torpaqların işğal olunması, iqtisadiyyatın tamamilə çökməsi və vətəndaş qarşıdurması riski cəmiyyəti çıxılmaz vəziyyətə salmışdı. Məhz belə ağır bir tarixi sınaq dövründə – 1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Partiyanın yaradılması sadəcə siyasi bir təşkilatın meydana gəlməsi deyil, xilas missiyasını öz üzərinə götürən xalq hərəkatının başlanğıcı idi. 1993-cü ilin oktyabrında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev daxili sabitliyi bərpa etdi, qardaş qırğınına son qoydu və ölkəni inkişaf relsinə oturtdu. "Əsrin kontraktı" ilə başlanan neft strategiyası, beynəlxalq əlaqələrin qurulması və ordu quruculuğunun təməlinin qoyulması Azərbaycanın gələcək qələbələrinin bünövrəsini yaratdı.
2003-cü ildən etibarən bu siyasi xətt cənab İlham Əliyev tərəfindən uğurla, böyük uzaqgörənliklə və dinamizmlə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən regionun lider dövlətinə çevrildi, güclü maliyyə resursları formalaşdırıldı və ölkənin valyuta ehtiyatları strateji hədlərə çatdırıldı. Eyni zamanda, ordu quruculuğu dövlət siyasətinin hər zaman prioritet istiqaməti oldu. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş hazırlığına və mənəvi-psixoloji üstünlüyə malik Azərbaycan Ordusu 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində otuz illik işğala son qoydu.
Bu zəfərin əldə olunmasında xalqın yekdil iradəsi və Liderin dəmir iradəsi halqaları birləşdirdi. Müharibənin gedişində qlobal güclərin və ermənipərəst lobbilərin göstərdiyi böyük təzyiqlər, ikili standartlar və informasiya blokadası Azərbaycanın haqq səsini boğa bilmədi. Keçmiş ATƏT-in Minsk qrupu otuz il ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmamış, əksinə, işğal faktorunu əbədiləşdirməyə və status-kvonu saxlamağa çalışmışdı. Lakin Azərbaycan dövləti öz gücünə və beynəlxalq hüquqa əsaslanaraq BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü icra etdi. 8 Noyabr – Şuşanın azad olunması ilə taclanan bu qələbə tariximizə əbədi həkk olundu. 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı isə ölkəmizin suverenliyini tam təmin etdi, suveren ərazilərimizdə baş qaldırmağa çalışan istənilən separatizm cəhdinə birdəfəlik son qoydu.
VIII Qurultay bu tarixi reallıqlar fonunda Azərbaycanın qarşısında duran yeni strateji hədəfləri və vəzifələri müəyyənləşdirdi. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş torpaqların bərpası, "Böyük Qayıdış" proqramının uğurla icrasıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, müasir infrastruktur layihələri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları Azərbaycanın qurucu ruhunu nümayiş etdirir. Qısa müddət ərzində milyonlarla mina təmizlənmiş, yollar, körpülər, hava limanları, məktəblər və xəstəxanalar inşa edilmiş, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunmuşdur.
İqtisadi müstəqillik və təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzindədir. Azərbaycan bu gün təkcə enerji təhlükəsizliyinin deyil, həm də nəqliyyat-tranzit dəhlizlərinin – Şərq-Qərb və Şimal-Cənub xəttlərinin əsas iştirakçısı və təminatçısıdır. Dövlətin xarici borcunun ÜDM-in çox cüzi bir hissəsini təşkil etməsi, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi ölkəmizin iqtisadi dayanıqlığının və maliyyə təhlükəsizliyinin əyani sübutudur. Gələn il üçün nəzərdə tutulan sosial ödənişlərin, pensiya və əməkhaqlarının artırılması bir daha təsdiq edir ki, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Xarici siyasət müstəvisində isə Azərbaycan tam müstəqil, milli maraqlara əsaslanan və heç bir kənar güc mərkəzindən asılı olmayan ləyaqətli kurs həyata keçirir. Dünyanın supergücləri və regional tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər ölkəmizin beynəlxalq nüfuzunu zirvələrə qaldırmışdır. Orta Asiya dövlətləri ilə qardaşlıq əlaqələrinin dərinləşməsi, Qoşulmama Hərəkatındakı uğurla sədrliyimiz və qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə (COP29 kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə) oynadığımız liderlik rolu Azərbaycanın qlobal aktor statusunu möhkəmləndirmişdir.
Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha sübut etdi ki, xalqımızın və dövlətimizin gələcəyi etibarlı əllərdədir. Siyasi qətiyyət, ideoloji bütövlük, iqtisadi qüdrət və xalq-iqtidar birliyi Azərbaycanın qarşısında duran bütün maneələri aşmağa, hədəflərinə çatmağa tam imkan verir. Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanan və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edən Azərbaycan dövləti hər zaman qalib, güclü və suveren olaraq qalacaqdır.
Turanə Atakişiyeva
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 5 saylı tam orta məktəbin müəllimi, VIII Qurultayın iştirakçısı