Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin siyasi, ictimai və sosial-iqtisadi həyatında yeni bir inkişaf mərhələsinin təməlini qoymuş müstəsna tarixi hadisədir. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli və dərin məzmunlu çıxışı təkcə ölkənin aparıcı siyasi qüvvəsinin fəaliyyət istiqamətlərini deyil, bütövlükdə dövlətimizin yaxın və uzunmüddətli dövr üçün strateji inkişaf xəritəsini aydın şəkildə müəyyən etmişdir.
Dövlət başçısının konseptual çıxışında xüsusi vurğulanan ən mühüm məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin tarixi və geosiyasi əhəmiyyəti idi. Prezident İlham Əliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyası yaranma tarixindən etibarən Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına və siyasi irsinə sədaqətlə xidmət edərək ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, iqtisadi potensialının artırılmasında və beynəlxalq nüfuzunun yüksəlməsində həlledici rol oynamışdır. Bu gün zəfər çalmış, öz gücünü dünyaya sübut etmiş bir xalqın siyasi avanqardı kimi YAP-ın üzərinə daha böyük, məsuliyyətli və tarixi vəzifələr düşür.
Azad edilmiş ərazilərin sürətli bərpası, müasir layihələrinin icrası, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli qaytarılması əsas strateji hədəf kimi qoyulmuşdur. Eyni zamanda, milli təhlükəsizlik və müdafiə sisteminin daha da təkmilləşdirilməsi, ordunun döyüş qabiliyyətinin modernləşdirilməsi və sərhədlərimizin etibarlı qorunması dövlətin dəyişməz siyasəti kimi önə çəkilmişdir.
İqtisadi sahədə qeyri-neft sektorunun sürətli inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli istehsalın dəstəklənməsi və innovativ texnologiyaların tətbiqi vacib şərtlər sırasında yer alır. Dövlət başçısı xüsusi olaraq bəyan etmişdir ki, qazanılmış nailiyyətlərlə kifayətlənmək olmaz; müasir dünyanın qlobal çağırışlarına adekvat cavab vermək üçün daim yenilənmə, rəqəmsallaşma, idarəetmədə şəffaflıq və effektivlik prinsipləri fəaliyyətin əsasını təşkil etməlidir.Gənclərin ictimai-siyasi proseslərə fəal cəlb edilməsi, onların elmi-intellektual potensialından səmərəli istifadə olunması və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi dövlət siyasətinin prioritetləri arasındadır.
Yekun olaraq, Prezident İlham Əliyevin VIII Qurultaydakı dərin təhlilə əsaslanan çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti sarsılmaz milli iradəyə, aydın strategiyaya və gələcəyə yönəlmiş böyük vizyona malikdir. Yaxın gələcəkdə icra olunacaq layihələr, həyata keçirilən kadr və struktur islahatları ölkəmizin beynəlxalq müstəvidəki mövqelərini daha da möhkəmləndirəcək, milli birliyimizi gücləndirəcək və vətəndaşlarımızın rifah halının yüksəlməsinə xidmət edəcəkdir.
Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı