Çox vaxt bir siyasi təşkilatın tarixini yalnız onun qazandığı seçki nəticələri və əldə etdiyi siyasi mövqe ilə ölçürlər. Yeni Azərbaycan Partiyasının siyasi salnaməsi bu göstəricilərdən daha böyük məna daşıyır. Partiyamızın siyasi səhnəyə çıxdığı vaxt ölkənin qarşısında sabitlikdən daha çox qeyri-müəyyənlik, inkişafdan daha çox böhran, gələcəyə inamdan daha çox narahatlıq var idi.
1992-ci il Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi qarşıdurma dərinləşir, cəmiyyətin müxtəlif təbəqələrində gələcəyə dair ciddi narahatlıq yaranır, torpaqlarımız işğal olunur, sosial-iqtisadi vəziyyət ağırlaşırdı. Məhz belə bir şəraitdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciəti siyasi zərurətin ifadəsinə çevrildi. 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı isə həmin zərurəti siyasi təşkilata çevirdi. 550 nümayəndənin iştirakı ilə yaradılan YAP-a Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi partiyanın gələcək siyasi xəttini müəyyənləşdirdi. YAP-ın yaranma şəraiti onun sonrakı inkişafının mahiyyətini anlamaq üçün xüsusilə əhəmiyyətlidir. Bu, rahat siyasi mühitdə yaradılmış, hazır imkanlara söykənən təşkilat deyildi. Naxçıvanda keçirilən təsis konfransının özü belə dövrün çətinliklərinin simvoluna çevrilmişdi. O günlərdə maddi imkanların məhdudluğu, siyasi təzyiqlər və ölkədəki ümumi qeyri-sabitlik fonunda partiyanın yaradıcıları böyük bir siyasi məsuliyyəti öz üzərlərinə götürmüşdülər. Lakin onları birləşdirən əsas amil vəzifə və siyasi maraqdan daha böyük idi - Azərbaycanın dövlətçiliyinin qorunması və ölkənin düşdüyü böhrandan çıxarılması. Partiyanın tarixində ən mühüm dönüşlərdən biri 1993-cü ildə baş verdi. Ölkənin parçalanmaq və vətəndaş qarşıdurmasına sürüklənmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində yeni səhifə açdı. 15 iyun Milli Qurtuluş Günü kimi tarixə düşdü, 3 oktyabr prezident seçkiləri ilə isə YAP siyasi hakimiyyətin əsas dayaqlarından birinə çevrildi. Beləliklə, müxalifət partiyası kimi yaranan YAP qısa müddətdə dövlət idarəçiliyinin və ölkənin siyasi həyatının aparıcı qüvvəsinə çevrilməyə başladı. Burada YAP-ın keçdiyi yolu yalnız partiyanın öz tarixi kimi təqdim etmək doğru olmaz. Çünki partiyanın siyasi yüksəlişi Azərbaycanın dövlət quruculuğu prosesi ilə paralel getdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun əsaslarının formalaşdırılması və iqtisadi inkişaf üçün zəmin yaradılması YAP-ın siyasi mövqeyini də möhkəmləndirdi. Partiya tədricən ayrı-ayrı siyasi fəalların ətrafında birləşən təşkilatdan ümummilli siyasi dayağa çevrildi. Sonrakı illərdə bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazandı. YAP artıq yalnız ölkənin mürəkkəb keçid dövründən çıxmasına siyasi dəstək verən təşkilat deyildi. O, modernləşən, iqtisadi və sosial baxımdan inkişaf edən, beynəlxalq mövqelərini möhkəmləndirən Azərbaycanın siyasi dayaqlarından birinə çevrildi. Partiyanın uzunmüddətli siyasi fəaliyyətində ən mühüm xüsusiyyətlərdən biri də məhz dəyişən zamanın tələblərinə uyğunlaşaraq əsas strateji xəttini qoruması oldu.
Bu gün Yeni Azərbaycan Partiyasının siyasi çəkisini yalnız üzvlərinin çoxluğu və seçkilərdə qazandığı nəticələrlə izah etmək kifayət deyil. Partiyamızın gücü onun otuz ildən artıq müddətdə formalaşdırdığı siyasi ənənədə, təşkilatlanma imkanlarında, cəmiyyətlə əlaqəsində və ən başlıcası, dövlətçilik xəttinə bağlılığında özünü göstərir. YAP yarandığı ağır şəraitdən çıxaraq Azərbaycanın siyasi həyatının əsas aparıcı qüvvəsinə çevrilib və bu gün artıq Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Bu mənada 2 oktyabr 2026-cı ildə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayın mahiyyəti əvvəlki qurultaylardan fərqlənir. Çünki bu dəfə söhbət yalnız görülmüş işlərin hesabatından getmir. Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, ölkənin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açılıb. Azərbaycan Respunlikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda vurğuladığı kimi, partiyanın fəaliyyəti və siyasi xətti artıq təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır. Əslində, VIII Qurultay YAP-ın keçdiyi yolun məntiqi nəticəsidir. 1992-ci ildə ağır siyasi böhran şəraitində Naxçıvanda yaranan partiya bu gün Azərbaycanın Zəfər qazanmış, suverenliyini tam bərpa etmiş və regionda yeni reallıqlar formalaşdıran dövlətinin aparıcı siyasi təşkilatıdır. Bir vaxtlar dövlətin gələcəyi üçün narahatlıq keçirən insanların yaratdığı siyasi təşkilat bu gün dövlətin gələcəyinin daha da möhkəmləndirilməsi üçün yeni hədəfləri müzakirə edir. Bu dəyişimin özü Yeni Azərbaycan Partiyasının tarixinin ən mühüm göstəricilərindən biridir. VIII Qurultayın əsas siyasi mənası da məhz buradadır - YAP öz tarixinin ən çətin mərhələlərindən keçərək qazandığı siyasi gücü yeni dövrün tələblərinə uyğunlaşdırmaq mərhələsinə qədəm qoyur. Zəfərdən sonra qarşıda dayanan əsas vəzifə əldə olunan nəticələri qorumaqla yanaşı, Azərbaycanın yeni inkişaf mərhələsini daha da sürətləndirmək, milli həmrəyliyi möhkəmləndirmək, gənc nəslin siyasi proseslərdə fəallığını artırmaq və dövlətçilik ideyasını yeni nəsillərə ötürməkdir. Bu baxımdan VIII Qurultay bir tarixin yekun nöqtəsi deyil. Əksinə, 1992-ci ildə ağır və məşəqqətli şəraitdə başlayan böyük siyasi yolun yeni mərhələyə keçididir. Dünən ölkəni böhrandan çıxarmaq üçün meydana gələn Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın gücünü daha da artırmaq, əldə olunmuş Zəfəri davamlı inkişafa çevirmək məsuliyyəti ilə üz-üzədir.
Partiyamızın keçdiyi yolun ən böyük dərsi isə budur - siyasi təşkilatın əsl gücü yalnız sayında deyil, tarixin ən çətin anlarında hansı mövqedə dayanmasında və zaman dəyişdikcə milli maraqlara xidmət edən siyasi xətti qoruyub saxlaya bilməsindədir. Yeni Azərbaycan Partiyasının 1992-ci ildən bu günə qədər keçdiyi yol məhz belə bir siyasi davamlılığın nümunəsidir. VIII Qurultay isə bu davamlılığın yeni inkişaf mərhələsinə çevrilməsinin dəqiq siyasi ifadəsidir.
David Həsənov
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı