Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Bu, sadəcə idman tədbirlərinin təşkili deyil, ölkəmizin dünyada qazandığı etimadın, müasir infrastrukturunun və təşkilatçılıq imkanlarının göstəricisidir. Bakıda cüdo üzrə dünya çempionatının keçirilməsi də Azərbaycanın beynəlxalq idman məkanında möhkəmlənən mövqeyinin növbəti təsdiqidir.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, oktyabrın 5-də Milli Gimnastika Arenasında keçirilən açılış mərasimində Prezident İlham Əliyevin iştirakı dövlətimizin idmana və idmançılara göstərdiyi diqqətin bariz nümunəsidir:”Azərbaycanda idman yalnız medallar qazanmaq vasitəsi deyil, həm də sağlam nəslin yetişdirilməsi, gənclərin düzgün istiqamətləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi siyasətinin mühüm tərkib hissəsidir.Xüsusilə cüdonun Azərbaycanda böyük ənənələri var. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar təsadüfi deyil. Bunun arxasında illərlə aparılan sistemli iş, yaradılan şərait və dövlət dəstəyi dayanır.Məsələnin digər maraqlı tərəfi idmanın diplomatik gücüdür. Bəzən idman meydanında qurulan körpülər siyasi danışıqlar masasında qurulan körpülərdən daha təsirli olur. Dünyanın müxtəlif ölkələrindən idmançıların Bakıda bir araya gəlməsi Azərbaycanın həm də sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin ünvanı olduğunu göstərir.Bu gün Azərbaycan yalnız böyük yarışlarda iştirak edən deyil, həmin yarışların keçirilmə standartlarını müəyyən edən ölkələrdən biri olmağa iddialıdır. Ən əsası isə odur ki, beynəlxalq idman tədbirləri başa çatır, lakin onların yaratdığı infrastruktur, qazandırdığı təcrübə və ölkəmiz haqqında formalaşdırdığı müsbət təəssürat qalır.Azərbaycanın idman siyasətində əsas uğur da məhz budur: qazanılan nəticələr təkcə medal cədvəlində deyil, ölkənin beynəlxalq nüfuzunda da öz əksini tapır”.
Müəllif: Günay Hacıyeva