Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar və yeniyetmələr arasında piylənmənin artması ilə əlaqədar ilk qlobal təlimatlarını açıqlayıb. Yeni sənədlərdə uşaqlarda piylənmənin yalnız çəki problemi kimi deyil, uzunmüddətli sağlamlığa təsir göstərə bilən xroniki xəstəlik kimi idarə olunması tövsiyə edilir. ÜST-nin məlumatına görə, 2024-cü ildə dünyada 5–19 yaş arasında təxminən 400 milyon uşaq və yeniyetmə artıq çəkiyə malik olub. Onların 170 milyonu piylənmə ilə yaşayır. Bu yaş qrupunda piylənmənin yayılması 1990-cı ildən 2024-cü ilə qədər 2 faizdən 8 faizə yüksəlib.
ÜST uşaqlarda piylənmənin müalicəsində əsas diqqətin sağlam qidalanma, fiziki aktivlik və davranış dəyişikliklərinə yönəldilməsini tövsiyə edir. Təşkilatın mövqeyinə görə, bu tədbirlər ayrı-ayrılıqda və ya birlikdə, uşağın və ailəsinin ehtiyaclarına uyğun şəkildə həyata keçirilməlidir. Rəqəmsal sağlamlıq proqramlarından da valideyn və ya digər məsul şəxsin nəzarəti ilə istifadə oluna bilər.
Yeni təlimatın diqqət çəkən məqamlarından biri də dərman müalicəsi ilə bağlıdır. ÜST 10 yaşdan kiçik uşaqlarda piylənməyə qarşı dərman müalicəsini, bariatrik cərrahiyyəni və çəki azaltmağa yönəlmiş tibbi cihazları tövsiyə etmir. Bu yaş qrupunda əsas yanaşma qidalanma, fiziki aktivlik və davranış dəyişikliklərini əhatə edən kompleks dəstəkdir.
10–19 yaşlı yeniyetmələrdə isə vəziyyət fərqlidir. ÜST təsdiqlənmiş piylənmə dərmanlarının yalnız nəzarət altında həyata keçirilən qidalanma, fiziki aktivlik və davranış proqramları kifayət qədər nəticə vermədikdə nəzərdən keçirilə biləcəyini bildirir. Ağır piylənməsi olan bəzi yeniyetmələrdə cərrahi müalicə də müəyyən şərtlərlə nəzərdən keçirilə bilər. Lakin ÜST bu yanaşmaların mütəxəssis nəzarəti altında və fərdi qiymətləndirmə əsasında aparılmasını vurğulayır.
ÜST bildirir ki, uşaqlarda piylənmənin nəticələri gələcəkdə 2-ci tip diabet və ürək-damar xəstəlikləri də daxil olmaqla müxtəlif sağlamlıq problemlərinin riskini artıra bilər. Bununla yanaşı, piylənmə ilə yaşayan uşaqlar sosial damğalanma, ayrı-seçkilik və bullinqə də məruz qala bilirlər. Buna görə yeni təlimatlarda uşağın psixoloji və sosial rifahının da nəzərə alınması tövsiyə olunur.
ÜST hesab edir ki, yalnız fərdi müalicə ilə uşaqlıq piylənməsinin qlobal artımını dayandırmaq mümkün deyil. Bunun üçün sağlam qidaların daha əlçatan və münasib qiymətə olması, uşaqlar üçün təhlükəsiz fiziki aktivlik imkanlarının artırılması, məktəblərdə sağlam qidalanma mühitinin yaradılması və uşaqlara yönəlmiş qeyri-sağlam qida reklamlarının məhdudlaşdırılması kimi daha geniş tədbirlər də vacibdir.
ÜST-nin yeni yanaşmasının əsas mesajı belədir: uşaqlarda piylənmənin müalicəsi yalnız çəki azaltmaqdan ibarət olmamalı, uşağın ümumi sağlamlığını, gündəlik fəaliyyətini və həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlməlidir.
Lalə Mehralı
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...