Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşündəki çıxışı ölkəmizin Türkmənistanla və bütövlükdə Mərkəzi Asiya regionu ilə əlaqələrinin mühüm istiqamətlərini əhatə edir. Dövlət başçısının çıxışında siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti, xalqlarımız arasında tarixi-mədəni yaxınlıq, azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi və regional əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutub.
Azərbaycan ilə Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad, mehriban qonşuluq və ortaq tarixi-mədəni dəyərlər əsasında inkişaf edir. Xəzər dənizinin iki sahilində yerləşən bu dövlətləri yalnız coğrafi yaxınlıq deyil, həm də ortaq tarix, dil və mədəniyyət, ənənələr və xalqlarımız arasında mövcud olan mənəvi bağlılıq birləşdirir. Bu amillər ikitərəfli münasibətlərin möhkəm təməlini təşkil etməklə yanaşı, ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün də əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Məşvərət görüşündə səsləndirdiyi fikirlər Azərbaycan–Türkmənistan əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, son illərdə Azərbaycan–Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini və əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağı nümayiş etdirir.
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə tarixi və mədəni bağlılığımız olan ölkələrlə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur. Türkmənistanla münasibətlər də bu siyasətin vacib istiqamətlərindən biridir. İki ölkənin dövlət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və keçirilən görüşlər əməkdaşlığın gündəliyini zənginləşdirir, müxtəlif sahələrdə birgə fəaliyyət üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin VIII Məşvərət görüşündə iştirak etməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha geniş regional əməkdaşlıq müstəvisinə keçdiyini göstərən mühüm hadisədir. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması ölkəmizin regionla əlaqələrinin inkişafında yeni mərhələ açıb. Azərbaycanın bu əməkdaşlıq formatında iştirakı Xəzər dənizi ətrafında və daha geniş coğrafiyada iqtisadi, nəqliyyat və humanitar əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafı bu regional əməkdaşlığın mühüm tərkib hissəsidir. İki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi əldə olunmuş razılaşmaların həyata keçirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və qarşılıqlı faydalı layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkmənistan münasibətləri ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxaraq daha geniş regional tərəfdaşlığın bir hissəsinə çevrilir. Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi Xəzər hövzəsində iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına, xalqlar arasında dostluğun möhkəmlənməsinə və qarşılıqlı maraqlara əsaslanan yeni layihələrin həyata keçirilməsinə imkan yaradır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini