Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində (Avaza turizm zonasında) keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü, regionun iqtisadi və siyasi mənzərəsini köklü şəkildə dəyişən tarixi zirvə toplantılarından biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək, Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında formalaşan strateji tərəfdaşlığın institusional təməllərini, xüsusilə birgə maliyyə mexanizmlərinin oynadığı həlledici rolu xüsusi vurğuladı. Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvünə çevrilməsi diplomatik platformanı tamamlamışdırsa, yaradılan birgə investisiya fondları bu platformanın real iqtisadi dayağına çevrilmişdir.
Dövlət başçısının öz proqram xarakterli çıxışında diqqət çəkdiyi ən mühüm məqamlardan biri Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə təsis etdiyi birgə investisiya fondlarının fəaliyyəti idi. Hər birinin nizamnamə kapitalı yüz milyonlarla dollarla ölçülən bu fondlar, region ölkələrinin daxili maliyyə resurslarını səfərbər edərək qarşılıqlı sərmayə qoyuluşlarını stimullaşdıran müasir maliyyə institutlarıdır. Bu strateji kapital mexanizmləri kənar maliyyə bazarlarından və dəyişkən qlobal konyunkturadan asılılığı minimuma endirməyə, eyni zamanda daxili investisiya potensialı hesabına iri miqyaslı layihələri çevik şəkildə maliyyələşdirməyə imkan yaradır. Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi və tərəflər arasında ticarət dövriyyəsinin kəskin şəkildə artması məhz bu siyasətin səmərəliliyini təsdiqləyir.
Yaradılmış investisiya fondlarının fəaliyyət istiqamətləri bir neçə prioritet sektoru əhatə edir. Birincisi, bu fondlar daxili istehsal imkanlarını artırmağa xidmət edən sənaye kooperasiyasına yönəldilmişdir. Azərbaycan və Mərkəzi Asiya respublikalarında birgə sənaye parklarının, kənd təsərrüfatı emalı komplekslərinin və yüksək texnologiyalar müəssisələrinin yaradılması ölkələrin idxaldan asılılığını azaltmaqla yanaşı, üçüncü ölkələrin bazarlarına birgə çıxış imkanlarını genişləndirir. Bu yanaşma zəncirvari iqtisadi effekt yaradaraq həm yeni iş yerlərinin açılmasına, həm də regional əlavə dəyər zəncirinin möhkəmlənməsinə şərait yaradır.
İkincisi, birgə fondların resursları nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsinə xüsusi diqqət ayırır. Avrasiyanın mərkəzində yerləşən bu coğrafiya üçün Mərkəzi Dəhlizin (Orta Dəhliz) və Şimal-Cənub marşrutunun ötürücülük qabiliyyətinin artırılması həyati əhəmiyyət daşıyır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarının artırılması, Türkmənbaşı və Kurık limanları ilə inteqrasiyalı logistik mərkəzlərin qurulması birgə investisiya strategiyasının prioritet sahələridir. Tranzit prosedurlarının rəqəmsallaşdırılması və infrastrukturun uzlaşdırılması sayəsində Xəzər dənizi regionu qlobal yük axınlarının ən etibarlı və sürətli qovşağına çevrilməkdədir.
Üçüncüsü, energetika sektorunda, xüsusən bərpa olunan və "yaşıl enerji" sahəsində atılan addımlar birgə kapitalın gələcəyə hesablanmış miqyasını nümayiş etdirir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə Xəzər dənizinin dibi ilə "yaşıl enerji" koridorunun çəkilməsi layihəsi regionun enerji xəritəsini yenidən formalaşdırır. Bərpa olunan enerji mənbələrinin potesialından istifadə olunması və Avropa bazarlarına elektrik enerjisinin nəqli istiqamətində həyata keçirilən birgə təşəbbüslər maliyyə fondlarının ekoloji və strateji dəyərini artırır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına nəqlinin həcminin artması da bu iqtisadi zəncirin mühüm halqasıdır.
Həmçinin, bu investisiya modeli dövlətlər arasında institusional etimadın ən ali səviyyəsini əks etdirir. Azərbaycan ilə Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında qurulan maliyyə körpüləri gələcəkdə digər Mərkəzi Asiya ölkələrinin də bu formata qoşulması üçün açıq platforma rolunu oynayır. Zirvə görüşündə qeyd olunduğu kimi, Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcəyi barədə qərar rəsmi Bakının bu coğrafiyadakı birləşdirici və liderlik roluna verilən yüksək qiymətin göstəricisidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Türkmənbaşı sammitindəki çıxışı Azərbaycan və Mərkəzi Asiyanın sadəcə coğrafi və ya tarixi tərəfdaş olmadığını, həm də ortaq kapital, birgə investisiyalar və aydın iqtisadi hədəflər ətrafında birləşən monolit bir geoiqtisadi blok kimi formalaşdığını sübut etdi. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə təsis edilən investisiya fondları regionun iqtisadi müstəqilliyini möhkəmləndirir, Xəzər dənizinin hər iki sahilində dayanıqlı inkişafı, təhlükəsizliyi və xalqlarımızın firavanlığını təmin edən etibarlı təməl yaradır.
Uzaqgörən maliyyə-iqtisadi strategiyaya söykənən bu ortaq addımlar, eyni zamanda gələcək nəsillərin rifahına və Avrasiya məkanında uzunmüddətli sülhün bərqərar olmasına xidmət edir. Qlobal miqyasda iqtisadi təlatümlərin kəskinləşdiyi bir dövrdə Azərbaycan və Mərkəzi Asiyanın nümayiş etdirdiyi bu nümunəvi tərəfdaşlıq modeli, regionun böyük iqtisadi potensialını real inkişaf göstəricilərinə çevirməyə imkan verir. İnvestisiya fondlarının yaratdığı geniş imkanlar sayəsində formalaşan yeni strateji reallıq, həm Xəzər hövzəsinin, həm də bütövlükdə Türk dünyasının qlobal iqtisadi xəritədəki çəkisini və həlledici rolunu günbəgün artıracaqdır.
Jalə Fərəcli
YAP Ordubad rayon təşkilatı üzrə Peşə Liseyi ƏPT sədr müavini ,partiya fəalı