Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Peşə məktəbi” və “Kürkənd kənd” ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən və partiyanın fəaliyyətində yeni mərhələnin vəzifələrindən danışıb. Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəaların dərindən öyrənilməsinin və ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, üzvlərin təşəbbüskarlığının dəstəklənməsi və əhali ilə davamlı ünsiyyətin qurulmasının qarşıda duran mühüm vəzifələrdən olduğunu qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və ideoloji işin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik ənənələrinin təbliğində partiya üzvlərinin fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Maarifləndirici tədbirlərin məzmununun zənginləşdirilməsinin, ölkəmizin inkişafını və əldə olunan nailiyyətləri əks etdirən məlumatların əhaliyə aydın və dolğun şəkildə çatdırılmasının vacibliyini bildirib.
Neftçala Peşə Məktəbi PHŞ-nin direktoru Tarıyel Yaqubov və “Peşə məktəbi” ərazi partiya təşkilatının sədri Zakir Əliyev çıxış edərək VIII Qurultayın nəticələrindən irəli gələn vəzifələrin həyata keçirilməsində təhsil müəssisəsində çalışan partiya üzvlərinin rolundan bəhs ediblər. Peşə təhsilinin inkişafının, ixtisaslı kadr hazırlığının və əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılmasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətini vurğulayıblar. Partiya üzvlərinin həm peşə fəaliyyətində, həm də ictimai işlərdə fəallıq göstərməsinin, dövlətçilik dəyərlərinin təbliğinə töhfə verməsinin vacibliyini qeyd ediblər.