Oktyabrın 12-də YAP Samux rayon təşkilatının Alıuşağı, Zazalı, Qiyaslı və Tatlı ərazi partiya təşkilatlarında Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüşlər keçirilib.
Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas hədəflərini əks etdirməklə yanaşı, partiyanın bütün strukturları, o cümlədən yerli təşkilatları üçün də mühüm fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Gündüz Bayramov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyub. Bu reallıq qarşıya yeni məqsədlər qoyur və onların həyata keçirilməsi hər bir sahədə sistemli, ardıcıl və məsuliyyətli fəaliyyət tələb edir. VIII Qurultayda səsləndirilən fikirlərin və irəli sürülən vəzifələrin dərindən öyrənilməsi, onların partiya üzvləri arasında geniş izah olunması, gündəlik fəaliyyət zamanı rəhbər tutulması mühüm əhəmiyyət daşıyır.
Daha sonra tədbirlərdə çıxış edən partiya üzvləri Xatirə Əliyeva, Aygün Sarıyeva, Mehriban Məmmədova və digər natiqlər YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini və mühüm siyasi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd ediblər ki, VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji istiqamətlər partiyanın bütün yerli təşkilatları üçün mühüm fəaliyyət proqramıdır. Bu qərarların mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulması xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, Hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.