PDF Oxu

Siyasət

  • 477

Bakı-Pnompen tərəfdaşlığı: coğrafi məsafələri aşan ortaq maraqlar

image

Müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin yenidən şəkillənməsi və regional inteqrasiya meylləri xarici siyasətdə coğrafi baxımdan uzaq, lakin perspektivli tərəfdaşlarla birbaşa təmasların qurulmasını zəruri edir. Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasət kursunun mühüm prioritetlərindən biri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) məkanı ilə əlaqələrin sistemli şəkildə dərinləşdirilməsidir. Bu strateji xəttin tərkib hissəsi kimi, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyevlə keçirdiyi ali səviyyəli danışıqlar iki ölkə arasında yeni geoiqtisadi tərəfdaşlıq mərhələsinin təməlini qoymuşdur.
Diplomatik münasibətlərin varislik və qarşılıqlı hörmət prinsipləri üzərində inkişafı Bakı görüşünün ana xəttini təşkil etmişdir. İki dövlət arasında ali səviyyəli siyasi dialoqun bünövrəsi 12 il əvvəl Kambocanın sabiq Baş naziri Hun Senin Bakıya səfəri zamanı qoyulmuşdursa, hazırkı Baş nazir Hun Manetin səfəri bu əlaqələrin yeni qlobal reallıqlara uyğun olaraq keyfiyyətcə daha yüksək pilləyə qaldırıldığını nümayiş etdirir. Beynəlxalq platformalarda – xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində – hər iki ölkənin beynəlxalq hüquq normalarına, suverenliyə və ərazi bütövlüyünə sadiqliyi ikitərəfli siyasi etimadın ən etibarlı zəmanətidir.
İki ölkə arasında coğrafi məsafələrin yaratdığı informasiya və ticarət məhdudiyyətlərini aradan qaldırmaq üçün Bakıda praktiki mexanizmlərin tətbiqinə start verilmişdir. Mübadilə edilən “Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi” və təsis olunan birgə İşçi Qrupu iqtisadi münasibətlərin şaxələndirilməsinə xidmət edir. Azərbaycanın Cənubi Qafqazın əsas nəqliyyat-logistika qovşağı kimi malik olduğu tranzit imkanları və Kambocanın dinamik inkişaf edən ASEAN bazarındakı mövqeyi qarşılıqlı sərmayə qoyuluşları, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində böyük potensial vəd edir.
Münasibətlərin mühüm və unikal humanitar ölçüsünü isə hər iki xalqın üzləşdiyi ortaq tarixi sınaq – kütləvi mina çirklənməsi problemi təşkil edir. Kambocanın onilliklər boyu formalaşmış beynəlxalq minatəmizləmə təcrübəsi ilə Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda tətbiq etdiyi ən müasir texnoloji metodologiyanın sintezi böyük praktiki əhəmiyyət kəsb edir. Birgə təlim proqramları və mütəxəssis mübadiləsi təkcə ikitərəfli fayda verməyəcək, həm də mina təhlükəsizliyinin BMT-nin Qlobal Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edilməsi istiqamətində ortaq beynəlxalq təşəbbüslərin güclənməsinə təkan verəcəkdir.
Eyni zamanda, postmünaqişə dövründə Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi nəhəng bərpa-quruculuq işləri və "Böyük Qayıdış" Proqramının uğurları Kamboca nümayəndə heyətinin diqqətinə çatdırılmışdır. 100 minə yaxın sakinin öz baba yurdlarına qayıdaraq təhlükəsiz şəraitdə yaşaması Cənub-Şərqi Asiya regionunda Azərbaycanın yaratdığı yeni sülh və inkişaf reallıqlarının düzgün dərk olunmasını təmin edir. Yekun olaraq, Bakı görüşü göstərir ki, Azərbaycan ilə Kamboca arasında qurulan bu strateji körpü Qlobal Cənub ölkələrinin bərabərhüquqlu və nəticəyönümlü əməkdaşlığının parlaq nümunəsidir.

Aynurə Ağacanova
YAP Odubad rayon təşkilatının fəalı

Digər xəbərlər