8 Noyabr – Şuşa Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsidir. Bu gün əziz Şuşamızın azad edilməsindən, 28 illik qaranlıq həsrətin bitməsindən altı il ötür.
Müharibənin davam etdiyi 44 gün ərzində qəhrəman ordumuz şərəfli döyüş yolu keçərək Şuşaya doğru dayanmadan, inamla irəlilədi və bir vaxtlar xəyal kimi görünən arzumuz noyabrın 8-də reallaşdı
Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu. . İgid əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək, əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərərək Şuşa şəhərini işğaldan azad etdi.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
Bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi: Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Azadlığına qovuşmuş Şuşa böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilib. İgid hərbçilərimizin Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolu da salınıb və Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Dövlətimizin başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2021-ci il 31 may tarixində qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu da yaradılıb.
Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib.
Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”…
Eyni zamanda Şuşa şəhəri həmin il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib.
Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri