PDF Oxu

Siyasət

  • 772

8 Noyabr – Azərbaycanın tarixi Qələbəsidir - ŞƏRH

8 Noyabr – Azərbaycanın tarixi Qələbəsidir - ŞƏRH

8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri, milli qürurunun, birliyinin və yenilməz iradəsinin təntənəsidir. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin olunması ilə nəticələnən möhtəşəm Zəfərin rəmzinə çevrilmişdir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycan tarixinin yeni və şanlı mərhələsinin əsası qoyulmuşdur.

Azərbaycanın bu möhtəşəm Zəfəri uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun, iqtisadi inkişafın və qüdrətli ordunun formalaşdırılmasının məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın inkişafı üçün möhkəm təməl yaratmışdır. Bu siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə etmiş, müdafiə potensialını gücləndirmiş və milli maraqların qorunması istiqamətində ardıcıl siyasət həyata keçirmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini, dövlətimizin gücünü və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdi. Döyüş meydanında əldə edilən uğurlar xalqımızın qələbə əzmini daha da gücləndirdi. Hər bir azərbaycanlı bu tarixi mübarizədə dövlətinin və ordusunun yanında olduğunu nümayiş etdirdi.
Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı hesab edilən Şuşanın azad olunması hərbi-strateji baxımdan müstəsna əhəmiyyət daşımaqla yanaşı, xalqımızın mənəvi qələbəsinin də təcəssümü idi. Şuşanın azad edilməsi Azərbaycanın hərbi gücünü, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını və Vətən sevgisini bir daha təsdiqlədi. Bu tarixi hadisə müharibənin gedişində həlledici dönüş yaratdı.
8 Noyabrın Azərbaycan tarixində xüsusi yer tutmasının əsas səbəblərindən biri də bu Qələbənin böyük mənəvi və siyasi əhəmiyyətidir. Bu tarix xalqımızın illərlə davam edən həsrətinə son qoyulmasının, doğma torpaqlarımıza qayıdış ümidinin gerçəkləşməsinin və milli qürurumuzun bərpasının rəmzidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik, güclü dövlət və qətiyyətli rəhbərlik qarşıya qoyulan ən mürəkkəb məqsədlərə nail olmağın əsas şərtləridir.
44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu nümayiş etdirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyini hər zaman müdafiə etmiş, uzun illər davam edən danışıqlar prosesində problemin sülh yolu ilə həlli üçün səylər göstərmişdir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Zəfərin davamı kimi xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, yollar, tunellər, körpülər, hava limanları və digər infrastruktur obyektləri inşa edilir. Bölgənin iqtisadi potensialının bərpası, sosial infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində mühüm addımlar atılır.
Zəfər Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli tariximizin öyrənilməsi və qəhrəmanlıq ənənələrinin yaşadılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Hər il noyabrın 8-də ölkəmizin bütün bölgələrində bu əlamətdar gün böyük qürur və sevinc hissi ilə qeyd olunur. Bu gün xalqımızın birliyini, dövlətimizin qüdrətini və müstəqilliyimizin sarsılmazlığını ifadə edir.
Bu gün Azərbaycan qalib dövlət, xalqımız isə Zəfər qazanmış xalq kimi gələcəyə inamla addımlayır. 8 Noyabr yalnız keçmişdə qazanılmış hərbi uğurun xatırlanması deyil, həm də gələcək nəsillərə ötürülən milli iradənin, vətənpərvərliyin və dövlətə sədaqətin ifadəsidir. Bu şanlı tarix hər bir azərbaycanlıya Vətənin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda mübarizənin nə qədər müqəddəs olduğunu xatırladır.
Şübhəsiz ki, 8 Noyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu tarix qəhrəmanlıq salnaməmizin ən parlaq səhifəsi, milli qürurumuzun və dövlətçilik tariximizin möhtəşəm təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə edilən bu Qələbə gələcək nəsillər üçün daim örnək olacaqdır. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının heç vaxt unudulmayacaq tarixi Qələbəsidir!

Asiman Babayev
YAP Şahbuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər