Müasir dövrdə Azərbaycan Respublikasının qlobal müstəvidə həyata keçirdiyi uzaqgörən, şaxələnmiş və müstəqil xarici siyasət kursu ölkəmizin beynəlxalq tərəfdaşlıq coğrafiyasının durmadan genişlənməsini şərtləndirir. Ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, dünyanın müxtəlif qitələrində, o cümlədən Cənub-Şərqi Asiya regionunda yerləşən dövlətlərlə qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin qurulması xarici siyasətimizin uğurlu nəticələrindən biridir. Bu baxımdan, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitun Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlər tarixində tamamilə yeni və keyfiyyətcə fərqli bir mərhələnin əsasını qoyan müstəsna əhəmiyyətli hadisə kimi yadda qaldı. Coğrafi baxımdan bir-irindən uzaq məsafələrdə yerləşmələrinə baxmayaraq, həm Azərbaycan, həm də Laos beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və qlobal miqyasda sülhün təmin olunmasına sadiqlik nümayiş etdirirlər. Oktyabr ayında Bakı şəhərinə rəsmi səfərə gələn ali qonağın şərəfinə hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsinin düzülməsi, Azərbaycan dövlətinin bu səfərə verdiyi yüksək dəyərin və səmimi qonaqpərvərliyin bariz nümunəsi idi. Baş nazirin müavini və digər rəsmi şəxslər tərəfindən qarşılanan Laos Prezidentinin bu səfəri ikitərəfli əlaqələrin potensialını reallaşdırmaq üçün mühüm siyasi iradənin mövcudluğunu bir daha təsdiq etdi.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit arasında keçirilən təkbətək və geniş tərkibdə rəsmi görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin qurulması, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları hərtərəfli müzakirə olundu. Tərəflər qeyd etdilər ki, həm Azərbaycan, həm də Laos milli iqtisadiyyatlarının inkişaf etdirilməsi, dayanıqlı tərəqqinin təmin edilməsi və beynəlxalq logistik şəbəkələrə inteqrasiya olunması istiqamətində oxşar maraqlara malikdirlər. Xüsusilə qlobal ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit imkanları, şaxələnmiş infrastrukturu Laos nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılandı. Bununla yanaşı, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və həmrəyliyin gücləndirilməsi barədə razılığa gəlindi. Dövlətlərarası münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq sahələrdə ikitərəfli sənədlərin hazırlanması istiqamətində tapşırıqlar verildi.
Azərbaycanın baş naziri Əli Əsədovun da Laos Prezidenti Thonqlun Sisulit ilə keçirdiyi görüşdə iqtisadi sahədə konkret layihələrin həyata keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin təşviqi və təcrübə mübadiləsinin aparılması məsələləri ətraflı nəzərdən keçirildi. Səfər çərçivəsində səsləndirilən fikirlər və aparılan danışıqlar göstərdi ki, Azərbaycan və Laos arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların cəlb olunması üçün geniş imkanlar mövcuddur. Hər iki ölkənin rəhbərliyi beynəlxalq təhlükəsizlik, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf məqsədləri naminə qlobal səylərə töhfə verməyə hazır olduqlarını bildirdilər. Bu səfər həm də Laos Prezidentinin Azərbaycanın qazan nailiyyətləri, aparılan abadlıq-quruculuq işləri və ölkəmizin malik olduğu intellektual-sənaye potensialı ilə yaxından tanış olması üçün mühüm fürsət yaratdı. Bütövlükdə götürdükdə, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlər salnaməsində tamamilə yeni səhifə açmış, gələcək illər üçün dostluq və tərəfdaşlıq körpülərini möhkəmlətmişdir. Bu tarixi səfər bir daha sübut etdi ki, Azərbaycan Respublikası dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı və etibarlı münasibətlər qurmaqda qərarlıdır. Əldə olunmuş razılaşmalar, ali səviyyədə aparılan səmimi və konstruktiv dialoq gələcəkdə Azərbaycan-Laos əməkdaşlığının daha da dərinləşəcəyinə, xalqlarımızın bir-birini daha yaxından tanımasına və ortaq layihələrdə uğurla təmsil olunacağına etibarlı zəmin yaradır.
Vəli Sərxanlı
YAP Culfa rayon təşkilatının fəalı