Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında Azərbaycan ilə Kamboca arasında mövcud münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət və investisiya imkanları, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya kimi məsələlər xüsusi yer tutub.
Prezident İlham Əliyev çıxışında Kambocanın Baş nazirini Azərbaycanda bir daha salamlayaraq onun rəsmi səfərinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı iki ölkənin dost və tərəfdaş olduğunu vurğulayıb, münasibətlərin inkişafında əvvəlki təmasların və siyasi dialoqun davamlılığının əhəmiyyətini qeyd edib. Bu səfər Azərbaycan–Kamboca əlaqələrinin mövcud vəziyyətini qiymətləndirmək, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və qarşılıqlı münasibətləri konkret layihələrlə zənginləşdirmək baxımından əlverişli imkan yaradıb.
Azərbaycan ilə Kamboca arasında diplomatik münasibətlərin otuz ildən artıq tarixə malik olması dövlətlər arasında əlaqələrin inkişafı üçün möhkəm zəmin formalaşdırır. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, tərəflər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Bu əməkdaşlıq müxtəlif regionları təmsil edən ölkələrin ortaq maraqlar ətrafında birləşməsinin və beynəlxalq münasibətlər sistemində qarşılıqlı anlaşmanın əhəmiyyətini göstərir.
Prezident İlham Əliyev siyasi əlaqələrin mövcud səviyyəsindən istifadə edərək ikitərəfli təmasların daha da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Müasir beynəlxalq münasibətlər şəraitində dövlətlər arasında etibarlı siyasi dialoq iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişlənməsinə də müsbət təsir göstərir. Azərbaycan və Kamboca arasında əlaqələrin inkişafı da məhz bu yanaşma əsasında yeni məzmun qazana bilər.
İqtisadi əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi
Dövlət başçısının bəyanatında iqtisadi əməkdaşlıq məsələləri xüsusi diqqət çəkib. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin hazırda məhdud səviyyədə olduğunu qeyd edərək bu sahədə böyük imkanların mövcudluğunu vurğulayıb. Onun fikrincə, əsas məqsəd qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək, biznes dairələri arasında əlaqələri gücləndirmək və mövcud potensialı real nəticələrə çevirməkdir.
Bu məqsədlə ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Belə bir mexanizm tərəflər arasında iqtisadi əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə, qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsinə və biznes təşəbbüslərinin həyata keçirilməsinə şərait yarada bilər.
Oktyabrın 12-də Bakıda keçirilən Azərbaycan–Kamboca biznes-forumu da iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm platforma olub. Tədbirdə sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə və informasiya texnologiyaları daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək iş adamının iştirakı biznes əlaqələrinin genişləndirilməsinə marağın göstəricisidir. Forum sahibkarların birbaşa təmas qurmasına, yeni tərəfdaşlıqların yaradılmasına və investisiya imkanlarının araşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının da müzakirə olunduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın inkişafı hər iki ölkənin iqtisadi potensialından qarşılıqlı fayda əsasında istifadə etməyə imkan verə bilər. Eyni zamanda, tərəflər arasında iqtisadi məlumat mübadiləsinin gücləndirilməsi, bazarlar haqqında məlumatlılığın artırılması və sahibkarlar üçün yeni imkanların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ilə Kamboca arasında imzalanmış ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi də bu istiqamətdə hüquqi və institusional əməkdaşlıq üçün əsas yaradır. İqtisadi münasibətlərin davamlı inkişafı yalnız razılaşmaların əldə olunması ilə deyil, həm də onların konkret layihələrə çevrilməsi, sahibkarların fəallığının artırılması və qarşılıqlı investisiyaların təşviqi ilə mümkün olacaqdır.
Rauf Nəcəfov
YAP Sədərək rayn təşkilatının məsləhətçisi