Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın ölkənin siyasi həyatında tutduğu mövqeyə və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə toxunub. O, Yeni Azərbaycan Partiyasının dövlətçilik maraqlarının qorunması, cəmiyyətdə siyasi həmrəyliyin möhkəmləndirilməsi və ölkənin inkişaf prioritetlərinin dəstəklənməsində rolunu qeyd edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin möhkəmlənməsi və əldə olunan nailiyyətlər dövlət siyasətinin ardıcıllığının, xalq-iqtidar birliyinin nəticəsidir. Aqşin Babayev partiya üzvlərinin bu siyasi xəttin mahiyyətini dərindən mənimsəməsinin, onu ictimaiyyətə düzgün çatdırmasının və təşkilati fəaliyyətlərində fəallıq göstərməsinin vacibliyini vurğulayıb.
Salyan Rayon Statistika İdarəsinin rəisi, YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi Elnur Hüseynov çıxışında qurultayda aparılan müzakirələr, səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr barədə təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevin nitqində Azərbaycanın gələcək inkişaf istiqamətləri, dövlət siyasətinin prioritetləri və partiyanın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətləri ilə bağlı müəyyənləşdirilən hədəqlərin əhəmiyyətini vurğulayıb. Qurultayda iştirakının bu vəzifələrin mahiyyətini daha dərindən anlamaq baxımından əhəmiyyətini qeyd edən Elnur Hüseynov partiya üzvlərinin dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Aztelekom MMC-nin Cənub-Şirvan Regional filialının Salyan şöbəsinin mühəndisi, ərazi partiya təşkilatının sədr müavini Natiq Rzayev isə çıxışında informasiya-kommunikasiya sahəsində çalışan partiya üzvlərinin məsuliyyətindən, müasir dövrdə informasiya mühitinin əhəmiyyətindən və dövlət siyasətinin ictimaiyyətə dolğun şəkildə çatdırılmasında fəallığın vacibliyindən bəhs edib. O, təşkilat daxilində birgə fəaliyyətin və üzvlərin təşəbbüskarlığının artırılmasının qarşıdakı vəzifələrin icrasına töhfə verəcəyini bildirib.
Sonda ərazi partiya təşkilatının cari fəaliyyəti müzakirə olunub, görüləcək işlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb və təşkilati məsələlərə baxılıb.