PDF Oxu

Siyasət

  • 403

Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları - ŞƏRH

Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları - ŞƏRH

Dövlətlər arasında münasibətlərin möhkəmlənməsi yalnız siyasi dialoqla deyil, qarşılıqlı etimadın konkret əməkdaşlıq sahələrində nəticəyə çevrilməsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata bəyanatında səsləndirdiyi fikirlər də iki ölkə arasında əlaqələrin daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi niyyətini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanla Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və mövcud siyasi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğuladı. Dövlət başçısı ticarət və investisiya əlaqələrinin genişləndirilməsini əsas vəzifələrdən biri kimi qeyd edərək, birgə işçi qrupunun yaradılmasının bu istiqamətdə praktik addımların atılmasına imkan verəcəyini bildirdi. Sənaye, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi də münasibətlərin yeni məzmun qazanması baxımından əhəmiyyətlidir.
Bəyanatda diqqət çəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq əməkdaşlıqda tutduğu mövqe və Asiya ölkələri ilə əlaqələrə verdiyi önəm idi. Prezident İlham Əliyev Cənub-Şərqi Asiyanın ölkəmizin xarici siyasət prioritetləri sırasında yer aldığını qeyd etdi. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi onun regional bağlantıların inkişafında rolunu artırır və müxtəlif ölkələrlə iqtisadi tərəfdaşlıq üçün yeni imkanlar yaradır. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək də qarşılıqlı münasibətlərin mühüm istiqamətlərindən biridir.
Dövlət başçısı sülh və təhlükəsizlik məsələlərinə toxunaraq, bu amillərin inkişafın əsas şərtləri olduğunu, beynəlxalq hüququn normalarına, suverenliyə və ərazi bütövlüyünə əsaslanmalı olduğunu vurğuladı. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa işləri və Böyük Qayıdış Proqramı Azərbaycanın qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Mina təhlükəsi ilə mübarizədə təcrübə mübadiləsinin vacibliyinin qeyd edilməsi isə hər iki ölkənin üzləşdiyi problemlərin həllində beynəlxalq əməkdaşlığın əhəmiyyətini önə çıxarır.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Kamboca münasibətlərinin mövcud imkanlarını dəyərləndirmək və onları daha konkret nəticələrlə zənginləşdirmək baxımından mühüm mesajlarla yadda qaldı. Əsas məqsəd siyasi dialoqda əldə olunan razılaşmaları iqtisadi, humanitar və digər sahələrdə real əməkdaşlığa çevirməkdir. Bu yanaşma ölkəmizin müxtəlif regionlarla qarşılıqlı faydaya əsaslanan əlaqələr qurmaq və beynəlxalq tərəfdaşlığını genişləndirmək siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər