Prezident cənab İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional təhlükəsizliyin təmin olunmasına yanaşmasını əks etdirən mühüm siyasi mesajlarla zəngin idi. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun və qazandığı tarixi Zəfərin beynəlxalq auditoriyaya təqdimatı deyil, həm də beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəliliyi ilə bağlı fundamental məsələlərə aydın münasibətin ifadəsi kimi diqqət çəkdi. Azərbaycanın coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəmizə mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazandırır. Lakin Azərbaycanın beynəlxalq əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Ölkəmiz son illərdə nəqliyyat-logistika, enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsal inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirdiyi təşəbbüslərlə Avrasiya məkanında etibarlı tərəfdaş və birləşdirici mərkəz kimi mövqeyini möhkəmləndirib. Bu reallıq Azərbaycanın həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli platformalarda artan rolunu şərtləndirən başlıca amillərdəndir. Cənab Prezidentin çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsiplərinin bir daha vurğulanması xüsusi əhəmiyyət daşıyır. Bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasının təməlini təşkil edir. Bu prinsiplər yalnız siyasi bəyanat səviyyəsində qalmır, ölkəmizin regional əməkdaşlıq təşəbbüslərində, beynəlxalq təşkilatlarla münasibətlərində və münaqişələrin həllinə dair mövqeyində ardıcıl şəkildə özünü göstərir. Müasir beynəlxalq münasibətlər sistemində əsas problemlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinin seçici şəkildə tətbiq olunmasıdır. Eyni hüquqi meyarların müxtəlif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiqi beynəlxalq institutlara etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir və təcavüzkar tərəfin məsuliyyətdən yayınmasına şərait yaradır. Dövlət başçısının çıxışında bu məsələyə xüsusi diqqət yetirməsi Azərbaycanın beynəlxalq hüququn universal xarakterinin qorunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Beynəlxalq hüquq yalnız müəyyən dövlətlərin maraqlarına uyğun gələndə xatırlanan siyasi vasitəyə çevrilməməli, bütün ölkələrə münasibətdə eyni prinsipiallıqla tətbiq edilməlidir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən üzləşdiyi Ermənistanın hərbi təcavüzü bu baxımdan ciddi tarixi nümunədir.
AQEM-in 7-ci Zirvə Toplantısının əsas siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulunun nəzərdə tutulması Azərbaycanın sədrliyinin nəticələrinin qiymətləndirilməsi baxımından mühüm məqamdır. Bəyannamədə Azərbaycan sədrliyinin üzv dövlətlər tərəfindən təqdir edilməsi, son iki il ərzində müxtəlif sahələrdə irəli sürülmüş təşəbbüslərin və keçirilən tədbirlərin alqışlanması nəzərdə tutulur. Bu, sədrliyin fəaliyyətinə siyasi qiymət verilməsi ilə yanaşı, AQEM-in gələcək inkişafı üçün müəyyən edilmiş prioritetlərin davam etdirilməsi baxımından da əhəmiyyət daşıyır. Bəyannamənin beynəlxalq nizam, hərbi-siyasi təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ətraf mühit sahələrində risklərə dair müddəaları təşkilatın gündəliyinin çoxşaxəli xarakterini əks etdirir. Müasir çağırışlar artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. İqlim dəyişmələri, enerji təhlükəsizliyi, təchizat zəncirlərindəki problemlər, rəqəmsal təhdidlər və texnoloji inkişafdan qaynaqlanan risklər regional əməkdaşlığı zəruri edir.
AQEM-in VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirib. Qarşıdakı dövrdə əsas məsələ qəbul edilən qərarların və irəli sürülən təşəbbüslərin konkret nəticələrə çevrilməsi, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və regional sabitliyə xidmət edən əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsidir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri