PDF Oxu

Siyasət

  • 749

Zəngilan: qədim tarixdən Zəfər yolu ilə əzəmətli intibaha - ŞƏRH

Zəngilan: qədim tarixdən Zəfər yolu ilə əzəmətli intibaha - ŞƏRH

Tariximizin son iki yüz ili çox ağrılı, torpaq bütövlüyümüzün dəfələrlə pozulması, tarixi vətənimizin ikiyə parçalanması kimi ciddi siyasi-hərbi hadisələrlə zəngin olmuşdur. Belə ki, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazı, o cümlədən tarixi Azərbaycan torpaqlarını işğal etməsi bölgənin tarixən formalaşmış inzibati-ərazi quruluşunun dəyişdirilməsi və şimal imperiyasının müstəmləkə idarəetmə sisteminə uyğunlaşdırılması ilə nəticələndi. İşğal prosesi mərhələli şəkildə həyata keçirildiyi üçün inzibati bölgü də zamanla müxtəlif dəyişikliklərə məruz qaldı.

Rusiya işğal etdiyi Azərbaycan xanlıqlarını ləğv edərək onların ərazisində əvvəlcə hərbi komendantlıq üsuli-idarəsi yaratdı. Komendantlar birbaşa Qafqazdakı rus qoşunlarının baş komandanına və ya çar tərəfindən təyin olunan baş idarələrə tabe idilər. Çarizmin Qafqazdakı inzibati idarəetməsində ən əsas dəyişikliklərdən biri 1840-cı il yanvarın 1-də tətbiq edilən “Cənubi Qafqaz vilayətinin idarə olunması haqqında” əsasnamə oldu. Bu islahata əsasən, əvvəlki əyalət və komendantlıq sistemləri ləğv edildi. Azərbaycan torpaqları yeni inzibati vahidlərə – quberniyalara və qəzalara bölündü. Cənubi Qafqazda Xəzər vilayəti (inzibati mərkəzi əvvəlcə Şamaxı, sonradan Bakı) və Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Azərbaycan torpaqlarının əsas hissəsi Xəzər vilayətinin tərkibinə daxil edildi.

1840-cı il islahatı yerli şəraitə və idarəetmə tələblərinə tam cavab vermədiyi üçün 1846-cı ildə Qafqazda yeni inzibati bölgü həyata keçirildi. Bu bölgüyə əsasən, Azərbaycan ərazisi iki əsas quberniyaya – Şamaxı və Dərbənd quberniyalarına bölündü, üç il sonra Qərbi Azərbaycan (İrəvan və Naxçıvan bölgələri) İrəvan quberniyasının tərkibinə daxil edildi.

XIX əsrin əvvəllərindən etibarən həyata keçirilən bu inzibati bölgü siyasətinin əsas məqsədi tarixi Azərbaycan torpaqlarında yerli idarəetmə ənənələrini tamamilə silmək, ərazini Rusiya mərkəzi hakimiyyətinə sıx bağlamaq, vergi yığımını mərkəzləşdirmək və bölgənin təbii sərvətlərindən imperiyanın xeyrinə səmərəli istifadə etmək idi. Eyni zamanda, bu bölgülər zamanı tarixi coğrafi adların dəyişdirilməsi və inzibati sərhədlərin süni şəkildə formalaşdırılması sonrakı dövrlərdə bölgənin demoqrafik və siyasi mənzərəsinə də öz təsirini göstərdi.

XIX əsrin ikinci yarısında Rusiya imperiyasının Cənubi Qafqazdakı inzibati-ərazi idarəetməsində həyata keçirilən dəyişikliklər nəticəsində yeni qəzalar yaradıldı. Bunlardan biri də 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Şuşa qəzasından ayrılaraq Azərbaycanın tarixi Zəngəzur vilayətinin qərb hissəsində təsis edilən Zəngəzur qəzası idi. Qəza kifayət qədər geniş dağlıq ərazini əhatə edirdi: şimalda Cavanşir, şərqdə Cəbrayıl (Qaryagin), qərbdə İrəvan quberniyası (Gorus, Qafan, Sisian ətrafı torpaqlar), cənubda isə Araz çayı vasitəsilə Arazboyu torpaqlarla həmsərhəd idi. Ərazisi 7772,62 kvadratkilometr olan qəzanın mərkəzi əvvəlcə Gorus şəhəri olmuşdur.

Zəngəzur bölgəsi əzəli Azərbaycan torpaqları olub, zəngin maddi-mədəni irsə, köklü azərbaycanlı əhaliyə malik idi. Lakin XX əsrin əvvəllərində baş verən mürəkkəb siyasi proseslər və sovet dövründə sərhədlərin süni şəkildə dəyişdirilməsi nəticəsində Zəngəzurun əsas hissəsi Ermənistana verildi.

Müasir Zəngilan rayonu çar dövrü inzibati bölgüsündə birbaşa Zəngəzur qəzasının tərkibində yerləşirdi. Çar Rusiyası dövründə Zəngəzur qəzası 1929-cu ildə ləğv edilənə və ya sonrakı inzibati dəyişikliklərə qədər (xüsusilə XX əsrin əvvəllərində və sovetlərin ilkin dövrlərində) Zəngilan ərazisi Zəngəzur qəzasının cənub-şərq hissəsini, Araz çayı sahilindəki torpaqları əhatə edirdi. 1920-ci illərdə sovet hakimiyyəti illərində Azərbaycan SSR-də aparılan yeni inzibati-ərazi quruculuğu zamanı Zəngəzur qəzası ləğv edildi, onun qərb hissəsi Ermənistana birləşdirildi, şərq və cənub hissələrində isə (Arazboyu torpaqlarda) müstəqil rayonlar (o cümlədən Zəngilan rayonu) yaradıldı. Zəngilan rayonu rəsmi olaraq 1930-cu ildə inzibati rayon statusu aldı.

1988-ci ildən başlayan ermənilərin torpaqlarımıza qarşı növbəti əsassız iddialarının Azərbaycan ərazilərinin real işğalına istiqamətləndiyi mərhələdə Zəngilan rayonu da düşmən tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olundu. Bununla düşmən keçmiş Dağlıq Qarabağ inzibati-ərazi vahidi ətrafındakı sonuncu Azərbaycan rayonunun da işğalını başa çatdırmışdı. Bundan əvvəl, avqustun 23-də Füzuli rayonunun ərazisi işğal altına düşdüyü üçün rayon əhalisi Araz çayını cənuba keçməklə ölkəmizin əsas ərazisinə qayıtmış və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Lakin Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrındakı bir günlük lokal antiterror əməliyyatı nəticəsində bu gün özünün ərazi bütövülüyünü və dövlət suverenliyini tam təmin etdiyi mərhələdən baxdıqda, artıq qürurla deyirik ki, bütün bu məşum günlərlə bərabər xalqımızın yaddaşında elə müqəddəs sayılacaq tarixlər var ki, onlar illərin həsrətini, acısını unutduraraq xalqımıza sonsuz qürur və zəfər sevinci bəxş edir. Həmin unudulmaz tarixlərdən biri də 20 oktyabr – Zəngilan şəhəri günüdür. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun oktyabrın 20-də Zəngilan şəhərini erməni işğalından azad etməsi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan qətiyyətli addımlardan biri idi. 2023-cü ildən etibarən hər il rəsmi şəkildə qeyd olunan bu əlamətdar gün Zəngilanın erməni vandalizmindən xilas edilməsinin, həmçinin bu torpaqlarda yenidən qaynayan həyatın, Böyük Qayıdışın təntənəsidir.

Zəngilan həm də qədim tarixi-mədəni kökləri, bənzərsiz təbiəti və zəngin abidələri ilə seçilən diyardır. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalizmi bu torpaqlarda da öz qanlı izlərini qoymuş, tarixi və dini memarlıq abidələrimizi dəhşətli dağıntılara məruz qoymuşdur. Zəngilanın hər qarışı Azərbaycan xalqının qədim mədəniyyət tarixini əks etdirən misilsiz incilərlə zəngindir. Ötən əsrin qaranlıq işğal illərində Şərifan kəndindəki IX-XVI əsrlərə aid abidələr və XII əsrə aid Şərifan sərdabəsi, Hacallı kəndindəki orta əsrlərə aid Şəhri Şərifan yaşayış yeri, Qumlaq kəndindəki Ağca Aşıq yaşayış yeri və qədim Qız qalası düşmən tapdağında inlədi. Oxuçuçayı üzərində ucalan orta əsr Qəsr qalası, Şərikan kəndindəki və Yenikənddəki sərdabələri (XIII, XIV əsrlər), Hacallı kəndinin dairəvi bürcü, qülləsi (XIV əsr) və XIX əsr körpüsü, eləcə də Məmmədbəyli kəndindəki dahi Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi erməni vəhşiliyinin hədəfinə çevrildi. Quyudərə Xəştab kəndindəki e.ə. VI-IV əsrlərə aid nekropol, Yeməzli kəndinin qədim küp qəbirləri, Ağ oyuq düzündəki Koroğlu daşı (VII-VIII əsrlər), Bartaz kəndinin aid əzəmətli Bartaz Qız qalası (XIV əsr) və Sobu kəndindəki Tağlı körpüsü (XVI əsr) xalqımızın əzəli izlərini yaşatmağa davam etdi. Bu abidələrin hər biri erməni işğalçılarının törətdiyi mədəni soyqırımın şahidi olsa da, Azərbaycan dövlətinin qətiyyəti sayəsində onlar artıq bərpa olunur, tariximiz və yaddaşımız yenidən canlanır.

Müasir mərhələdə Zəngilan sadəcə tarixi torpaq deyil, həm də regionun nəqliyyat-logistika sistemində mühüm strateji mövqeyə malik qovşaqdır. Zəngəzur dəhlizinin üzərində yerləşən bu bölgə gələcəkdə Naxçıvanla, Türkiyə və bütün Türk dünyası ilə quru əlaqələrinin qurulmasında, eləcə də beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində müstəsna rol oynayacaqdır.

Zəngilan şəhərinin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda misli görünməmiş bərpa, quruculuq və inkişaf prosesinə start verilmişdir. Dövlət başçımızın azad olunmuş Zəngilana mütəmadi səfərləri bölgənin dirçəlişinin və parlaq gələcəyinin əsas təminatına çevrilib. Zəfərdən dərhal sonra – 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağının qürurla ucaldılması torpaqlarımızın əbədi sahibinə qayıtdığının bütün dünyaya bəyan edilməsi hadisəsi idi.

2021-ci il fevralın 14-də dövlət başçısı rayona səfər edərək gələcəkdə görüləcək işləri ətraflı planlaşdıraraq erməni işğalının vurduğu ağır zərərin ümumi dəyərləndirilməsini həyata keçirdi. Nəticədə həmin il aprelin 26-da Zəngilan sakinləri ilə görüşən Prezident İlham Əliyev rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən və müasir texnologiyalara əsaslanan ilk “Ağıllı kənd” layihəsinin təməlini qoydu, həmçinin beynəlxalq səviyyəli Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimlərini həyata keçirdi.

Oktyabrın 20-də – Zəngilan şəhərinin öz azadlığına qovuşmasının ilk ildönümündə Prezident İlham Əliyev yenidən azad yurda gələrək Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin gedişatı ilə tanış oldu, Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərini nəzərdən keçirdi. Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində yaradılan yüksək şəraitə baxış keçirildi, “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışı və Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimi baş tutdu.

Bütün bu quruculuq işləri və öz sahiblərinin ağuşuna qayıdışı ilə Zəngilan öz əzəli sahiblərinə qucaq açır və qüdrətli Azərbaycanın iqtisadi-strateji gücünü bütün dünyaya bir daha nümayiş etdirir. Bu gün dördüncü ildir ki, qürurla qeyd etdiyimiz 20 Oktyabr – Zəngilan şəhəri günü sadəcə təqvimdəki əlamətdar tarix deyil; bu, otuz illik həsrətə son qoyan ədalətin, xalqımızın əyilməz iradəsinin və müzəffər ordumuzun qüdrətinin əbədi təntənəsidir. Xarabalığa çevrilmiş yurd yerlərimizin yenidən dirçəldiyini, müasir infrastrukturun, “Ağıllı kənd”lərin, beynəlxalq hava limanlarının və strateji yolların həyat aşıladığını görmək hər bir azərbaycanlıya sonsuz fəxarət hissi yaşadır. Zəngilan bu gün artıq təkcə bərpa olunan coğrafi məkan deyil, o, qüdrətli Azərbaycanın parlaq gələcəyə, tərəqqiyə və əbədi sülhə doğru inamla irəlilədiyini simvolizə edən qürur abidəsinə çevrilmişdir. Doğma ocaqlarına qayıdan zəngilanlıların sevinci və bu torpaqlarda yenidən ucalan həyat səsi Azərbaycan dövlətinin əzmi ilə heç vaxt sönməyəcək əbədi bir məşəldir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər