Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbir Aztelekom MMC-nin Lənkəran şöbəsində təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Aztelekom MMC-nin CRF-nin Lənkəran ərazi partiya təşkilatının sədri Ağamir Hüseynov YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin ölkənin gələcək inkişafı və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi potensialının artmasına və rəqəmsal inkişaf istiqamətində yeni imkanların yaranmasına şərait yaratdığını bildirib. Ağamir Hüseynov qeyd edib ki, telekommunikasiya sahəsində çalışan əməkdaşlar müasir texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.
YAP Lənkəran rayon təşkilatının əməkdaşı Yalçın Əliyev çıxışında partiyanın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyən etməklə yanaşı, hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət qoyur. Yalçın Əliyev dövlətçilik prinsiplərinə sədaqətin, milli maraqların qorunmasının və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin cəmiyyətə düzgün çatdırılmasının vacibliyini diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, partiya üzvləri fəaliyyət göstərdikləri kollektivlərdə nümunəvi davranışları, təşəbbüskarlıqları və ictimai fəallıqları ilə seçilməli, ölkədə əldə olunan nailiyyətlərin təbliğinə töhfə verməlidirlər.
Aztelekom MMC-nin Lənkəran şöbəsinin mütəxəssisi Gülər Cəlilova çıxışında müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafında oynadığı roldan bəhs edib. O, rəqəmsallaşmanın genişləndirilməsinin, rabitə xidmətlərinin əlçatanlığının artırılmasının və yeni texnoloji həllərin tətbiqinin əhalinin gündəlik həyatında mühüm dəyişikliklər yaratdığını bildirib. Gülər Cəlilova qeyd edib ki, telekommunikasiya sahəsində çalışan mütəxəssislər daim yenilənən texnologiyalara uyğunlaşmalı, peşə biliklərini artırmalı və vətəndaşlara göstərilən xidmətlərin operativliyinə xüsusi diqqət yetirməlidirlər. O, rəqəmsal inkişafın ölkənin iqtisadi tərəqqisinə, regionlarda imkanların genişlənməsinə və müasir informasiya cəmiyyətinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Görüş zamanı YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, dövlətçilik ideologiyasının təbliği, partiya üzvlərinin ictimai fəallığının artırılması, rəqəmsal inkişafın sürətləndirilməsi, telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi hər bir sahədə çalışan şəxsin məsuliyyətli fəaliyyətindən, təşəbbüskarlığından və ümumi məqsədlərə töhfə vermək istəyindən asılıdır. Dövlətçilik prinsiplərinə sadiqlik, peşəkarlıq və vətəndaş məmnunluğunun təmin edilməsi ölkənin davamlı inkişafına xidmət edən əsas amillərdəndir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.