Dünyada ll, Avropada l nadir çinar meşələrindən neçəsinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli Zəngilanın hüriyyəti 6 il əvvəl özünə qaytarıldı. 2020-ci ilin 20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad edildi. Hansı ki, 1993-cü ilin 29 oktyabrında erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və 9 gün sonra yenə də Zəngilandan, onun işğalından danışacaq, dərindən köks ötürəcək, təəssüf edəcəkdik. Lakin bu dəfə belə olmadı. İşğala 9 gün qalmış bütün bu ağrı-acıya son qoyuldu. Zəngilan düşmən tapdağından azad edildi.
27 illik həsrətə son qoyuldu
Sovet quruluşunun həyatımıza daxil olması ilə tariximizin təhrif olunması Zəngilanın da tale payı olmuşdur. Bu dövrün bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində dəyişiklik olmuş, Zəngilan bir neçə dəfə Qubadlının, Qubadlı Zəngilanın tərkibinə daxil edilmişdi. Bu dəyişikliyin heç biri Azərbaycanın tarixi əraziləri üçün bir mahiyyət kəsb etməsə də, imperiyanın gələcək planlarında özünəməxsus yer tutmuşdur. Elə 70 ilin sonlarında Zəngilanın da Qarabağ və digər rayonlarımız kimi işğalın qurbanı olması da illərin işğalçılıq planının həyata keçirilməsinin vaxtının çatdığının göstəricisi idi. Bu plan 1993-cü ildə baş tutmuşdu. Günahsız insanlar öz dədə-baba yurdundan zorla çıxarılmış, evləri dağıdılmış, ata-babalarının uyuduğu qəbiristanlıqlar məhv edilmişdi. Bölgənin bütün tarixi abidələri, məscidləri nankor ermənilərin qurbanlarına çevrilmişdir.
İnsan o zaman qədirbilən olur ki, onun kökü, xalqı, milləti ilə bağlı dəyərləri olur. Bu dəyərləri qorumaq isə özünün gözlərini qorumaq qədər vacib olur. Xalq yox, tayfa, millət yox azlıq, kök yox, yalançı gövdələrdən ibarət ermənilərdən, sözün həqiqi mənasında, bundan fərqli nə isə gözləmək də olmazdı. Nəticədə isə 27 il idi ki, zəngilanlılar yurd həsrəti ilə alışıb-yanırdı. 27 il idi ki, onlar yurd yerlərinin sakini yox, qonağı idilər: yuxularında Zəngilanda olmaqla, Zəngilanı xəyallarında qurmaqla... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.
İşğal tarixinə 9 gün qalmış...
2020-ci il oktyabr ayının 20-si bütün zəngilanlıların sanki yenidən dünyaya gəldikləri gündür, doğum günləridir. 27 illik həsrətin vüsal günüdür. Bu gün 27 il axıdılan göz yaşlarının sevinc göz yaşlarına çevrildiyi gündür. Tək zəngilanlılar üçün yox, bu gün bütün azərbaycanlılar üçün əziz və unudulmaz gündür. Çünki torpağımızın bir hissəsi, canımızın bir parçası, düşmən əlində olan övladımız azad olunub. Bu xəbəri xalqına verən insandan xoşbəxt insan varmı? Bu insan xoşbəxtliyi bütöv Azərbaycan qədər haqq edən Ali Baş Komandanımızdır. Cənab İlham Əliyev 6 il öncə tarixə yazılan yeni şad xəbəri xalqımıza belə çatdırdı:
“İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.
Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.
Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.
Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!
Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”
Azad Zəngilan abad Zəngilana çevrilir
Bu gün bütün azad edilmiş torpaqlarımız kimi, Zəngilan da yeni dövrə qədəm qoyub: azad yurdumuz abadlığına qovuşur, sakinlərini ağuşuna alır. Zəfərin 4-cü ilində Zəngilana nəzər salarkən, onun “ağıllı kəndi” Ağalısının üç ildir, sakinlərini qoynuna aldığını görmək çox qürurvericidir. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur.
Eyni zamanda Zəngilanda həyata keçirilən işlər-Beynəlxalq hava limanının tikilməsi, yolların salınması, şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsinin nəzərdə tutulması, Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmalarının təşkil etməsi, məscidlərin bərpası, bütün bunların fonunda isə “Zəfər” və “İşğal” muzeylərinin yaradılması yaşanan tarixin əbədiləşdirilməsi və Zəngilanın Zəngilana qaytarılmasıdır.
Prezident İlham Əliyevin Zəngilana hər səfəri burada çoxsaylı obyektlərin təməlinin qoyulması, istifadəyə verilməsi ilə nəticələnir. Bunu ötən illərin hər biri təsdiqləyir. Böyük Qayıdış Proqramı ilə doğma yurduna qayıdan yüzlərlə insanın üzündəki sevinc, qürur hissi təsdiqləyir. May ayının 10-da dövlət başçısının Zəngilana səfəri çərçivəsində Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etməsi, yaşayış kompleksinə köçən ailələrlə görüşü, onların üzündəki sevinc hissi dediklərimizi təsdiqləyir. Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyması isə onun daha böyük inkişafını təsdiq edən amildir.
Zəngilanın digər coğrafi əhəmiyyəti ondan ibarətdir ki, buradan Naxçıvana cəmi 40 kilometrlik dəhliz uzanır. Dəhliz Naxçıvan Muxtar Respublikasının quru yolla paytaxta və ölkənin digər şəhər və rayonlarına çıxışını təmin edir. Qarşıda Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Həyata keçirilən bütün işlərin əsasında isə insan amili dayanır. O insan amili ki, dövlətimizin əsas prioritetidir.
Mətanət Məmmədova