Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Xıllı-1” və “Boyat kənd” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən və Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb. O, ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəli qurulmasının, üzvlərin təşəbbüslərinin dəstəklənməsinin və əhali ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Hər bir partiya üzvünün peşə fəaliyyətində və ictimai həyatda məsuliyyətli mövqeyi ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə töhfə verməsinin əhəmiyyətini qeyd edib.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəaların və siyasi mesajların ictimaiyyətə çatdırılmasının vacibliyindən danışıb. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində ardıcıl maarifləndirici fəaliyyətin, əhali ilə birbaşa ünsiyyətin əhəmiyyətini vurğulayıb.
Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Günay Quliyeva və partiya veteranı Vidadi Həmzəyev çıxış edərək qurultayın nəticələrinin yerlərdə müzakirəsinin partiya üzvlərinin məlumatlandırılması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ənənələrinin yaşadılması və veteranların təcrübəsindən istifadənin vacibliyini bildiriblər. Ərazi partiya təşkilatlarının fəaliyyətində birgə təşəbbüslərin və üzvlərin fəal iştirakının qarşıda duran vəzifələrin icrasına xidmət etdiyini vurğulayıblar.