Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Kəbirli ərazi partiya təşkilatında partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Kəbirli ərazi partiya təşkilatının sədri Azər Yaqubzadə, partiya üzvləri və fəallar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Yeni Azərbaycan Partiyasının cari il oktyabrın 2-də keçirilmiş VIII Qurultayı və Prezident, YAP Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqi barədə ətraflı məlumat verib. Bildirib ki, bugünkü görüşün məqsədi həmin nitqdən irəli gələn vəzifələrin müzakirəsi, ölkəmizin ictimai-siyasi həyatı və iqtisadi inkişafı ilə bağlı mühüm tezislərin hər bir partiya üzvünə çatdırılmasıdır. Qeyd edib ki, ölkənin davamlı tərəqqisi, milli maraqların qorunması və dövlətçilik ənənələrinin yaşadılması partiyanın fəaliyyətində əsas istiqamətlərdəndir. YAP Sədrinin partiya fəalları qarşısında qoyduğu vəzifələri diqqətə çatdıran sədr müavini, nitqdə vurğulandığı kimi, ideoloji işin müasir formatda qurulmasının, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasının və ideoloji təxribatlara qarşı ayıq-sayıq olmağın vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının fəalları Prezident, YAP Sədri cənab İlham Əliyevin nitqini ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini əks etdirən yol xəritəsi kimi yüksək qiymətləndiriblər. Çıxışlarda qurultayın müəyyən etdiyi hədəflərin həyata keçirilməsi ilə bağlı fikirlər bölüşülüb, təşkilati və ideoloji işlərin daha fəal və müasir tələblərə uyğun qurulması barədə təkliflər səsləndirilib.
Ərazi partiya təşkilatlarının bu hədəflərin həyata keçirilməsində fəallıq göstərməsinin, cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsinin və üzvlərin təşəbbüskarlığının artırılmasının zəruriliyini vurğulayan Azər Ağayev Kəbirli ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.