PDF Oxu

Siyasət

  • 625

Qubadlı: tarixi Zəfərdən Böyük Qayıdışa

Qubadlı: tarixi Zəfərdən Böyük Qayıdışa

Elşən Alıyev
​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Vətən müharibəsində Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsi xalqımızın Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Həmin qələbə illərlə davam edən həsrətin sona çatacağına, doğma torpaqlarda həyatın yenidən canlanacağına inamı daha da gücləndirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin hərbi və tarixi əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər Qubadlı zəfərinin Azərbaycanın hərbi-siyasi tarixində tutduğu yeri ifadə edir. Şəhərin azad olunması ordumuzun döyüş meydanında qazandığı uğurların davamı olmaqla yanaşı, düşmənin müdafiə imkanlarının zəiflədilməsində də mühüm rol oynadı. Strateji yüksəkliklər uğrunda aparılan döyüşlər, hərbçilərimizin peşəkarlığı və fədakarlığı əməliyyatın uğurla nəticələnməsini təmin etdi. Qubadlı üzərində Azərbaycan bayrağının dalğalanması milli iradənin, dövlət qüdrətinin və xalq-ordu birliyinin təntənəsi oldu.

1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Qubadlı uzun illər ağır dağıntılara və məhrumiyyətlərə məruz qaldı. Rayonun yaşayış məntəqələri, evləri, sosial obyektləri və təsərrüfat infrastrukturu dağıdıldı. 29 mindən çox sakin doğma yurdunu tərk edərək respublikanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. Qubadlılıların yaddaşında ata-baba ocaqları, doğma kəndlər, münbit torpaqlar və zəngin təbiətə malik yurd yerləri ilə bağlı xatirələr yaşamaqda davam etdi. Doğma torpağa qayıtmaq arzusu isə nəsildən-nəslə ötürülən ümidə çevrildi.

Bu gün həmin ümid real nəticələrlə müşayiət olunur. Qubadlıda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri rayonun gələcək inkişafının əsaslarını formalaşdırır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi qarşıdakı illər üçün aydın istiqamət müəyyənləşdirir. Müasir yaşayış sahələrinin yaradılması, mühəndis-kommunikasiya sistemlərinin qurulması, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və sosial infrastrukturun inkişafı Qubadlının yenidən qurulmasının əsas istiqamətlərindəndir.

Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması bu prosesin əlamətdar mərhələsidir. Ümumi ərazisi 3,34 hektar olan kompleksdə 21 yaşayış binasının və 176 mənzilin inşası nəzərdə tutulur. Bu layihə gələcək sakinlərin müasir və rahat yaşayış şəraiti ilə təmin edilməsinə hesablanıb. Eyni zamanda, Mahruzlu və Zilanlı kəndlərində aparılan tikinti işləri kənd həyatının bərpasına, ailələrin doğma torpaqlarında məskunlaşmasına və ənənəvi təsərrüfat fəaliyyətinin canlanmasına imkan yaradacaq.

Qubadlının gələcəyi yalnız yaşayış binalarının inşası ilə müəyyənləşmir. Rayonun iqtisadi potensialının üzə çıxarılması, kənd təsərrüfatının dirçəldilməsi, təbii sərvətlərindən səmərəli istifadə edilməsi və yeni məşğulluq imkanlarının yaradılması da qarşıda duran mühüm vəzifələrdəndir. İşğaldan əvvəl əkinçilik və heyvandarlığın geniş yayıldığı rayonda münbit torpaqlar, su ehtiyatları və meşə sahələri iqtisadi inkişaf üçün əlverişli imkanlar yaradır. Bu imkanların müasir texnologiyalar və dayanıqlı təsərrüfat prinsipləri əsasında dəyərləndirilməsi Qubadlının gələcək iqtisadi həyatına yeni məzmun verə bilər.

Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi və yeni Qubadlı-Laçın yolunun inşası istiqamətində görülən işlər isə rayonun digər ərazilərlə əlaqələrinin gücləndirilməsinə xidmət edir. Nəqliyyat və kommunikasiya imkanlarının genişlənməsi həm sakinlərin gündəlik həyatını asanlaşdıracaq, həm də iqtisadi fəallıq üçün yeni şərait yaradacaq.

Qubadlının dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsidir. Bu siyasətin mərkəzində insan amili, doğma yurda qayıdış və təhlükəsiz yaşayış şəraitinin yaradılması dayanır. Hər bir yeni ev, çəkilən yol, qurulan enerji xətti və yenidən salınan kənd keçmiş məcburi köçkünlərin qayıdışına doğru atılan konkret addımdır.

25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızı həm qazanılmış Zəfəri xatırlamağa, həm də azad torpaqlarda qurulan gələcəyə nəzər salmağa çağırır. Qubadlı bu gün işğalın ağır izlərini geridə qoyaraq yeni həyat mərhələsinə qədəm qoyur. Onun dirçəlişi Azərbaycanın qələbə əzminin quruculuq iradəsi ilə tamamlandığını göstərir. Vaxtilə doğma yurdlarından ayrı düşən insanların qayıdışı ilə Qubadlıda həyatın yeni salnaməsi yazılır, tarixi torpaqlarımızın gələcəyi isə əmin addımlarla qurulur.

Digər xəbərlər