PDF Oxu

Siyasət

  • 1 265

Qubadlı: öz tarixinin yeni mərhələsi

Qubadlı: öz tarixinin yeni mərhələsi

“Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayon ərazisində zəngin tarixi mədəni və dini abidələr mövcuddur. Coğrafi mövqeyinə görə Qubadlı olduqca əlverişli bir bölgədə yerləşir. Əsasən dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Rayon Şimaldan Laçın, Xocavənd rayonu, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Rayon həmçinin təbii faydalı qazıntılarla zəngindir”. Bunu YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O qeyd edib ki, Qubadlı kənd təsərrüfatı rayonu kimi Ermənistanın işğalına qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilən bir bölgə olub: “Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub: “1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. İşğal dövründə isə rəsmi İrəvanın Qubadlıda qanunsuz məskunlaşma cinayətləri törətməsi ilə bağlı faktlar var. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilib. Bu bir reallıqdır ki, Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün isə erməni lobbisinin vəsaiti hesabına Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınmışdı. İkinci Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsinin olduqca böyük strateji əhəmiyyət kəsb edirdi. Bu müharibənin gedişatında dönüş nöqtəsi idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilməsi qəhrəman oğullarımızın sücaətinə verilən ən yüksək ali dəyərin nəticəsi idi. 15212 hərbi qulluqçunun Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi məhz bu qiymətin göstəricisidir. Eyni zamanda 44 günlük Vətən Müharibəsinin gedişində azad edilmiş şəhərlərin tarixi günlərinin qeyd edilməsi də olduqca qürurverici hadisədir”.Sevinc Hüseynova vurğulayıb ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi işğal və azadlığı özündə ehtiva edən mühüm reallıqdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib: “Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Sözsüz ki, bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Erməni barbarlığının dağıtmış, viran qoymuş torpaqlarımıza həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Bu İşğaldan sonra bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva edir.Qubadlı rayonunda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə cari il iyunun 16-da başlanılıb. Ümumi sahəsi 3,34 hektar olan yaşayış kompleksində 14-ü üçmərtəbəli, 7-si dördmərtəbəli olmaqla, ümumilikdə 21 binanın inşası nəzərdə tutulub. Kompleksdə əsasən iki və üçotaqlı olmaqla, 176 mənzil yerləşəcək. Artıq binaların bünövrə işləri tamamlanıb, tikinti işləri davam etdirilir.Rayonun Mahruzlu və Zilanlı kəndlərində də yenidənqurma işləri aparılır. Mahruzlu kəndinin birinci mərhələdə 40 hektar ərazisində 190 ev tikilir və 836 sakinin məskunlaşdırılması planlaşdırılır. Ümumi sahəsi 180 hektar nəzərdə tutulan Zilanlı kəndində isə ilk mərhələdə 159 evin inşası və 772 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Gələcəkdə kənddə 630 ailənin, ümumilikdə 2 520 nəfərin yaşaması nəzərdə tutulur.Əminik ki, həyata keçirilən layihələr Qubadlının inkişafına, sakinlərin doğma yurdlarına qayıdışına və burada firavan həyatın bərpasına mühüm töhfə verəcək. Qubadlıda aparılan quruculuq işləri Böyük Qayıdışın və azad edilmiş torpaqlarımızda yeni həyatın qurulmasının bariz nümunəsidir.

Digər xəbərlər