YAP Tərtər rayon təşkilatının Statistika İdarəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev bildirib ki, partiyamızın VIII Qurultayı tarixi zərurətdən doğan və gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm siyasi hadisədir. Onun sözlərinə görə, Qurultayın tamamilə yeni reallıqda - Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra baş tutması onun əhəmiyyətini daha da artırır. Bu Qələbə təsadüfi deyil, xalq-iqtidar birliyinin, Prezident cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, Ordumuzun gücü və şəhidlərimizin, qazilərimizin göstərdiyi misilsiz fədakarlığın məntiqi nəticəsidir. G.Alıkişiyev vurğulayıb ki, dövlət başçısının Qurultayda səsləndirdiyi dərin məzmunlu nitq növbəti illər üçün əsas ideoloji istiqamətləri müəyyənləşdirdi. Bu çıxışda partiya qarşısında qoyulan tələblər - ideoloji işin dövrün tələblərinə uyğun yenidən qurulması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və yad ideoloji təsirlərə qarşı barışmaz mövqe tutulması Statistika İdarəsi ərazi partiya təşkilatı da daxil olmaqla, hər bir ərazi təşkilatı üçün birbaşa rəhbər tutulmalı vəzifələrdir.
Daha sonra ərazi partiya təşkilatının fəalları çıxış edərək, qarşıya qoyulan tapşırıqların məsuliyyətlə yerinə yetiriləcəyini, YAP-ın sıralarının daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Tədbir fikir mübadiləsi ilə başa çatıb.