PDF Oxu

Siyasət

  • 700

Qubadlı – azadlığın və yenidənqurmanın təntənəsi - ŞƏRH

Qubadlı – azadlığın və yenidənqurmanın təntənəsi - ŞƏRH

Azərbaycanın qədim yurd yerlərindən biri olan Qubadlı öz tarixi, zəngin mədəni irsi, füsunkar təbiəti və milli-mənəvi dəyərləri ilə xalqımızın yaddaşında xüsusi yer tutur. Bu torpaq əsrlər boyu Azərbaycan xalqının həyat tərzini, zəngin ənənələrini və yurd sevgisini yaşadıb. Qubadlı həm də xalqımızın doğma torpağa bağlılığının, sarsılmaz iradəsinin və azadlıq əzminin rəmzlərindən biridir.

1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərinin qayıdış gününü gözlədi. İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi-mədəni və dini abidələri dağıdıldı, minlərlə insan öz doğma torpağından didərgin düşdü. Lakin illər keçsə də, Qubadlıya qayıdış ümidi xalqımızın yaddaşından silinmədi.
2020-ci il oktyabrın 25-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Vətən müharibəsinin mühüm hərbi-strateji mərhələlərindən biri olan bu qələbə Azərbaycan Ordusunun döyüş qüdrətini, əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın milli birliyini bir daha nümayiş etdirdi. Qubadlının azad edilməsi Laçın istiqamətində irəliləyiş üçün də mühüm imkanlar yaratdı və tarixi Zəfərə aparan yolun əhəmiyyətli mərhələsinə çevrildi.
Bu qələbə yalnız hərbi uğur deyil, həm də uzun illər davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası və milli qürurumuzun təntənəsi idi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan Bayrağının ucaldılması bu torpağın əsl sahiblərinə qayıdışının rəmzinə çevrildi.
Bu gün Qubadlıda yeni həyatın qurulması, şəhərin və kəndlərin yenidən dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlətimizin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq yollar, mühəndis-kommunikasiya xətləri, sosial infrastruktur obyektləri və yaşayış məkanları yenidən qurulur. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi də bu qədim yurdun gələcək inkişafına hesablanmış mühüm addımlardandır. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində, eləcə də Qubadlı şəhərində həyata keçirilən layihələr Böyük Qayıdış prosesinin real məzmununu və miqyasını nümayiş etdirir.
Qarşıda duran əsas məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, həm də burada müasir həyat şəraiti yaratmaq, iqtisadi fəallığı artırmaq, təhsil, səhiyyə və digər sosial xidmətləri inkişaf etdirməkdir. Doğma torpaqlarına qayıdan insanların öz yurdlarında təhlükəsiz və firavan həyat qurması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı heç zaman unudulmayacaq. Onların Vətənə sədaqəti, torpaq sevgisi və göstərdikləri misilsiz şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Bu gün azad Qubadlıya baxarkən hər birimiz bu Zəfərin hansı böyük fədakarlıqlar hesabına qazanıldığını dərindən dərk edirik.
25 oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında azadlığın, milli birliyin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır. Dünən həsrətin ünvanı olan Qubadlı bu gün quruculuğun, dirçəlişin və Böyük Qayıdışın ünvanına çevrilib.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini

Digər xəbərlər