PDF Oxu

Siyasət

  • 918

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələr və təhsil işçilərinin qarşısında duran əsas hədəflər - FOTO

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələr və təhsil işçilərinin qarşısında duran əsas hədəflər - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələr, qarşıda duran hədəflər və həmin vəzifələrin həyata keçirilməsində təhsil işçilərinin rolu haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ölkəmizin qarşısında duran strateji vəzifələri, milli maraqlarımızın qorunmasını, dövlətçiliyimizin daha da möhkəmləndirilməsini və insan kapitalının inkişaf etdirilməsini ön plana çəkmişdir. Bu mühüm siyasi tədbirdə səsləndirilən fikirlər hər bir sahə kimi, təhsil sistemi qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. Çünki təhsil yalnız bilik və bacarıqların formalaşdırılması prosesi deyil, eyni zamanda, dövlətin gələcəyini müəyyən edən, milli düşüncəyə, yüksək mənəvi keyfiyyətlərə və müasir dünyagörüşünə malik vətəndaş yetişdirən strateji sahədir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələrinin qorunması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının uğurla davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi və müasir biliklərə yiyələnmiş gəncliyin formalaşdırılması təhsil işçilərinin qarşısında mühüm vəzifələr kimi dayanır.
Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Ölkənin intellektual səviyyəsi, vətəndaşlarının bilik və bacarıqları, elmi-texniki inkişafı, rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək imkanları da dövlətin gələcəyini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdən biri insan kapitalının inkişaf etdirilməsi, şagirdlərin müasir biliklərə yiyələnməsinin təmin olunması və onların gələcək həyat üçün zəruri bacarıqlarla hazırlanmasıdır. Təhsil işçiləri öz fəaliyyətlərində yalnız tədris proqramlarının yerinə yetirilməsi ilə kifayətlənməməli, eyni zamanda, şagirdlərdə müstəqil düşünmə, araşdırma aparma, düzgün qərar qəbul etmə, yaradıcı yanaşma və əldə olunan bilikləri praktikada tətbiq etmək bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Bu gün məktəblərimizdə yetişən şagirdlər sabah ölkəmizin müxtəlif sahələrində fəaliyyət göstərəcək, dövlətimizin inkişafına töhfə verəcək mütəxəssislər, alimlər, müəllimlər, mühəndislər və rəhbər kadrlar olacaqlar. Deməli, bu gün sinif otaqlarında yaradılan təhsil mühiti, müəllimin şagirdə yanaşması və tədrisin keyfiyyəti gələcəyimizin formalaşmasına birbaşa təsir göstərir. Məhz buna görə də hər bir təhsil işçisi öz fəaliyyətinə yüksək məsuliyyətlə yanaşmalı, peşəkarlığını daim artırmalı və şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün imkanlardan səmərəli istifadə etməlidir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi sistemli, ardıcıl və məqsədyönlü fəaliyyət tələb edir. Bu istiqamətdə məktəblərdə tədrisin təşkili vəziyyəti mütəmadi təhlil edilməli, şagirdlərin bilik səviyyəsi qiymətləndirilməli, mövcud çatışmazlıqlar müəyyənləşdirilməli və onların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməlidir.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin qorunması, dövlətçilik ənənələrinin yaşadılması hər bir vətəndaşın, xüsusilə gələcək nəslin üzərinə mühüm məsuliyyət qoyur. Məktəb şagirdlərə yalnız fənn bilikləri verən müəssisə deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, vətənə, xalqa, dövlətə və milli dəyərlərə münasibətinin müəyyənləşdiyi mühüm tərbiyə məkanıdır. Bu baxımdan müəllimlərimiz şagirdlərə Azərbaycan tarixini, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi və xalqımızın qəhrəmanlıq salnaməsini dərindən öyrətməli, onlarda dövlət rəmzlərimizə, ana dilimizə, mədəni irsimizə və milli kimliyimizə hörmət hissini gücləndirməlidirlər. Vətənpərvərlik yalnız müəyyən günlərdə keçirilən tədbirlər və təşkil olunan görüşlərlə məhdudlaşmamalıdır. Bu hiss gündəlik təlim-tərbiyə prosesində, müəllimin şəxsi nümunəsində, şagirdlərin davranışında və məktəbdə yaradılan sağlam mənəvi mühitdə öz əksini tapmalıdır. Şagirdlərimiz dərk etməlidirlər ki, Vətənə xidmət etmək, ilk növbədə, yaxşı oxumaq, bilik qazanmaq, öz üzərində işləmək, qanunlara hörmət etmək, cəmiyyət qarşısında məsuliyyət daşımaq və gələcəkdə ölkənin inkişafına fayda vermək deməkdir. Müəllimlər bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, gənc nəslin milli ruhda, müstəqil düşüncəli və fəal vətəndaş kimi yetişməsinə töhfə verməlidirlər.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və süni intellekt imkanlarının artması uşaqların və gənclərin informasiya məkanında qarşılaşdıqları imkanlarla yanaşı, müəyyən riskləri də artırır. Prezident cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışında vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin ümumi təhlükəsizliyinin mühüm tərkib hissəsidir və bu sahədə təhsilin xüsusi rolu vardır. Bu reallıq təhsil işçilərindən şagirdlərdə tənqidi düşünmə, məlumatları müqayisə etmək, etibarlı mənbələri tanımaq, saxta xəbərləri və manipulyativ məlumatları ayırd etmək bacarıqlarının inkişaf etdirilməsini tələb edir. Məktəblərdə rəqəmsal savadlılığın artırılmasına, internetdən təhlükəsiz istifadə qaydalarının öyrədilməsinə və şagirdlərin informasiya məsuliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, uşaqların sosial şəbəkələrdə qarşılaşa biləcəkləri zərərli məzmunlardan qorunması üçün müəllimlər, məktəb rəhbərləri və valideynlər arasında əməkdaşlıq gücləndirilməlidir. Əsas məqsədimiz şagirdlərdə kor-koranə yanaşma deyil, düşünmək, təhlil etmək, faktları yoxlamaq və düzgün nəticə çıxarmaq bacarığı formalaşdırmaqdır. Bilikli, savadlı və müstəqil düşünən gənclik dövlətimizin dayanıqlı inkişafının və informasiya təhlükəsizliyinin mühüm təminatlarından biridir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün təhsil sahəsində idarəetmənin səmərəliliyinin artırılması, məsuliyyətin gücləndirilməsi və nəticəyönümlü fəaliyyətin təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təhsil müəssisələrinin rəhbərləri öz fəaliyyətlərini konkret məqsədlər və ölçülə bilən nəticələr əsasında qurmalıdırlar. Hər bir məktəbdə təhsilin keyfiyyətini yüksəltmək üçün mövcud vəziyyət təhlil edilməli, prioritet istiqamətlər müəyyənləşdirilməli və görüləcək işlər planlaşdırılmalıdır. Təhsil müəssisələrinin fəaliyyəti qiymətləndirilərkən yalnız görülən tədbirlərin və keçirilən iclasların sayı deyil, həmin tədbirlərin şagirdlərin bilik səviyyəsinə, davamiyyətinə, davranışına və ümumi inkişafına göstərdiyi təsir əsas götürülməlidir. Məktəblərdə aşkar edilən nöqsanların aradan qaldırılması üçün vaxtında tədbirlər görülməli, verilən tapşırıqların icrasına nəzarət gücləndirilməli, təhsil şöbəsi ilə məktəb rəhbərləri arasında operativ məlumat mübadiləsi təmin olunmalıdır. Hər bir rəhbər vəzifə sahibi öz fəaliyyətinə görə məsuliyyət daşıdığını dərk etməli, mövcud problemləri vaxtında müəyyənləşdirməli və onların həlli istiqamətində təşəbbüskarlıq göstərməlidir. Təhsil sahəsində əldə olunan uğurlar ümumi fəaliyyətin, kollektiv məsuliyyətin və məqsədyönlü əməyin nəticəsidir. Buna görə də bütün təhsil işçilərinin birgə fəaliyyəti, qarşılıqlı əməkdaşlığı və ümumi məqsədlər ətrafında birləşməsi vacibdir. Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də qeyd olunan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Rayonumuzun hər bir məktəbində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və müasir təhsil tələblərinə uyğun işin təşkili əsas prioritetlərdən olmalıdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı qarşıdakı dövr üçün mühüm hədəfləri müəyyənləşdirməklə yanaşı, hər birimizin üzərinə düşən məsuliyyəti də bir daha xatırladır. Təhsil işçilərinin qarşısında duran əsas vəzifə yalnız bugünkü tədris prosesini təşkil etmək deyil, həm də Azərbaycanın gələcəyini formalaşdıran savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik, müstəqil düşünən və müasir çağırışlara hazır gənclik yetişdirməkdir. Biz hər bir şagirdin uğurunu ölkəmizin gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirməliyik. Hər bir dərsin keyfiyyəti, hər bir müəllimin məsuliyyəti, hər bir məktəbin fəaliyyəti Azərbaycanın intellektual potensialının güclənməsinə xidmət etməlidir. Bu məqsədlərə nail olmaq üçün müəllimlərimiz, məktəb rəhbərlərimiz və bütün təhsil işçilərimiz qarşıya qoyulan vəzifələrin icrasında birlik nümayiş etdirməli, yeniliklərə açıq olmalı və öz fəaliyyətlərini daim təkmilləşdirməlidirlər. İnanıram ki, təhsil işçilərinin birgə və məqsədyönlü fəaliyyəti nəticəsində məktəblərimizdə təhsilin keyfiyyəti daha da yüksələcək, gənc nəslin intellektual və mənəvi inkişafı üçün daha əlverişli şərait yaradılacaq və rayonumuzun təhsil müəssisələri ölkəmizin inkişafına layiqli töhfələr verəcəkdir. Sonda bir daha vurğulamaq istəyirəm ki, təhsilə qoyulan sərmayə Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Müəllimin əməyi isə bu gələcəyin formalaşmasında ən mühüm amillərdən biridir.

Murad Hümbətov

YAP Culfa Rayon Təhsil Şöbəsi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər