PDF Oxu

Siyasət

  • 1 414

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan, tolerantlığı, qarşılıqlı etimadı və sülhü təşviq edən ən nüfuzlu platformalardan biridir. Bakıda ənənəvi olaraq keçirilən bu forum dünya miqyasında fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirərək humanitar böhranların həlli və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlıq formatı təqdim edir. Forumun gündəliyi hər zaman bəşəriyyəti narahat edən ən aktual məsələləri əhatə edir. Oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçını, 100-dən artıq ölkədən 500-dən çox qonağı bir araya gətirdi. Cənab İlham Əliyev Forumun açılış mərasimində bir daha vurğuladı ki, ötən 15 ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın təşəbbüsü olan və ilk dəfə 2011-ci ildə Bakıda keçirilən bu beynəlxalq platformaya dəstək verən tərəfdaşlara, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına təşəkkürünü bildirən və ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin sülh şəraitində birgə yaşadığı tarixi bir məkan olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının milli birliyinin və sarsılmaz iradəsinin ən bariz təcəssümü 44 günlük İkinci Qarabağ müharibəsinin simvoluna çevrilən “Dəmir yumruq” dur. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.
Malik Həsənov bildirib ki, Prezident İlham Əliyevin çıxışı mühüm mesajlarla, çağırışlarla diqqətdədir: “30 illik işğal, 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri dövrünün reallıqlarından geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, əraziləri işğal altında olan ölkə, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik. 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad, ədaləti, beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik. Azərbaycanın Ermənistana sülh təklifini önə çəkən cənab İlham Əliyev bunun misli görünməmiş bir hal olduğunu, müharibələrin tarixinə nəzər saldıqda, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlinmədiyini diqqətə çatdırdı. Müharibəyə başlamaq çox asan, onu bitirmək, qələbə qazanmaq isə çox çətindir. Azərbaycanın təcrübəsi- ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Hazırda müharibə aparan və ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər”.
Millət vəkili bildirib ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər müzakirə edilən məsələlər sırasında oldu. “30 il beynəlxalq birlikdən və dünya güclərindən ədalət gözlədik. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnaməsi icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Bu, ikili standartlardan başqa bir şey deyil. Azərbaycan ikili standartlara qarşı həmişə mübarizə aparıb və bundan sonra da mübarizə aparacaq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Cənab İlham Əliyev bu məqamı diqqətə çatdırdı ki, ikili standartlar təkcə müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq. Dövlətimizin başçısı bu çağırışı etdi ki, hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir”.
Malik Həsənov qeyd edib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti daim davamlı uğurlara yol açır: “Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün hədəflərə ardıcıllıqla nail olur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının yaratdığı yeni reallıqlar regionda dayanıqlı sülhü və təhlükəsizliyi şərtləndirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində bu amil əsasdır. Azərbaycan postmünaqişə dövründə sülh gündəliyinin müəllifi kimi çıxış edərək beynəlxalq platformalar vasitəsilə dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq mesajlarını verir. “Ortaq gələcək naminə dialoq” çağırışını edən və üç gün davam edəcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal miqyasda humanitar əməkdaşlıq, tolerantlıq və dialoq mərkəzi kimi strateji mövqeyini növbəti dəfə bütün dünyaya nümayiş etdirir. Tədbir, eyni zamanda, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulmasında Bakının əvəzolunmaz rolunu təsdiqləyir. Forum çərçivəsində aparılan müzakirələr təkcə mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək nəsillər üçün daha təhlükəsiz, inklüziv və ədalətli dünya nizamının qurulmasına yönələn ortaq fəaliyyət planlarının müəyyənləşdirilməsinə xidmət edir”.

Digər xəbərlər