PDF Oxu

Siyasət

  • 705

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Azərbaycanın sülh və dialoq təşəbbüsləri - ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Azərbaycanın sülh və dialoq təşəbbüsləri - ŞƏRH

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda çıxış edərək mədəniyyətlərarası münasibətlərin inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də Azərbaycanın beynəlxalq mövqeyi ilə bağlı mühüm məsələlərə toxunub.
Dövlət başçısı qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, qlobal problemlərin dialoq yolu ilə həllinə mühüm töhfə verir.
Prezident İlham Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olduğunu vurğulayıb. Ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələri, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh şəraitində yaşaması cəmiyyətin əsas xüsusiyyətlərindəndir. Dövlət başçısının “Biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik” fikri milli-mənəvi dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin əhəmiyyətini ifadə edir.
Forumda beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması məsələsi də xüsusi diqqət mərkəzində olub. Prezident BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmasının vacibliyini vurğulayıb. Bu yanaşma beynəlxalq təşkilatların qəbul etdiyi qərarların kağız üzərində qalmaması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı beynəlxalq münasibətlərdə ədalət və bərabər yanaşma prinsiplərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Çıxışda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi və iqtisadi imkanları da qeyd olunub. Prezident İlham Əliyev bildirib ki, ölkəmiz özünü beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi təqdim edə bilib. Müstəqil xarici siyasət, genişlənən beynəlxalq tərəfdaşlıq əlaqələri və iqtisadi sabitlik Azərbaycanın regional və qlobal əməkdaşlıqda rolunu artırır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olması ölkənin maliyyə dayanıqlılığını səciyyələndirən mühüm göstəricilərdən biridir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərir ki, müasir dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və qlobal problemlərin həlli üçün dialoq və əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni əks etdirir. “Ortaq gələcək naminə dialoq” çağırışı müxtəlif mədəniyyətlərə hörmət, qarşılıqlı anlaşma və birgə fəaliyyət əsasında daha dinc və təhlükəsiz dünyanın qurulmasının vacibliyini ön plana çəkir.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər