Prezident İlham Əliyev “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm modelinin təkcə daxili siyasət elementi deyil, həm də beynəlxalq dialoq platforması kimi təqdim olunduğunu göstərdi. Dövlət başçısının çıxışında səsləndirilən rəqəmlər və faktlar bu modelin artıq regional deyil, qlobal miqyasda institusional xarakter aldığını nümayiş etdirir.Prezident İlham Əliyevin açıqladığı rəqəmlər Forumun miqyasını göstərir:
- 2 mindən çox qeydiyyatdan keçmiş iştirakçı;
- 500-dən çox xarici qonaq;
- 100-dən artıq ölkənin təmsil olunması;
- Forumun 15 illik tarixə malikdir və ilk dəfə 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirilmişdir.
Sayca VII Forum 27–29 oktyabr 2026-cı il tarixlərində keçirilir və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), ICESCO və BMT Turizm Təşkilatı ilə birgə təşkil olunur. Bu da onun yalnız milli təşəbbüs deyil, beynəlxalq institutların dəstəklədiyi platformaya çevrildiyini göstərir.
Prezident İlham Əliyevin Forumdakı çıxışından çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan multikulturalizmi tarixi tolerantlıq, konstitusion təminatlar, ümumi vətəndaş kimliyi və beynəlxalq dialoq təşəbbüslərinin sintezi kimi təqdim edir. Bu modelin beynəlxalq əhəmiyyəti onun bütün ölkələr üçün vahid resept olmasında deyil, dialoq, qarşılıqlı hörmət və institusional əməkdaşlığın münaqişələrin qarşısının alınmasında oynaya biləcəyi rolu praktik platformalar vasitəsilə nümayiş etdirməsindədir.
Sonucu fikri əsas götürərək, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı verdiyi mesajların əhəmiyyətinə diqqəti cəlb edək.
Forum çıxışında dövlətimizin başçısı sülhlə bağlı region və beynəlxalq ictimaiyyətə aşağıdakı 5 əsas mesajını ünvanladı:
1. Azərbaycan sülh təşəbbüsünün müəllifidir.
Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı işğala son qoyduqdan sonra Azərbaycan Ermənistana sülh təklif edib. O, Azərbaycanın qisas niyyəti güdmədiyini və sonsuz müharibələr istəmədiyini vurğuladı. . Prezidentin mesajı ondan ibarətdir ki, qazanılmış hərbi üstünlük yeni qarşıdurma üçün deyil, müharibənin dayandırılması üçün istifadə edilməlidir.
2. Sülh sazişinin paraflanması yeni regional reallığın göstəricisidir
Dövlətimizin başçısı 2024-cü il Forumundan sonrakı iki ildə Cənubi Qafqazda ciddi dəyişikliklərin baş verdiyini, Ermənistanla sülh sazişinin 2025-ci ilin 8 avqustunda Vaşinqtonda paraflanmasını mühüm hadisə kimi qiymətləndirdi. O, Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamənin də əhəmiyyətini vurğuladı. Sülh prosesinin beynəlxalq siyasi səviyyədə təsdiqlənməsi və Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması kimi dəyərləndirdi.
3. Müharibəni bitirmək qələbə qazanmaqdan fərqli siyasi bacarıqdır
Cənab Prezidentin çıxışında diqqətçəkən başqa bir fikir budur ki, müharibəyə başlamaq asan, onu bitirmək isə çox çətindir. O, Azərbaycanın qələbədən sonra irəli getməməyi və sülh təklif etməyi mühüm təcrübə kimi dəyərləndirdi.
Bu mesaj təkcə Ermənistanla münasibətlərə deyil, digər münaqişələrə də ünvanlanır. Müzəffər Prezident Azərbaycan təcrübəsini hərbi nəticənin siyasi həllə çevrilməsi nümunəsi kimi təqdim edir. Bununla yanaşı, bu təcrübənin başqa münaqişələrə tətbiqi hər bir münaqişənin öz tarixi və siyasi şərtləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
4. Sülhün təminatı üçün beynəlxalq qərarlar işlək mexanizmlərlə müşayiət olunmalıdır
Cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra olunmadığını xatırlatdı. O, beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin gücləndirilməsini vacib məsələ kimi qaldırdı.
Burada sülh prosesi daha geniş beynəlxalq problemə bağlanır: sənədlərin qəbul edilməsi özlüyündə nəticə yaratmır, onların icrasını təmin edən siyasi və hüquqi mexanizmlər də olmalıdır. Bu, Azərbaycanın münaqişənin əvvəlki mərhələsinə dair təcrübəsindən çıxardığı əsas institusional dərs kimi təqdim edilir.
5. Azərbaycanın təcrübəsi beynəlxalq münaqişələrin həlli üçün nümunə kimi irəli sürülür
Prezident müasir dünyada yeni müharibələrin başlandığı bir şəraitdə Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini bildirdi. O, münaqişələrin kökündə təcavüz, ambisiyalar və cəzasızlıq hissi kimi amillərin dayandığını qeyd etdi.
Prezident Azərbaycanın təcrübəsini yalnız milli maraqlar kontekstində deyil, beynəlxalq sülh və təhlükəsizlik müstəvisində də təqdim edir. Burada əsas tezis budur: sülhün əldə olunması üçün münaqişənin səbəbləri aradan qaldırılmalı, beynəlxalq hüquq normaları işləməli və hərbi nəticələr siyasi nizamlama ilə tamamlanmalıdır.
Beləliklə, Prezident İlham Əliyevin Forumda çıxışının sülhlə bağlı əsas siyasi mesajı belə ümumiləşdirilə bilər:
Azərbaycanın hərbi qələbədən sonra sülh təşəbbüsünü irəli sürməsi dövlət siyasətinin şüurlu seçimi və beynəlxalq münaqişələrin həlli üçün öyrənilməli təcrübədir. Vaşinqtonda paraflanmış saziş və üçtərəfli Bəyannamə isə bu yanaşmanın siyasi-diplomatik mərhələsidir..
Sülh prosesi yalnız Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması kimi deyil, beynəlxalq hüququn işləkliyi, müharibələrin dayandırılması və regional siyasi nizamın dəyişməsi kontekstində qiymətləndirilməidir.
Elman Nəsirov
Milli Məclisin deputatı, professor