Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının və Kəlbəcər Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Göygöl rayon Gənclər Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş “Qurtuluşdan zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri, qurultay nümayəndəsi Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin sektor müdiri, qurultay nümayəndəsi Heydər Bəylərov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, qurultay nümayəndəsi Aqil Məmmədov, DİİXİ Həmkarlar İttifaqının Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov, Kəlbəcər rayon Statistika idarəsinin müdiri Ramil Salmanov, Kəlbəcər rayon Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov, ziyalılar, gənclər və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli çıxışının əhəmiyyətindən danışıb. O, partiyanın keçdiyi şərəfli tarixi yola, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə toxunub. Sədr Həbib Misirov qeyd edib ki, Azərbaycanın suverenliyinin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Böyük Qayıdış proqramının icrası dövlətimizin gücünü, siyasi iradəsini və milli birliyini nümayiş etdirir. Bu prosesdə ideoloji işin gücləndirilməsi, xüsusilə gənclərin milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləri ruhunda maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, qurultay nümayəndəsi Aqil Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından bəhs edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin və doğma yurdlara qayıdış prosesinin tarixi əhəmiyyətini vurğulayıb. Aqil Məmmədov çıxışında ideoloji işin gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlər ruhunda, dövlətçilik prinsiplərinə sadiq, dövlətə və Vətənə sevgi ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb. O, cəmiyyətdə ağsaqqalların gənclərlə görüşlərinin əhəmiyyətinə diqqət çəkərək, rayon ağsaqqallarını Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən vəzifələrin, ideoloji istiqamətdə maarifləndirici tədbirlərin və dövlətçilik ənənələrinin təbliğində fəal iştirak etməyə çağırıb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin sektor müdiri, Qurultay nümayəndəsi Heydər Bəylərov da çıxışında YAP-ın keçdiyi şərəfli yola, Ulu Öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlara diqqət çəkib.
Digər çıxış edənlər DİİXİ Həmkarlar İttifaqının Kəlbəcər rayon komitəsinin Əli Bağırov, Kəlbəcər rayon Statistika idarəsinin müdiri Ramil Salmanov, ziyalılardan Mahir Muxtarov, Cəmşid Əlbəndov və Vasif Məmmədov və başqaları Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin qorunmasının, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin, ideoloji işin gücləndirilməsinin və milli həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən, Böyük Qayıdışın uğurla həyata keçirilməsindən danışıblar.
Sonda bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi, dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin ideoloji maarifləndirilməsi istiqamətində işlər ardıcıl davam etdirilməlidir. Dövlət başçısının ətrafında sıx birləşmək, milli birlik və həmrəyliyi qorumaq Azərbaycanın gələcək inkişafının mühüm şərtlərindən biridir.