PDF Oxu

Siyasət

  • 888

Uğurlu və sabit inkişafın təməli - ŞƏRH

Uğurlu və sabit inkişafın təməli - ŞƏRH

Müxtəlif dini və etnik icmaların birgəyaşayışı, tolerantlıq ənənələri və mədəni irsin qorunması ölkəmizin beynəlxalq təqdimatında mühüm yer tutur. Bununla belə, multikulturalizmin davamlı uğuru yalnız tarixi ənənələrin mövcudluğu ilə deyil, həmin prinsiplərin gündəlik həyatda, təhsildə, hüquq sistemində və ictimai münasibətlərdə qorunması ilə müəyyən edilir. Bu mənada beynəlxalq forumlar ölkənin təcrübəsini təqdim etməklə yanaşı, onu digər dövlətlərin və beynəlxalq qurumların təcrübəsi ilə müqayisə etmək, yeni yanaşmalar öyrənmək və ortaq təşəbbüslər formalaşdırmaq imkanı yaradır. Bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində qeyd etdi ki, qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq: “Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir. Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub”.

Azərbaycanın əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev vurğuladı ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır.

Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsi özündə mühüm çağırışları ehtiva edir. Multikulturalizmin tarixi əhəmiyyəti müxtəlif mədəniyyətlərin eyni ərazidə mövcud olması ilə məhdudlaşmır. Əsas məsələ fərqliliklərin qorunması, insanlar arasında qarşılıqlı ünsiyyətin və ictimai həmrəyliyin təşviq edilməsidir. Bu baxımdan, Azərbaycanın tarixi təcrübəsi müasir mədəniyyətlərarası dialoq müzakirələri üçün əhəmiyyətli nümunələr təqdim edir. Bu mühüm məqamı da qeyd edək ki, multikulturalizmin davamlılığı yalnız tarixi ənənələrlə deyil, həm də hüquqi təminatlarla müəyyən olunur. Azərbaycanın Konstitusiyası bu sahədə əsas hüquqi çərçivəni müəyyən edir. Konstitusiyada qeyd edilir ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən və digər əlamətlərindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyi təmin edilir. O da bildirilir ki, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq. Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir.

Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər