Müasir dünyada baş verən geosiyasi dəyişikliklər, artan münaqişələr, beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətlər dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Belə bir mürəkkəb şəraitdə milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, cəmiyyətdə həmrəyliyin təmin edilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər ölkəmizin bu məsələlərə münasibətini, həyata keçirilən siyasətin fəlsəfəsini və Azərbaycanın beynəlxalq mövqeyini aydın şəkildə ortaya qoyur.
Dövlət başçısının çıxışı yalnız Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdimatı deyil, eyni zamanda, müasir beynəlxalq münasibətlər sisteminə, sülh və təhlükəsizlik məsələlərinə, dövlətlərin suveren hüquqlarına və xalqların öz gələcəyini müəyyən etmək azadlığına dair prinsipial mövqenin ifadəsidir.
Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biri olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qlobal əhəmiyyətli müzakirə platformasına çevrilib. Müxtəlif ölkələri, beynəlxalq təşkilatları, siyasi və ictimai xadimləri bir araya gətirən bu tədbir mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2011-ci ildə əsası qoyulmuş təşəbbüsün bu gün geniş beynəlxalq iştirakla davam etdirilməsi Azərbaycanın dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyinin göstəricisidir.
Azərbaycanın bu istiqamətdəki mövqeyi təsadüfi deyil. Tarixən Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi, fərqli dini və etnik qrupların birgə yaşadığı məkan olub. Multikulturalizm Azərbaycanda sadəcə siyasi şüar deyil, xalqımızın həyat tərzində formalaşmış tarixi dəyərdir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin bərabər hüquqlar əsasında yaşaması, milli və dini müxtəlifliyin cəmiyyətin birliyinə mane olmaması dövlət siyasətinin uğurlu nəticəsidir.
Bu birliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyası cəmiyyətin bütün təbəqələrini vahid milli məqsəd ətrafında birləşdirir. Azərbaycan xalqının tarixinin ən çətin mərhələlərində nümayiş etdirdiyi həmrəylik, xüsusilə Vətən müharibəsi zamanı formalaşan milli birlik bunun bariz nümunəsidir. Ölkəmizdə yaşayan bütün etnik və dini qrupların nümayəndələrinin Vətənin müdafiəsi uğrunda eyni amal ətrafında birləşməsi göstərdi ki, Azərbaycan cəmiyyətinin gücü onun müxtəlifliyində deyil, həmin müxtəlifliyi vahid milli dəyərə çevirə bilməsindədir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın dövlət müstəqilliyi və milli özünəməxsusluğunun qorunmasıdır. Müstəqilliyin bərpasından keçən 35 il ərzində ölkəmiz mürəkkəb siyasi, iqtisadi və hərbi sınaqlarla üzləşsə də, öz milli dəyərlərini, dilini, adət-ənənələrini və dövlətçilik irsini qoruyub saxlamağa nail olub. Bu dövr Azərbaycanın öz taleyinin sahibi kimi çıxış etdiyi, müstəqil qərarlar qəbul etdiyi və beynəlxalq münasibətlər sistemində layiqli yer qazandığı tarixi mərhələdir.
Müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan siyasətinin əsas prioritetləri olub. Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş beynəlxalq danışıqların nəticəsiz qalması ölkəmizi öz qanuni hüquqlarından istifadə etməyə vadar etdi. Azərbaycan BMT Nizamnaməsinin müddəalarına, o cümlədən özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə əsaslanaraq ərazi bütövlüyünü bərpa etdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Bununla da uzun illər davam edən işğala son qoyuldu, beynəlxalq hüququn norma və prinsipləri ölkəmiz tərəfindən təmin edildi. Azərbaycan xalqının tarixi ədalətin bərpası uğrunda göstərdiyi iradə və dövlətimizin qətiyyətli siyasəti müasir tariximizin ən mühüm hadisələrindən birinə çevrildi.
Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri Qələbədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsidir. Azərbaycan müharibədən sonra yeni qarşıdurmaların yaranmasında maraqlı olmadığını nümayiş etdirərək Ermənistanla münasibətlərin normallaşdırılmasına və davamlı sülhün təmin olunmasına yönəlmiş addımlar atdı. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycanın məqsədi qisas deyil, gələcək nəsillər üçün təhlükəsiz və sabit regionun formalaşdırılmasıdır.
Bu yanaşma Azərbaycanın güc siyasəti ilə yanaşı, siyasi məsuliyyət və uzaqgörənlik nümayiş etdirdiyini göstərir. Müharibənin qalibi olaraq sülh təşəbbüsü ilə çıxış etmək, əldə olunmuş tarixi nəticələri yeni regional əməkdaşlıq imkanlarına çevirmək dövlətçilik baxımından mühüm siyasi iradə tələb edir. Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və Vaşinqtonda əldə olunmuş razılaşmalar Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması istiqamətində əhəmiyyətli mərhələdir.
Prezident İlham Əliyevin beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnaməsinin uzun illər icra olunmamasını beynəlxalq sistemin ciddi problemlərindən biri kimi diqqətə çatdırıb. Bu fakt beynəlxalq hüququn yalnız qəbul edilmiş sənədlərlə deyil, onların icrasını təmin edən real mexanizmlərlə möhkəmləndirilməsinin vacibliyini göstərir.
Beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu, ayrı-ayrı dövlətlərə fərqli yanaşmaların tətbiqi qlobal ədalət prinsipinə ciddi zərbə vurur. Azərbaycanın uzun illər ərzində üzləşdiyi bu yanaşma ölkəmizin xarici siyasətində prinsipial və müstəqil mövqenin formalaşmasını şərtləndirib. Prezident İlham Əliyev bir daha bəyan edib ki, hər bir dövlətin suverenliyinə, müstəqil seçim hüququna və milli maraqlarına hörmət edilməlidir. Heç bir dövlət digərinə öz siyasi iradəsini qəbul etdirməyə çalışmamalıdır.
Azərbaycanın beynəlxalq aləmdə qazandığı mövqenin əsasında da məhz bu müstəqil siyasət dayanır. Ölkəmiz öz inkişaf modelini formalaşdıraraq siyasi sabitliyə, iqtisadi tərəqqiyə, enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa mühüm töhfələr verib. Prezidentin diqqətə çatdırdığı beynəlxalq tərəfdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin geniş coğrafiyasını nümayiş etdirir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması, ABŞ ilə Strateji Xartiyanın imzalanması, Avropa İttifaqının üzv dövlətləri ilə əməkdaşlığın genişlənməsi ölkəmizin beynəlxalq siyasi və iqtisadi sistemdə artan rolunun göstəricisidir.
Bununla yanaşı, Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı və mühüm tədbirlərə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın ifadəsidir. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün 2027-ci ildə, Avropa Siyasi Birliyinin Zirvə Görüşünün isə 2028-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. AQEM-də sədrliyin uzadılması və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına tamhüquqlu üzv kimi cəlb olunması da ölkəmizin regional və qlobal proseslərdə artan nüfuzunu təsdiqləyir.
Azərbaycanın iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu onun beynəlxalq bağlantılar sistemindəki rolunu daha da artırır. Enerji resurslarının etibarlı təchizatçısı kimi çıxış edən ölkəmiz eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfə verir. Bu imkanlar Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın mühüm iştirakçısı olduğunu göstərir. Xarici borcun ÜDM-ə nisbətdə aşağı səviyyədə saxlanılması isə ölkənin maliyyə dayanıqlılığının və düşünülmüş iqtisadi siyasətinin göstəricisidir.
Bütün bu nailiyyətlərin arxasında xalqın zəhməti, dövlətin məqsədyönlü siyasəti və cəmiyyətdə mövcud olan ictimai-siyasi sabitlik dayanır. Azərbaycan müstəqillik illərində dağıntılardan və iqtisadi çətinliklərdən inkişaf və tərəqqi mərhələsinə yüksələrək öz potensialını nümayiş etdirib. Bu inkişaf yolu bir daha sübut edir ki, müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və daxili birliyini qoruyan dövlət istənilən çətinliyin öhdəsindən gələ bilər.
Prezident İlham Əliyevin çıxışının mühüm mesajlarından biri də ondan ibarətdir ki, əldə olunmuş nailiyyətlər gələcək arxayınçılıq üçün əsas yaratmamalıdır. Müasir dünyada təhlükəsizlik mühiti sürətlə dəyişir, yeni münaqişələr və ideoloji təhdidlər meydana çıxır. Bu səbəbdən milli kimliyin, dövlətçilik ənənələrinin, müstəqilliyin və ictimai həmrəyliyin qorunması daim diqqət mərkəzində saxlanılmalıdır. Güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də sağlam ideoloji əsaslara, milli birliyə və vətəndaş məsuliyyətinə söykənir.
Nəticə etibarilə, dövlət başçısının Forumdakı çıxışı Azərbaycanın müasir inkişaf modelinin əsas istiqamətlərini özündə birləşdirən mühüm siyasi məzmun daşıyır. Bu çıxışda milli birlik, multikulturalizm, suverenlik, beynəlxalq hüquqa hörmət, ədalətli sülh və müstəqil xarici siyasət bir-birini tamamlayan strateji prinsiplər kimi təqdim olunur.
Azərbaycanın keçdiyi tarixi yol göstərir ki, milli həmrəylik və güclü dövlətçilik iradəsi ən mürəkkəb problemlərin həllində həlledici amildir. Bu gün ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, beynəlxalq nüfuzunu yüksəltmiş və regional sülhün təşəbbüskarlarından birinə çevrilmişdir. Qarşıdakı dövrün əsas vəzifəsi isə əldə olunan nailiyyətləri qorumaq, inkişafı davam etdirmək və Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirməkdir.
Böyükağa Axundov
YAP Lənkəran rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi