PDF Oxu

Siyasət

  • 673

Qarabağ Zəfərinin zirvəsi – Şuşanın azadlığı! - ŞƏRH

Qarabağ Zəfərinin zirvəsi – Şuşanın azadlığı! - ŞƏRH

Şuşanın azad olunması Azərbaycan tarixində yalnız hərbi qələbə deyil, milli iradənin, tarixi yaddaşın və Vətənə qayıdış arzusunun gerçəkləşməsi kimi əbədi yaşayacaq. Azərbaycan tarixinin elə hadisələri var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. Bu hadisələr gələcək nəsillərin yaddaşında yaşayır, xalqın milli kimliyini, dövlətçilik düşüncəsini və Vətənə bağlılığını özündə əks etdirir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi də məhz belə tarixi hadisələrdəndir. Həmin gün Azərbaycan xalqının uzun illər qəlbində yaşatdığı arzu gerçəyə çevrildi, doğma şəhərimiz azadlığına qovuşdu, üçrəngli Dövlət Bayrağımızın Şuşada dalğalanacağı günün təməli qoyuldu. Şuşa Azərbaycanın sadəcə coğrafi ərazisi deyil. Bu şəhər xalqımızın zəngin tarixinin, milli-mənəvi dəyərlərinin, ədəbiyyatının, musiqisinin və mədəniyyətinin ayrılmaz hissəsidir. Qarabağın qoynunda ucalan bu qədim şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, milli ruhumuzun qorunmasında mühüm rol oynamışdır. Şuşanın işğalı ilə xalqımız yalnız torpaq itkisi deyil, həm də böyük mənəvi ağrı yaşadı. Lakin heç bir qüvvə Azərbaycan xalqının doğma torpaqlarına qayıdacağına olan inamını sarsıda bilmədi. Qarabağ Zəfərinin tarixi köklərinə nəzər saldıqda, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Müstəqil Azərbaycanın möhkəm təməllərinin qurulması, ölkədə siyasi sabitliyin təmin edilməsi, milli ordunun formalaşdırılması və dövlətin beynəlxalq mövqelərinin gücləndirilməsi gələcək uğurlar üçün mühüm zəmin yaratdı. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycanın milli maraqlarının qorunmasını, ərazi bütövlüyü məsələsinin daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olmasını təmin edirdi. Qarabağ probleminin həlli istiqamətində dövlətçilik iradəsinin qorunması və gücləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsi idi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir ordu quruculuğunun inkişafı və beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirildi. Bütün bu proseslər ölkəmizin qarşısında duran əsas milli məqsədin – torpaqlarımızın işğaldan azad edilməsinin gerçəkləşməsi üçün mühüm əhəmiyyət daşıyırdı.

Şuşaya aparan yol asan olmadı. Bu yol illərlə davam edən mübarizədən, diplomatik səylərdən, hərbi hazırlıqdan, xalqın iradəsindən və Vətən sevgisindən keçirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələ açdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük döyüş əzmi nümayiş etdirdi. İşğal altında olan şəhər və kəndlərimizin azad edilməsi xalqımızda illərlə gözlənilən qələbəyə inamı daha da gücləndirdi. Müharibənin gedişində Şuşanın azad edilməsi xüsusi əhəmiyyət daşıyırdı. Çünki Şuşa Qarabağın tarixi, mədəni və strateji baxımdan mühüm şəhəri idi. Onun coğrafi mövqeyi, mürəkkəb dağlıq relyefi və müdafiə baxımından əlverişli şəraiti şəhərin azad edilməsini olduqca çətin hərbi tapşırığa çevirirdi. Azərbaycan əsgər və zabitləri bu çətinlikləri böyük peşəkarlıq, cəsarət və fədakarlıqla dəf etdilər. Şuşa əməliyyatı hərb tariximizin xüsusi səhifəsinə çevrildi. Bu əməliyyat Azərbaycan əsgərinin hazırlığını, iradəsini və Vətən uğrunda hər cür çətinliyə sinə gərmək əzmini nümayiş etdirdi.

Noyabrın 8-də Azərbaycan xalqı çoxdan gözlədiyi tarixi xəbəri aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad edildiyini bəyan etdi. Dövlət başçısının dilindən səslənən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri həmin gün xalqımızın sevincini, qürurunu və illərlə ürəyində daşıdığı həsrəti ifadə edən tarixi çağırışa çevrildi. Bu müraciət Azərbaycan xalqının yaddaşına həkk olundu. Şuşanın azadlığı ilə bağlı səsləndirilən “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı isə ölkəmizin ərazi bütövlüyünə olan qətiyyətli mövqeyinin ifadəsi kimi tarixdə öz yerini aldı. Həmin günün mənəvi əhəmiyyətini artıran məqamlardan biri də Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməsi və ata vəsiyyətinin yerinə yetirilməsi barədə fikirlərini bölüşməsi idi. Şuşanın azad olunması ilə bağlı bu sözlər təkcə bir siyasi və hərbi hadisənin nəticəsini deyil, həm də dövlətçilik ənənələrinin davamlılığını, nəsillər arasında mənəvi bağlılığı və tarixi məsuliyyəti ifadə edirdi. Beləliklə, uzun illər xalqımızın yaddaşında yaşayan Şuşaya qayıdış arzusu reallığa çevrildi. Şuşanın azad olunması Vətən müharibəsinin gedişinə həlledici təsir göstərdi. Bu qələbədən sonra müharibənin son mərhələsi başa çatdı və 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Azərbaycan xalqının 44 günlük müharibədə əldə etdiyi tarixi nəticə dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu. 2020-ci il dekabrın 3-də imzalanan Sərəncamla noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Bununla da Şuşanın azad edildiyi gün ümumxalq qürurunun və milli yaddaşımızın rəmzinə çevrildi. Bu böyük Qələbənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və bütün xalqımızın birliyi dayanır. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsi hər zaman ehtiramla anılacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün Vətənə sədaqətin, cəsarətin və fədakarlığın nümunəsidir. Qələbənin sevincini yaşadığımız hər an şəhidlərimizin qarşısında mənəvi borcumuzu da unutmamalıyıq. Şuşanın azad olunması ilə başlayan yeni mərhələ bu qədim şəhərin yenidən qurulması və əvvəlki şöhrətinə qovuşması istiqamətində genişmiqyaslı işlərlə davam edir. Tarixi abidələr bərpa olunur, infrastruktur yenilənir, yaşayış məhəllələri salınır, mədəni tədbirlər keçirilir. Şuşanın Azərbaycan mədəniyyətinin mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər şəhərin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bir vaxtlar həsrətlə xatırladığımız küçələrdə bu gün həyat yenidən canlanır, doğma yurda qayıdış arzusu həyata keçir. Şuşa Zəfəri bizə bir daha göstərdi ki, xalqın milli iradəsi, dövlətin gücü və ordunun qüdrəti vahid məqsəd ətrafında birləşdikdə ən çətin hədəflərə belə nail olmaq mümkündür. Bu tarix yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə yönələn böyük məsuliyyətdir. Biz bu Qələbənin mənasını qorumaq, onu gələcək nəsillərə düzgün çatdırmaq və Vətənimizin inkişafına öz töhfəmizi vermək borcundayıq.

Bu gün Şuşa azaddır. Onun küçələrində Azərbaycanın nəfəsi duyulur, tarixi abidələrində milli yaddaşımız yaşayır, səmasında üçrəngli bayrağımız dalğalanır. Şuşanın azadlığı ilə xalqımızın uzun illər davam edən həsrəti qələbə sevinci ilə əvəz olundu. Bu Zəfər Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri kimi gələcək nəsillərə qürur mənbəyi olacaq.

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Səriyyə Əhmədova

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı “Babək məhəlləsi 8” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər