Qarabağın füsunkar təbiəti, əzəmətli dağları və zəngin tarixi ilə seçilən gözəl guşəsi olan Şuşa şəhərinin adını çəkəndə insanın qəlbində qürur, sevgi və nisgil duyğuları bir-birinə qarışır. Şuşa - uca dağların qoynunda qərar tutan, qayaları ilə vüqar, havası ilə saflıq, tarixi ilə əzəmət saçan diyardır. Dəniz səviyyəsindən təxminən 1300–1600 metr yüksəklikdə yerləşən şəhər üç tərəfdən sıldırım qayalarla əhatələnib. Bu möhtəşəm təbiət mənzərəsi Şuşaya həm təbii qala görkəmi, həm də misilsiz gözəllik bəxş edib. Dağ havası, geniş üfüqlər, qayalıqlar, meşələr və tarixi küçələr burada təbiətlə insan zəhmətinin necə ahəng yaratdığını göstərir.
Şəhərin təməli XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. 1752-ci ildə salınan Şuşa əvvəlcə Pənahabad adı ilə tanınıb. Müdafiə baxımından əlverişli mövqeyi onun mühüm siyasi və hərbi mərkəzə çevrilməsinə şərait yaradıb. Zaman keçdikcə qala şəhər böyüyərək sənətkarlıq, ticarət, elm və mədəniyyət ocağına çevrilib. Şuşanın tarixi Qarabağın və bütövlükdə Azərbaycanın tarixi ilə qırılmaz tellərlə bağlıdır.
Şuşa şəhərinin küçələri ilə addımlayarkən insan burada keçmişin nəfəsini duyur. Qala divarları, tarixi məhəllələr, məscidlər, bulaqlar və yaşayış evləri şəhərin zəngin memarlıq ənənələrini yaşadır. Şəhərin tarixi siması təkcə tikililərdən ibarət deyil; bu simanı formalaşdıran insanların bacarığı, düşüncəsi, sənəti və Vətən sevgisidir. Şuşa öz qoynunda müxtəlif dövrlərin izlərini qoruyaraq milli mədəniyyətimizin nadir xəzinəsinə çevrilib.
Şuşa həm də ziyalılar, şairlər, musiqiçilər və maarifçilər şəhəridir. Burada yetişən şəxsiyyətlər Azərbaycanın ictimai, ədəbi və mədəni həyatına böyük töhfələr veriblər. Onların irsi bu gün də milli yaddaşımızın ayrılmaz hissəsidir.
Şuşanı Azərbaycan musiqisinin beşiyi adlandırmaq təsadüfi deyil. Bu şəhərin adı muğamla, xanəndəliklə, bəstəkarlıqla, xalq mahnıları və incəsənətin müxtəlif sahələri ilə qoşa çəkilir. Şuşa XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın mühüm musiqi mərkəzlərindən biri kimi tanınıb. Bu torpaq Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi musiqi korifeylərinin adları ilə əbədiləşib. Onların hər biri Azərbaycan musiqisinin inkişafında silinməz iz qoyub.
Şuşanın mədəniyyət salnaməsində Xurşidbanu Natəvanın da xüsusi yeri var. “Xan qızı” kimi tanınan Natəvan şairə, xeyriyyəçi və ictimai xadim kimi şəhərin mənəvi həyatına böyük töhfə verib. Molla Pənah Vaqifin adı isə Şuşanın ədəbi və siyasi tarixində ayrıca səhifə açır.
Şuşa deyəndə göz önünə Cıdır düzü, İsa bulağı, Topxana meşəsi və Xarıbülbül gəlir. Xüsusilə Xarıbülbül çiçəyi şəhərin təbiətini, zərifliyini və dözümlülüyünü ifadə edən rəmzə çevrilib. Bu çiçəyin adı ilə keçirilən musiqi festivalı Şuşanın sənət ənənələrini yenidən canlandırır, müxtəlif ölkələrdən ifaçıları və sənətsevərləri bir araya gətirir. Cıdır düzündə səslənən musiqi sanki dağların yaddaşına qarışaraq Şuşanın əbədi nəğməsinə çevrilir.
Şuşanın taleyinə zaman-zaman ağır sınaqlar, xalqımızın qəlbində dərin izlər buraxan acı hadisələr də yazılıb. 1992-ci il mayın 8-də bu füsunkar şəhər mənfur düşmənlərimiz tərəfindən işğal olundu. Həmin gün bütöv bir xalqın qəlbinə sağalmaz yara vuruldu. Sanki Qarabağın döyünən ürəyi susdu, Cıdır düzünün nəğmələri yarımçıq qaldı, qədim küçələr öz doğma sakinlərinin addım səslərinə həsrət oldu. Minlərlə şuşalı ata-baba yurdunu tərk etmək məcburiyyətində qalaraq qürbət yollarına üz tutdu. Bir zamanlar muğamın, poeziyanın, sənətin və gözəlliyin nəfəs aldığı bu şəhər uzun illər viran qalmış evləri, dağıdılmış tarixi abidələri ilə öz azadlıq gününü gözlədi. İşğal dövründə Şuşanın əsrlərin yadigarı olan maddi-mədəniyyət nümunələri dağıdıldı, zədələndi, tarixi irsinə qarşı vandalizm aktları törədildi. Ancaq düşmən bir həqiqəti anlaya bilmədi: Şuşanı işğal etmək mümkün olsa da, onu xalqımızın qəlbindən qoparmaq, yaddaşından silmək mümkün deyildi. Çünki Şuşa sadəcə bir şəhər deyil, Azərbaycan ruhunun, milli qürurunun və sarsılmaz Vətən sevgisinin təcəssümüdür. O, hər zaman azadlığa qovuşacağı günü gözləyən müqəddəs bir əmanət kimi xalqımızın ürəyində yaşadı.
2020-ci ilin payızında alovlanan 44 günlük Vətən müharibəsi xalqımızın qəlbində illərlə közərən Şuşa həsrətinə son qoydu, bu müqəddəs arzunu gerçəkliyə çevirdi. Azərbaycan Ordusunun igid zabit və əsgərləri Vətən sevgisini özlərinə ən böyük güc, qələbə əzmini isə sarsılmaz iradə edərək Şuşaya doğru tarixi yürüşə başladılar. Sıldırım qayalar, keçilməz meşələr, sərt dağ yolları belə onların qarşısında maneəyə çevrilə bilmədi.
Şuşa uğrunda gedən döyüşlər düşmənin məhv edilməsi ilə nəticələndi. 2020-ci il noyabrın 8-də bütün Azərbaycanın səbirsizliklə gözlədiyi tarixi xəbər yayıldı: Şuşa azad edilmişdi! Bu müjdə illərlə həsrət çəkən milyonlarla insanın gözlərinə sevinc yaşları gətirdi, qəlblərdə sönməyən ümidləri yenidən alovlandırdı. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” kəlmələri isə tarixə qızıl hərflərlə yazıldı.
Beləcə, uzun illər həsrətində olduğumuz Şuşa yenidən öz doğma sakinlərinə qovuşmaq üçün azadlıq qapılarını açdı. Cıdır düzünün üzərindən əsən azadlıq küləyi, qala divarlarına hopmuş tarix və Qarabağ dağlarında əks-səda verən qələbə sevinci bir daha sübut etdi ki, Şuşa Azərbaycan xalqının ruhudur, qürurudur, əbədiyaşar milli yaddaşıdır. Şuşanın azadlığı isə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin ən parlaq zirvəsi kimi tariximizə həkk olundu.
Şuşa əməliyyatı Azərbaycan əsgərinin qüdrətinin, döyüş ruhunun parlaq nümunəsidir. Şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qazilərimizin fədakarlığı, döyüşçülərimizin mərdliyi və arxa cəbhədə xalqın birliyi bu tarixi qələbənin əsas dayaqları oldu. Şuşa Zəfəri bir daha göstərdi ki, milli birlik və qətiyyət qarşısında ən çətin maneələr belə aşılmaz deyil.
Noyabrın 8-i həm Şuşanın azad olunduğu gün, həm də Zəfər Günü kimi tariximizdə xüsusi yer tutur. Şuşa Şəhəri Gününün məhz bu tarixdə qeyd edilməsi şəhərin taleyi ilə Azərbaycanın müasir tarixindəki böyük dönüş nöqtəsinin necə sıx bağlı olduğunu göstərir. Bu günün mahiyyəti yalnız təqvimdə bir tarix deyil; o, azadlığın, müqəddəs torpaqlara dönüşün, milli qürurun və gələcəyə inamın təntənəsidir.
Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Məqsəd Şuşanın tarixi simasını, mədəni mühitini və yaşayış ənənələrini qoruyaraq onu gələcək nəsillərə bütöv şəkildə çatdırmaqdır. Şəhərin yolları və mühəndis-kommunikasiya infrastrukturu yenilənib, yaşayış və ictimai obyektlər inşa olunub. Tarixi abidələrin bərpası isə bu prosesin əsas istiqamətlərindən biridir.
2021-ci il mayın 7-də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar şəhərin tarixi missiyasının və milli-mədəni həyatımızdakı yerinin dövlət səviyyəsində təsdiqi idi. Şuşa Şəhəri Dövlət Qoruğunun fəaliyyəti tarixi irsin qorunmasına, şəhər mühitinin özünəməxsusluğunun saxlanmasına və abidələrin bərpasına xidmət edir. Bülbülün ev-muzeyi, Vaqifin məqbərə kompleksi və digər mədəniyyət ocaqları şəhərin dirçəlişinin mühüm nişanələridir.
Şuşaya həyatın qayıtması üçün müxtəlif layihələr həyata keçirilir. Zəfər yolu şəhərə rahat və təhlükəsiz bağlantı yaradır. Elektrik, su, rabitə, təhsil, səhiyyə və digər xidmətlərin təşkili sakinlərin gündəlik həyatının bərpasına şərait yaradır. Yaşayış komplekslərinin və xidmət mərkəzlərinin fəaliyyəti Şuşanın yalnız ziyarət edilən tarixi məkan deyil, insanların yaşadığı, işlədiyi və gələcək qurduğu şəhər olmasının əsasını möhkəmləndirir.
Bu gün Şuşa həm tarixə ehtiramın, həm də gələcəyə ümidin ünvanıdır. Burada keçirilən “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlər şəhərin ruhunu yaşadır, Azərbaycan mədəniyyətini dünyaya tanıdır. Şuşa beynəlxalq mədəni dialoq məkanına çevrilərək musiqi, poeziya və sənət vasitəsilə xalqları bir araya gətirir. Şəhərin təbii gözəllikləri və tarixi irsi turizm imkanlarının inkişafı üçün də geniş perspektivlər açır.
8 Noyabr — Şuşa Şəhəri Günündə bu ecazkar şəhəri azad edən qəhrəmanlarımızı hörmətlə yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, doğma yurduna qayıdan sakinlərə firavan həyat arzulayırıq.
Nemət Məmmədov
“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədr müavini
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi