PDF Oxu

Siyasət

  • 634

Yenidən yazılan tarix - ŞƏRH

Yenidən yazılan tarix - ŞƏRH

Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə yaşadan Şuşa şəhəri xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağın tacı, Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin beşiyi kimi tanınan bu şəhər əsrlər boyu milli kimliyimizin mühüm rəmzlərindən biri olub. Şuşanın hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir.

Şuşanın əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Qısa müddətdə mühüm siyasi, iqtisadi və mədəni mərkəzə çevrilən şəhər sonrakı dövrlərdə Azərbaycan tarixində özünəməxsus mövqe qazanıb. Şuşa XIX əsrdə də inkişaf edərək elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində böyük şəxsiyyətlər yetişdirib. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Mir Möhsün Nəvvab kimi görkəmli simaların adı Şuşanın mədəni şöhrətini bütün Azərbaycana və dünyaya tanıdıb. Muğam sənətimizin inkişafında, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında Şuşanın müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, bu şəhər tarixən “Qafqazın konservatoriyası” adlandırılıb.
Lakin xalqımızın bu qədim şəhəri XX əsrin sonlarında ağır sınaqlarla üzləşdi. 1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da şəhərin sakinləri doğma yurdlarından didərgin salındı, tarixi-mədəni irsimizə qarşı vandalizm aktları törədildi. İşğal illərində bir sıra tarixi abidələr, məscidlər, muzeylər və yaşayış binaları dağıdıldı, milli-mədəni irsimizin izlərini silməyə cəhd göstərildi. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı Şuşaya olan bağlılığını, doğma şəhərə qayıdacağına inamını heç vaxt itirmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixi ədalətin bərpası uğrunda apardığı mübarizənin həlledici mərhələsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq və rəşadət nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu Zəfərin ən şanlı səhifələrindən biri isə 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması oldu. Sıldırım qayaları, mürəkkəb relyefi və strateji mövqeyi ilə seçilən şəhərin qəhrəman Azərbaycan əsgərləri tərəfindən azad edilməsi hərb tariximizə misilsiz əməliyyat kimi yazıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət edərək Şuşanın azad edildiyini böyük qürur hissi ilə elan etdi. Onun “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri milyonlarla insanın qəlbində sevinc və qürur hissi yaratdı. Bu tarixi hadisə yalnız hərbi qələbə deyil, həm də milli iradənin, xalq-ordu birliyinin və dövlətimizin gücünün təntənəsi idi. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı və Azərbaycanın tarixi Zəfərini daha da möhkəmləndirdi.
Qələbədən dərhal sonra Şuşanın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfər edərək şəhərdə Azərbaycan bayrağını ucaltdı. Bu səfər dövlətimizin Şuşanın gələcəyinə verdiyi böyük əhəmiyyətin və şəhərin əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunun rəmzinə çevrildi. Həmin ilin mart ayında isə Novruz bayramının Cıdır düzündə qeyd edilməsi tarixi qayıdışın mənəvi təntənəsi kimi yadda qaldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya mütəmadi səfərləri şəhərin bərpası prosesinə xüsusi təkan verdi. İnfrastrukturun yenilənməsi, yolların çəkilməsi, elektrik, su və digər kommunal sistemlərin qurulması, tarixi abidələrin bərpası istiqamətində ardıcıl layihələr həyata keçirildi. Füzuli-Şuşa istiqamətində inşa edilən və “Zəfər yolu” adlandırılan avtomobil yolu şəhərə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, qayıdışın rəmzlərindən birinə çevrildi. Şuşanın tarixi-mədəni irsinin qorunması məqsədilə mühüm abidələr, o cümlədən Vaqifin məqbərəsi, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri bərpa edildi, Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri əvvəlki yerlərinə qaytarıldı.
2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərin tarixi missiyasının yenidən təsdiqi oldu. 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınması Şuşanın beynəlxalq nüfuzunu daha da artırdı. Burada keçirilən Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, beynəlxalq forumlar və digər tədbirlər şəhərin yenidən regionun mühüm mədəniyyət və tədbirlər mərkəzinə çevrildiyini nümayiş etdirdi.
Şuşanın dirçəlişində mühüm mərhələlərdən biri də Böyük Qayıdış prosesidir. 2024-cü il mayın 11-də keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışına başlanıldı. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin öz evlərinə dönməsi tarixi ədalətin bərpasının ən təsirli təzahürlərindən biridir. Şəhərdə inşa edilən yaşayış kompleksləri, açılan məktəb, səhiyyə və xidmət müəssisələri insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait yaradır. Bununla yanaşı, tarixi binaların, dini və mədəni abidələrin bərpası Şuşanın özünəməxsus simasının qorunmasına xidmət edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Şuşa bu gün yalnız yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın gücünü, milli birliyini və gələcəyə inamını nümayiş etdirən mühüm mərkəzdir. Şəhərin iqtisadi, turizm və mədəni potensialının inkişaf etdirilməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması onun qarşıdakı illərdə daha da çiçəklənəcəyinə əsas yaradır.
Azərbaycan Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi təsis edilməsi bu tarixi qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarix həm Şuşanın işğaldan azad edilməsini, həm də xalqımızın doğma torpaqlarına qayıdış əzmini təcəssüm etdirir.
8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və milli həmrəylik günüdür. Bu gün biz Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Şuşa artıq azaddır, öz sakinlərinə qovuşur və yenidən Azərbaycanın mədəniyyət mərkəzi kimi tarixdəki layiqli yerini tutur. Bu qədim şəhərin dirçəlişi xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və Zəfərimizin əbədi rəmzidir.


Nicat Göşşüyev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər