PDF Oxu

Siyasət

  • 1 241

Vətənə xidmət edənlərə dövlət qayğısı və qəhrəmanlara ehtiram - ŞƏRH

Vətənə xidmət edənlərə dövlət qayğısı və qəhrəmanlara ehtiram - ŞƏRH

Müharibə iştirakçılarına göstərilən diqqət və qayğı hər bir dövlətin öz qəhrəmanlarına, Vətən uğrunda fədakarlıq göstərmiş insanlara verdiyi yüksək dəyərin ifadəsidir. Azərbaycanın müasir tarixində müharibə iştirakçılarının xüsusi yeri və rolu vardır. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apararaq xalqımızın milli qürurunun, vətənpərvərliyinin və mübarizə əzminin canlı nümunəsinə çevrilmişlər. Bu insanların göstərdikləri qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmamalı, onların xidmətləri daim yüksək qiymətləndirilməlidir.
Azərbaycan xalqı tarix boyu öz torpaqlarına, dövlətçiliyinə və milli dəyərlərinə bağlılığı ilə seçilmişdir. Uzun illər davam edən münaqişə dövründə minlərlə vətəndaşımız Vətənin müdafiəsinə qalxmış, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açmışdır. Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün və hərbi qulluqçularımızın qəhrəmanlığının nəticəsi olmuşdur.
Müharibə iştirakçılarına göstərilən diqqət yalnız onların keçmiş xidmətlərinin qiymətləndirilməsi deyil, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Vətən uğrunda mübarizə aparmış insanların həyat təcrübəsi, döyüş yolu və fədakarlığı gənclər üçün örnəkdir. Onların cəmiyyət arasında layiqli mövqeyə malik olması, sosial problemlərinin həlli və gündəlik həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Azərbaycan dövlətinin müharibə iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı ardıcıl və məqsədyönlü xarakter daşıyır. Bu istiqamətdə sosial müdafiə tədbirlərinin genişləndirilməsi, müxtəlif müavinət və təqaüdlərin verilməsi, mənzil təminatının yaxşılaşdırılması, məşğulluq imkanlarının yaradılması mühüm addımlardandır. Müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası və həyat şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Xüsusilə müharibə zamanı sağlamlığını itirmiş vətəndaşların reabilitasiyası, tibbi və psixoloji dəstəklə təmin olunması böyük əhəmiyyət kəsb edir. Onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, müasir reabilitasiya vasitələri ilə təmin edilməsi dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər müharibə iştirakçılarının həyat keyfiyyətinin yüksəldilməsinə və onların sosial fəallığının artırılmasına xidmət edir.
Müharibə iştirakçılarının məşğulluq məsələsi də xüsusi diqqət tələb edən sahələrdəndir. Onların əmək bazarına uyğunlaşması, peşə hazırlığı kurslarına cəlb olunması, yeni iş imkanları ilə təmin edilməsi mühüm sosial əhəmiyyət daşıyır. Müharibə iştirakçılarının sahibkarlıq fəaliyyətinə başlaması üçün yaradılan imkanlar da onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə töhfə verir. Bu yanaşma göstərir ki, dövlət qayğısı yalnız maddi dəstəklə məhdudlaşmır, eyni zamanda onların cəmiyyətin fəal üzvləri kimi inkişafını da nəzərdə tutur.
Bu məsələdə cəmiyyətin üzərinə düşən məsuliyyət də az deyil. Müharibə iştirakçılarına hörmət yalnız bayram günlərində və rəsmi tədbirlərdə göstərilən diqqətlə məhdudlaşmamalıdır. Onların gündəlik həyatda qarşılaşdıqları problemlərə həssas yanaşmaq, ehtiyac olduqda dəstək göstərmək, qazilərin cəmiyyətə inteqrasiyasına kömək etmək hər bir vətəndaşın mənəvi borcudur. Dövlət və cəmiyyətin birgə səyləri nəticəsində bu insanlara daha sağlam sosial mühit yaratmaq mümkündür.
Müharibə iştirakçılarının həyat hekayələri, döyüş xatirələri və Vətənə bağlılıqları gənc nəslin tərbiyəsində xüsusi yer tutmalıdır. Təhsil müəssisələrində keçirilən vətənpərvərlik tədbirləri, qəhrəmanlarla görüşlər, tarixi hadisələrin öyrənilməsi gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir. Bu cür tədbirlər vasitəsilə gənclər Vətən sevgisinin yalnız sözlə deyil, əməli fəaliyyət və məsuliyyətlə ifadə olunduğunu daha dərindən anlayırlar.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan tarixi mübarizədə müharibə iştirakçılarının xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı dövlətçilik tariximizin şərəfli səhifəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həmin mübarizənin tarixi nəticələrini bir daha nümayiş etdirir.

Arzu Ağacanov
YAP Ordubad rayon təşkilatının fəalı

Digər xəbərlər