PDF Oxu

Siyasət

  • 966

Xalqın dəstəklədiyi qətiyyətli mövqe – Zəfərə aparan siyasi iradə - ŞƏRH

Xalqın dəstəklədiyi qətiyyətli mövqe – Zəfərə aparan siyasi iradə - ŞƏRH

8 Noyabr – Zəfər Günü
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər təkcə təqvimdə deyil, millətin yaddaşında əbədi yaşayır. 8 Noyabr – Zəfər Günü də belə müqəddəs tarixlərdəndir. Bu gün xalqımızın milli birliyinin, dövlətimizin gücünün, Azərbaycan Ordusunun qəhrəmanlığının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təntənəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcını qoydu, xalqımızın uzun illər həsrətində olduğu tarixi ədalətin bərpasını təmin etdi.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin etdiyi çıxışlar, xalqa müraciətləri və beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısının hər bir nitqində Azərbaycanın haqlı mövqeyi, xalqımızın mübarizə əzmi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qətiyyətli iradəsi aydın şəkildə ifadə olunurdu. Bu çıxışlar müharibənin gedişində cəmiyyətə mənəvi güc verir, insanlarda qələbəyə inamı daha da artırırdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Həmin gündən etibarən ölkəmizdə misilsiz birlik və həmrəylik nümayiş etdirildi. Prezident İlham Əliyev xalqa müraciətlərində müharibənin səbəblərini, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və qarşıya qoyulan məqsədləri aydın şəkildə izah edirdi. Ali Baş Komandanın qətiyyətli bəyanatları xalqın mübarizə ruhunu yüksəldir, cəbhədən gələn hər bir qələbə xəbəri isə bütün ölkədə böyük sevinc və ruh yüksəkliyi yaradırdı.
Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarının ən mühüm xüsusiyyətlərindən biri həqiqətləri olduğu kimi, açıq və prinsipial şəkildə ifadə etməsi idi. O, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, xalqımızın fundamental hüquqlarının təmin olunması uğrunda mübarizə aparır. Dövlət başçısının xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Müharibə dövründə Prezidentin xalqa müraciətləri xüsusi mənəvi-siyasi əhəmiyyət kəsb edirdi. Dövlət başçısı hər dəfə xalqa müraciət edərkən cəbhədəki vəziyyət barədə məlumat verir, azad olunan yaşayış məntəqələrinin adlarını açıqlayır, Azərbaycan əsgərinin qəhrəmanlığını yüksək qiymətləndirirdi. Bu müraciətlərdə xalqın səbirsizliklə gözlədiyi qələbə xəbərləri ilə yanaşı, müharibənin çətinlikləri, hərbi əməliyyatların məsuliyyəti və qarşıya qoyulan məqsədlər də diqqətə çatdırılırdı. Rəsmi mənbələrdə də qeyd olunduğu kimi, 44 gün ərzində Ali Baş Komandan xalqa müntəzəm müraciətlər etmiş, bu çıxışlar milli birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etmişdir.
Prezident İlham Əliyevin beynəlxalq televiziya kanallarına verdiyi müsahibələr də informasiya müharibəsində mühüm əhəmiyyət daşıyırdı. Euronews, CNN, BBC, Al Jazeera, France 24 və digər nüfuzlu media qurumlarına verdiyi müsahibələrdə dövlət başçısı Azərbaycanın müharibədəki məqsədini, torpaqlarımızın işğal altında qalmasının qəbuledilməz olduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığını əsaslandırılmış şəkildə izah edirdi. Bu müsahibələr zamanı verilən suallara açıq, konkret və arqumentli cavablar Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin güclənməsinə kömək göstərirdi.
Xalqımız dövlət başçısının bu çıxışlarını böyük diqqət və maraqla izləyirdi. Hər bir müraciət, hər bir müsahibə cəmiyyətin müxtəlif təbəqələrində geniş müzakirə olunur, insanlarda ruh yüksəkliyi yaradırdı. Xüsusilə Prezidentin qətiyyətli mövqeyi, milli maraqlara sadiqliyi və Azərbaycan həqiqətlərini müdafiə etməsi vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanırdı. Cəbhədə döyüşən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan insanlar, gənclər və yaşlı nəsil vahid amal ətrafında birləşmişdi. Bu birlik 44 günlük müharibənin ən mühüm mənəvi dayaqlarından biri oldu.
Noyabrın 8-də Şuşanın azad olunması xəbərinin Prezident İlham Əliyev tərəfindən Şəhidlər xiyabanından xalqa çatdırılması isə müharibə dövrünün ən unudulmaz anlarından birinə çevrildi. Dövlət başçısının “Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq!” sözləri milyonlarla insanın qəlbində qürur və sevinc hissi yaratdı. Bu tarixi müraciət təkcə hərbi qələbənin elan edilməsi deyildi, həm də xalqımızın 28 illik Şuşa həsrətinin sona çatmasının rəmzi idi. Həmin gün Azərbaycan xalqı öz tarixinin ən böyük sevinclərindən birini yaşadı.
2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə bu tarixi qələbənin təntənəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin paradda söylədiyi nitqdə 44 günlük müharibənin hər gününün şanlı tariximiz olduğu xüsusi vurğulanırdı. Dövlət başçısı bildirirdi ki, Azərbaycan Ordusu hər gün irəli gedir, yeni şəhər və kəndləri, strateji yüksəklikləri azad edirdi. Bu fikirlər Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının, hərbi peşəkarlığının və qələbə əzminin ifadəsi idi.
Zəfərin əldə olunmasında Azərbaycan xalqının birliyi, Ordumuzun gücü, şəhidlərimizin canı və qazilərimizin qəhrəmanlığı həlledici rol oynadı. Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Ali Baş Komandan kimi qətiyyətli fəaliyyəti isə bu tarixi mübarizənin mühüm amillərindən biri oldu. Xalqla dövlətin, Ali Baş Komandanla Ordunun birliyi nəticəsində Azərbaycan qarşıya qoyduğu tarixi məqsədə nail oldu. Bu birlik tarixə “Dəmir yumruq” adı ilə düşdü.
Bu gün 8 Noyabr – Zəfər Gününü qeyd edərkən Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarını bir daha xatırlamaq, həmin nitqlərin daşıdığı tarixi və mənəvi əhəmiyyəti qiymətləndirmək xüsusi önəm daşıyır. Həmin çıxışlar xalqımızın öz gücünə inamını artırdı, milli qürur hissini möhkəmləndirdi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət etdi.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründəki nitq və çıxışları Azərbaycan xalqının yaddaşında qətiyyət, prinsipiallıq, milli birlik və Zəfər salnaməsinin mühüm səhifələri kimi qalacaqdır. Bu çıxışlara xalqımızın göstərdiyi böyük diqqət və rəğbət dövlət başçısı ilə xalq arasında mövcud olan etimadın və birliyin ifadəsi idi.
Zəfər Günümüz mübarək! Bu tarixi Qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Qarabağ Azərbaycandır!

Könül İsmayılova
YAP Ordubad rayon təşkilatının fəalı, 1 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər