PDF Oxu

Siyasət

  • 899

“Azərbaycan xalqı qəhrəmanları ilə fəxr edir, şəhidlərini daim uca tutur” -DEPUTAT DANIŞDI

“Azərbaycan xalqı qəhrəmanları ilə fəxr edir, şəhidlərini daim uca tutur” -DEPUTAT DANIŞDI

”Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olunur. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə də Azərbaycan xalqının qəhrəmanlığını, milli birliyini, sarsılmaz iradəsini və torpaqlarına bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu Zəfərin əldə olunmasında Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin misilsiz xidmətləri olmuşdur”.Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbi qulluqçularla keçirilən görüş xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır:” Görüş zamanı qəhrəman hərbçilərin Vətən müharibəsində göstərdikləri şücaət, fədakarlıq və tarixi Qələbənin əldə olunmasındakı əvəzsiz xidmətləri böyük ehtiramla qeyd olunub.
Azərbaycan əsgəri 44 gün ərzində öz qəhrəmanlığı, peşəkarlığı və Vətən sevgisi ilə tarix yazdı. Çətin döyüş yollarından keçən hərbçilərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərdilər. Onların hər biri Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Bu gün həmin qəhrəmanlarla bir araya gəlmək, onların xidmətlərini yüksək qiymətləndirmək dövlətin öz müdafiəçilərinə verdiyi böyük dəyərin göstəricisidir.
Görüşün Xankəndi şəhərində keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması, dövlət başçılarının və Vətən müharibəsi qəhrəmanlarının bir araya gəlməsi tarixi ədalətin bərpasının parlaq ifadəsidir. Xankəndi bu gün Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli iradəsinin təcəssümünə çevrilmişdir.
Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə baş tutan bu görüş iki qardaş ölkə arasındakı sarsılmaz dostluğun və strateji müttəfiqliyin də mühüm göstəricisidir. Türkiyə Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstəyini nümayiş etdirmiş, iki ölkə arasındakı qardaşlıq münasibətləri bir daha özünü təsdiqləmişdir. “Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin əsasını təşkil edir.
“Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbi qulluqçuların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Onların döyüş meydanında göstərdikləri igidlik, Vətənə sədaqət və fədakarlıq heç vaxt unudulmayacaq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin və müharibə iştirakçılarımızın xidmətləri isə hər zaman yüksək qiymətləndiriləcəkdir.
Bu görüş bir daha göstərdi ki, Azərbaycanın qazandığı Zəfər yalnız hərbi uğur deyil, həm də xalqımızın milli ruhunun, birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən uğrunda mübarizə aparan qəhrəmanlarımızın göstərdiyi şücaət Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcəkdir.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Xankəndidə həyatın yenidən canlanması və dövlətimizin suverenliyinin möhkəmləndirilməsi böyük Qələbənin davamıdır. Azərbaycan xalqı öz qəhrəmanları ilə fəxr edir və Vətən uğrunda canından keçən şəhidlərinin xatirəsini daim uca tutur.
Qəhrəmanlarımızın adı tariximizdə əbədi yaşayacaq! Qarabağ Azərbaycandır”!
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər