12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, demokratik inkişaf yolunun müəyyənləşdirilməsini və milli dövlətçilik ənənələrinin müasir dövrün tələblərinə uyğun davam etdirilməsini təcəssüm etdirir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ölkəmizin siyasi, hüquqi və ictimai həyatında yeni mərhələnin başlanğıcı olmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri müstəqil dövlətin hüquqi əsaslarını yaratmaq, demokratik idarəçilik sistemini formalaşdırmaq, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması üçün möhkəm qanunvericilik bazası qurmaq idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi zərurəti yeni Konstitusiyanın hazırlanmasını tarixi tələbə çevirmişdi.
Bu mühüm vəzifənin həyata keçirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqil dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental hüquqi sənəd oldu. Bununla da ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli yaradıldı.
Konstitusiya müasir dünyanın qabaqcıl hüquqi təcrübəsini, demokratik dəyərlərini, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli və ümumbəşəri prinsipləri özündə birləşdirir. Əsas Qanunda dövlət müstəqilliyinin qorunması, xalq hakimiyyəti, insan hüquq və azadlıqları, hakimiyyət bölgüsü, qanunun aliliyi və dövlət idarəçiliyinin əsas prinsipləri öz əksini tapmışdır. Bu baxımdan Konstitusiya yalnız hüquqi normalar toplusu deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli birliyinin və dövlətçilik ideallarının ifadəsidir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilmişdir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, qanunvericilik bazasının müasirləşdirilməsinə, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfələr vermişdir. Azərbaycan beynəlxalq aləmdə mövqelərini gücləndirərək müstəqil siyasət yürüdən, regional və qlobal proseslərdə fəal iştirak edən nüfuzlu dövlətə çevrilmişdir.
Konstitusiyanın əsasını təşkil edən dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərinin təmin olunması Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyətlər Azərbaycan xalqının milli birliyinin, qətiyyətinin və dövlətimizin gücünün təntənəsinə çevrildi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı dövlətimizin qarşıya qoyduğu mühüm məqsədlərdəndir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın suveren hüquqlarını bütün ərazilərində həyata keçirməsinin, gələcəyə inamla irəliləməsinin göstəricisidir.Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyətin hüquqi həyatının əsasını təşkil etməklə yanaşı, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına, dövlət və vətəndaş münasibətlərinin tənzimlənməsinə xidmət edir. Konstitusiyada təsbit olunmuş prinsiplərə əməl edilməsi, qanunlara hörmət və hüquqi məsuliyyət hissinin gücləndirilməsi dövlətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, dövlətçilik tariximizdəki rolunu dərindən mənimsəməsi vacibdir. Gənclərin milli-mənəvi dəyərlərə bağlı, hüquqi biliklərə yiyələnmiş, dövlətçilik ənənələrinə hörmətlə yanaşan vətəndaşlar kimi yetişməsi gələcəyimizin təminatıdır. Bu istiqamətdə hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və cəmiyyətdə qanunçuluq mədəniyyətinin möhkəmləndirilməsi hər zaman aktualdır.
12 Noyabr – Konstitusiya Günü yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də müstəqilliyimizin, milli suverenliyimizin və dövlətçilik ənənələrimizin əhəmiyyətinin bir daha dərk edilməsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin mühüm tərkib hissəsi olan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də dövlətimizin möhkəm hüquqi dayağı, demokratik inkişafımızın və milli birliyimizin əsas təminatlarından biri kimi öz əhəmiyyətini qoruyur.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri