12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm siyasi və hüquqi əhəmiyyət daşıyan əlamətdar gündür. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Bu mühüm tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin ən mühüm nailiyyətlərindən biri idi. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri milli dövlətçiliyin hüquqi əsaslarını formalaşdırmaq, demokratik idarəçilik prinsiplərini təsbit etmək və cəmiyyətin bütün sahələrində qanunun aliliyini təmin etmək idi. Konstitusiyanın qəbulu məhz bu məqsədlərin reallaşdırılması istiqamətində atılan tarixi addım olmaqla, Azərbaycan dövlətinin suverenliyini, müstəqilliyini, insan hüquq və azadlıqlarını, hakimiyyət bölgüsü prinsiplərini və hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Konstitusiyası yalnız ali hüquqi sənəd deyil, həm də dövlətin gələcək inkişaf istiqamətlərini müəyyən edən fundamental siyasi və ictimai sənəddir. Konstitusiyada insan və vətəndaş hüquqlarının qorunması, xalq hakimiyyəti, siyasi plüralizm, mülkiyyət hüququ, sosial ədalət və qanunun aliliyi kimi fundamental prinsiplər öz əksini tapmışdır. Bu prinsiplər dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, cəmiyyətin demokratik inkişafına da mühüm töhfə verir. Sonrakı illərdə ölkədə həyata keçirilən konstitusiya islahatları dəyişən ictimai-siyasi və iqtisadi reallıqlara uyğun olaraq hüquq sisteminin təkmilləşdirilməsinə, dövlət idarəçiliyinin müasirləşdirilməsinə və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət etmişdir. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsiplərinin bütün ölkə ərazisində təmin olunması tarixi və siyasi baxımdan yeni məzmun kəsb edir.
Bu gün Azərbaycan Respublikası öz suveren hüquqlarını tam təmin edən, müstəqil siyasət yürüdən və beynəlxalq münasibətlər sistemində mövqelərini davamlı şəkildə möhkəmləndirən dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizdə dövlət institutları gücləndirilir, hüquqi islahatlar davam etdirilir, milli qanunvericilik beynəlxalq standartlara uyğun təkmilləşdirilir. Konstitusiyaya hörmət, qanunun aliliyinin təmin olunması və vətəndaş məsuliyyətinin yüksəldilməsi güclü dövlət və sağlam cəmiyyət quruculuğunun mühüm şərtləridir. Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, hüquq və vəzifələrini dərindən mənimsəməsi, dövlətçilik dəyərlərinə hörmət ruhunda formalaşması mühüm əhəmiyyət daşıyır. 12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşına müstəqilliyimizin hüquqi əsaslarını, dövlətçiliyimizin tarixi əhəmiyyətini və milli birliyimizin gücünü xatırladır. Bu əlamətdar gün həm də hüquqi dövlət quruculuğuna, milli maraqların qorunmasına və Azərbaycanın gələcək inkişafına hər birimizin məsuliyyətlə yanaşmasının ifadəsidir.
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı