PDF Oxu

Siyasət

  • 189

Ağdamın yeni həyatı – Böyük Qayıdışın və quruculuğun təntənəsi - ŞƏRH

Ağdamın yeni həyatı – Böyük Qayıdışın və quruculuğun təntənəsi - ŞƏRH

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də təsir göstərir. 20 Noyabr – Ağdam Şəhəri Günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasını, doğma yurda qayıdışın gerçəkləşməsini və Azərbaycan dövlətinin quruculuq əzmini özündə təcəssüm etdirir.
Ağdam uzun illər Qarabağın iqtisadi, mədəni və ictimai həyatında mühüm rol oynayan şəhərlərdən biri olub. Öz tarixi, memarlıq abidələri, mədəni irsi və zəhmətkeş insanları ilə seçilən Ağdam hər zaman Qarabağın inkişafında xüsusi mövqeyə malik olub. İşğal illərində şəhərin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi, yaşayış məntəqələrinin viran qoyulması isə xalqımıza qarşı törədilmiş böyük ədalətsizliyin nümunəsi idi. Lakin Azərbaycan xalqı Ağdamın yenidən dirçələcəyinə, burada həyatın bərpa olunacağına heç vaxt inamını itirmədi.
2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə bu inamı reallığa çevirdi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılması isə Zəfər tariximizin mühüm hadisələrindən biri oldu.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin işğaldan azad edilmiş ərazilərin inkişafına verdiyi xüsusi əhəmiyyətin göstəricisidir. Prezident İlham Əliyevin təsdiq etdiyi Ağdam şəhərinin Baş planı əsasında şəhərin gələcək inkişafının müasir və dayanıqlı prinsiplər üzərində qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, sosial və mədəniyyət obyektləri inşa edilir, mühəndis-kommunikasiya sistemləri yenilənir.
Ağdamın iqtisadi potensialının bərpası da diqqət mərkəzindədir. Ağdam Sənaye Parkının yaradılması regionda sahibkarlığın inkişafına, yerli istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi fəallığın artmasına xidmət edir. Nəqliyyat və logistika infrastrukturunun inkişafı isə şəhərin Qarabağın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Böyük Qayıdış proqramı Ağdamın gələcəyində xüsusi əhəmiyyət daşıyır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin öz evlərinə qayıtması, ailələrin yenidən doğma torpaqlarında məskunlaşması bu prosesin ən böyük mənəvi nəticəsidir. İnsanların öz doğma şəhərlərində yaşaması, övladlarının burada təhsil alması, işləməsi və gələcək qurması Azərbaycanın Zəfərinin əsl mahiyyətini nümayiş etdirir.
Ağdamın dirçəlişi həm də milli-mənəvi irsimizin qorunması deməkdir. Şəhərin tarixi abidələrinin bərpası, mədəniyyət ocaqlarının yenidən fəaliyyətə başlaması, milli ənənələrin yaşadılması gələcək nəsillərə ötürülən mühüm dəyərlərdir. Ağdam Cümə məscidinin və digər tarixi məkanların qorunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu möhtəşəm layihələr Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, eyni zamanda həmin ərazilərdə yeni həyat qurduğunu sübut edir. Dövlətimizin gücü, xalqımızın birliyi və quruculuq əzmi Ağdamın simasında aydın görünür.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaşanır. Ağdam artıq keçmişin dağıntıları ilə deyil, gələcəyin ümidləri, quruculuğun miqyası və Böyük Qayıdışın sevinci ilə xatırlanır. Bu gün Ağdam Azərbaycanın Zəfər iradəsinin, dövlətçilik qüdrətinin və sarsılmaz milli birliyinin canlı təcəssümüdür.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər