Qeyri-neft sektorunun inkişafı və sahibkarlıq subyektlərinin gəlir imkanlarının genişləndirilməsi üçün istehsal sahələrinə dövlət dəstəyinin artırılması vacibdir. Xüsusilə istehsalla bağlı sahələrə verilən subsidiyaların vergidən azad edilməsi və müraciətlərin elektron formada həyata keçirilməsi sahibkarların fəaliyyətini asanlaşdıran müsbət addımlardır. Bu dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputatın sözlərinə görə, sahibkarların üzləşdiyi əsas problemlərdən biri bank kreditləri üzrə öhdəliklər yerinə yetirildikdən sonra girov qoyulmuş əmlakın girovdan çıxarılması prosesidir. Bəzi hallarda borc və faizlər məhkəmə qərarı ilə ödənilsə də, əmlakın girovdan azad edilməsi üçün sahibkar yenidən məhkəməyə müraciət etməli olur. Bu isə əlavə vaxt itkisinə və sahibkarlıq fəaliyyətində çətinliklərə səbəb olur.Fazil Mustafa qeyd edib ki, son illərdə vergi orqanları sahibkarlığın inkişafını stimullaşdıran bir sıra addımlar atsa da, digər qurumların tətbiq etdiyi cərimələr və inzibati müdaxilələr müəssisələrin fəaliyyətinə mənfi təsir göstərir.O vurğulayıb ki, sahibkarların istehsal imkanlarını genişləndirməsi əvəzinə, müxtəlif inzibati maneələrlə üzləşməsi iş yerlərinin bağlanmasına, işçi sayının azaldılmasına və iqtisadi fəallığın zəifləməsinə gətirib çıxara bilər. Buna görə də sahibkarlıq subyektlərinin inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılması vacibdir.
Müəllif: Günay Hacıyeva