Büdcə müzakirələrinin əsas həlledici mərhələlərindən biri Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdir. Çünki dövlət büdcəsində nəzərdə tutulan gəlirlərin real daxilolmalara çevrilməsi üçün iqtisadi fəallığın artırılması və sahibkarlığın təşviqi vacibdir. Bu baxımdan vergi və gömrük güzəştləri iqtisadiyyatın hərəkətə gətirilməsində mühüm rol oynayır.SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Komitə sədri bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər məhz iqtisadi fəallığın stimullaşdırılması məqsədi daşıyır. Onun sözlərinə görə, 2027-ci il üzrə büdcə zərfində 7,5 milyard manatlıq vergi və gömrük güzəştləri və azadolmaları nəzərdə tutulub. Bunun 4,2 milyard manatı yalnız vergi güzəştlərinin payına düşür.Azər Əmiraslanov qeyd edib ki, bu, dövlətin iqtisadiyyatın müxtəlif sahələrini dəstəkləmək və biznes mühitini yaxşılaşdırmaq istiqamətində həyata keçirdiyi siyasətin mühüm göstəricisidir.O vurğulayıb ki, büdcədə nəzərdə tutulan gəlirlərin təmin edilməsi üçün yalnız proqnozların müəyyənləşdirilməsi kifayət deyil, real iqtisadi fəaliyyətin genişləndirilməsi də əsas şərtlərdəndir.
Müəllif: Günay Hacıyeva