Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin taleyinə və dövlətimizin gələcək inkişafına da ciddi təsir göstərir. Yeni Azərbaycan Partiyasının təsis qurultayı da məhz belə tarixi hadisələrdəndir. Prezident İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun mahiyyətini ifadə edən mühüm siyasi qiymətləndirmədir.
Həmin dövrün reallıqlarına nəzər saldıqda aydın olur ki, Azərbaycanın müstəqilliyi ciddi sınaqlarla üz-üzə idi. Ölkədə hökm sürən siyasi böhran, idarəetmədə yaranmış problemlər, torpaqlarımızın işğalı və cəmiyyətdəki qeyri-sabitlik dövlətçiliyimizin gələcəyini təhlükə altına almışdı. Belə bir şəraitdə xalqın ziyalıları və dövlətin taleyini düşünən vətəndaşları Heydər Əliyevə müraciət edərək yeni siyasi təşkilatın yaradılmasını və ona rəhbərlik etməsini xahiş etdilər. Bu müraciət əslində xalqın sabitliyə, güclü dövlətə və etibarlı siyasi rəhbərliyə olan ehtiyacının ifadəsi idi.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı həmin ehtiyacın siyasi müstəvidə gerçəkləşməsi oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə ölkənin siyasi həyatında mühüm mövqe qazandı. Məncə, bu tarixi hadisənin ən mühüm məqamı yalnız yeni siyasi təşkilatın formalaşması deyil, həm də Azərbaycan cəmiyyətində gələcəyə inamın və dövlətçilik məsuliyyətinin yenidən güclənməsi idi.
Sonrakı hadisələr bu tarixi qərarın Azərbaycanın gələcək taleyində nə qədər mühüm yer tutduğunu göstərdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi və siyasi islahatların həyata keçirilməsi müstəqil dövlətçiliyimizin inkişafına yeni istiqamət verdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin formalaşması da bu mərhələnin mühüm nəticələri sırasında yer aldı.
Bu tarixi yolun ən mühüm səhifələrindən biri isə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, xalqımızın illərlə gözlədiyi tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində nümayiş etdirilən milli birlik, dövlət-xalq-ordu həmrəyliyi Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Sonrakı mərhələdə dövlət suverenliyimizin tam bərpası ilə ölkəmiz öz tarixində yeni səhifə açdı. Bu nailiyyətlərə gedən yolun siyasi əsaslarının formalaşmasında isə Heydər Əliyevin dövlətçilik strategiyasının və onun yaratdığı siyasi irsin mühüm yeri var.
Bu gün həmin tarixi hadisələrə nəzər salarkən bir həqiqət aydın görünür: dövlətlərin böyük uğurları yalnız müəyyən bir hadisənin nəticəsi deyil, uzunmüddətli siyasi iradənin, düzgün müəyyənləşdirilmiş hədəflərin, milli həmrəyliyin və ardıcıl fəaliyyətin məntiqi nəticəsidir. Yeni Azərbaycan Partiyasının təsis qurultayından başlanan siyasi yol da Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, inkişaf etməsi və tarixi Zəfərə doğru irəliləməsi baxımından mühüm mərhələ təşkil edir.
Mən bu fikrin əsas mahiyyətini Azərbaycanın keçdiyi tarixi yolun bütöv mənzərəsində görürəm. Dünənin çətinlikləri, bugünün nailiyyətləri və sabahın hədəfləri bir-biri ilə sıx bağlıdır. Bu tarixi irsin qorunması, əldə olunmuş uğurların davam etdirilməsi və gələcək nəsillərə güclü, müstəqil Azərbaycan dövlətinin ötürülməsi hər birimizin qarşısında dayanan mühüm vəzifədir.
Hasil Bağışov
YAP Masallı rayon təşkilatının fəal üzvü