Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin davamlı inkişafının təmin olunması tarix boyu böyük siyasi iradə, uzaqgörənlik və qətiyyət tələb etmişdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Azərbaycan tarixində xüsusi yer tutur. Onun dövlətçilik fəlsəfəsi, siyasi düşüncəsi və idarəçilik təcrübəsi müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamışdır. Bu gün də həmin siyasi kurs öz aktuallığını qoruyur, ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi davam etdirilir.
Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycan dövlətinin müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması təşkil edirdi. Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlət qurmaq üçün ilk növbədə siyasi sabitlik, iqtisadi inkişaf, milli həmrəylik və xalq-iqtidar birliyi təmin edilməlidir. Məhz bu prinsiplər onun müəyyən etdiyi siyasi kursun əsas dayaqlarına çevrilmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın mürəkkəb və çətin dövründə dövlətçiliyin qorunması istiqamətində tarixi addımlar atdı. Ölkədə mövcud olan siyasi gərginliyin aradan qaldırılması, ictimai-siyasi sabitliyin yaradılması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi onun qarşıya qoyduğu əsas vəzifələr idi. Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində Azərbaycan parçalanma təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyevin siyasi xəttinin mühüm istiqamətlərindən biri müstəqil Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi idi. Onun təşəbbüsü ilə həyata keçirilən mühüm iqtisadi layihələr, xüsusilə enerji strategiyası ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə böyük imkanlar yaratdı. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Azərbaycanın dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratdı. Bu müqavilə ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafının təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs yalnız iqtisadi inkişafla məhdudlaşmırdı. Milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı, milli kimliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də onun dövlətçilik siyasətinin əsas istiqamətlərindən idi. Heydər Əliyev hesab edirdi ki, xalqın gücü onun milli birliyində, tarixə bağlılığında və mənəvi dəyərlərinə sahib çıxmasındadır.
1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi də Ulu Öndərin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatların nəticəsi idi. Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoydu, insan hüquq və azadlıqlarının təmin olunması üçün mühüm hüquqi baza yaratdı.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizin iqtisadi gücünün artmasına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət edir. Bu davamlılıq Heydər Əliyevin müəyyən etdiyi strateji məqsədlərin yeni tarixi şəraitdə həyata keçirilməsinin göstəricisidir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi də dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təntənəsi oldu. Bu nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik strategiyasının davamlılığını bir daha nümayiş etdirdi.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar, sənaye və infrastruktur obyektləri tikilir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıdışı təmin olunur. Bütün bunlar güclü dövlətçilik siyasətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının real nəticələridir.
Ulu Öndərin siyasi xəttinin dəyişməz qalması, ilk növbədə, milli maraqlara əsaslanan dövlət siyasətinin ardıcıllığı deməkdir. Bu siyasətin başlıca məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, xalqın rifahını yüksəltmək, ölkənin beynəlxalq nüfuzunu artırmaq və gələcək nəsillərə güclü dövlət miras qoymaqdır.
Bilqeys Əkbərova
YAP Ordubad rayon 1 saylı tam orta məktəbin ƏPT-nın sədri