PDF Oxu

Siyasət

  • 245

Xəzərdən Sakit Okeana uzanan strateji körpü: Bakı və Hanoy yeni əməkdaşlıq üfüqlərində - ŞƏRH

Xəzərdən Sakit Okeana uzanan strateji körpü: Bakı və Hanoy yeni əməkdaşlıq üfüqlərində - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19–21-də Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər ikitərəfli münasibətlərin tarixində yeni səhifə açmaqla ölkəmizin Asiya-Sakit Okean regionu ilə əməkdaşlıq strategiyasında mühüm mərhələ oldu. 2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən sonra baş tutan bu ali səviyyəli səfər siyasi dialoqun dərinləşdirilməsi və konkret iqtisadi layihələrin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir qlobal çağırışlar fonunda Azərbaycanın Cənub-Şərqi Asiya regionunun sürətlə inkişaf edən aparıcı dövlətlərindən biri ilə əlaqələrini yeni keyfiyyət müstəvisinə keçirməsi rəsmi Bakının çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır.

Səfər çərçivəsində dövlət başçısı Hanoyda Vyetnam xalqının böyük lideri Ho Şi Minin məqbərəsini və “İnqilab şəhidləri” abidəsini ziyarət edərək iki xalq arasında mövcud olan tarixi dostluq ənənələrinə yüksək ehtiramını nümayiş etdirdi. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin kökləri onilliklər əvvələ gedib çıxır və zəngin ortaq irsə əsaslanır. 1959-cu ildə Ho Şi Minin Azərbaycana tarixi səfəri, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin bəstələdiyi ölməz “Vyetnam süitası”, eləcə də azərbaycanlı alim və mütəxəssislərin Vyetnamın neft-qaz sənayesinin qurulmasında, kadr potensialının hazırlanmasında və milli kino məktəbinin formalaşmasındakı müstəsna rolu kimi ortaq tarixi səhifələr bu gün də Bakı və Hanoy arasındakı münasibətlərin möhkəm mənəvi təməlini təşkil edir.

Hanoyda keçirilən təntənəli rəsmi qarşılanma mərasiminin ardından Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Baş katibi və Vyetnam Prezidenti To Lam ilə təkbətək və geniş tərkibdə görüşləri baş tutub. Səfər proqramı çərçivəsində həmçinin Vyetnamın Baş naziri və parlament sədri ilə də məhsuldar müzakirələr aparılıb. Görüşlərdə ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində ortaq mövqe bir daha təsdiq edilib. Vyetnam Prezidenti To Lam Azərbaycanın həm Avropanın, həm də Asiyanın zəngin irsini daşıyan mühüm və etibarlı tərəfdaş olduğunu vurğulayıb, Prezident İlham Əliyev isə səfərin nəticələrindən tam məmnunluğunu ifadə edərək Vyetnamı dost ölkə və strateji tərəfdaş kimi səciyyələndirib.

Noyabrın 21-də Hanoyda iki ölkə lideri tərəfindən Birgə Bəyanat qəbul edilib və ikitərəfli əməkdaşlığın hüquqi bazasını genişləndirən bir sıra mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib. İmzalanan sənədlər ikitərəfli əlaqələrin şaxələndirilməsinə və yeni sahələrin əhatə olunmasına xidmət edir. Xüsusilə enerji sektorunda əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması diqqət mərkəzində olub. Belə ki, Azərbaycanın Energetika Nazirliyi ilə Vyetnamın “ROX Group” şirkəti arasında Azərbaycanda günəş və külək elektrik stansiyaları layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb. Bu mühüm addım iki ölkə arasında ənənəvi neft-qaz əməkdaşlığının müasir çağırışlara uyğun olaraq “yaşıl enerji” müstəvisinə keçidini əyani şəkildə təsdiqləyir.

Bununla yanaşı, imzalanmış sənədlər sırasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə fəaliyyət mexanizmlərinin yaradılması, eləcə də dövlət idarəçiliyi, inzibati islahatlar və müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsinin genişləndirilməsi üzrə razılaşmalar xüsusi yer tutur. Hüquqi bazanın möhkəmləndirilməsi gələcəkdə həm dövlət strukturları, həm də özəl sektor subyektləri arasında birbaşa təmasların intensivləşməsi üçün əlverişli zəmin yaradır.

Səfər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin mövcud potensiala uyğun olaraq artırılması və investisiya layihələrinin təşviqi məsələləri də ətraflı müzakirə edilib. Tərəflər Şərq ilə Qərbi birləşdirən mühüm nəqliyyat arteriyası olan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Azərbaycanın müasir nəqliyyat və liman infrastrukturu Vyetnam məhsullarının Avropa bazarlarına, eləcə də region ölkələrinin məhsullarının Cənub-Şərqi Asiyaya daha sürətli və təhlükəsiz çatdırılması üçün geniş perspektivlər açır.

Humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi də gündəlikdə duran əsas məsələlərdən olub. Tarixən Azərbaycanda təhsil almış minlərlə vyetnamlı məzunun bu gün də iki xalq arasında canlı dostluq körpüsü rolunu oynaması xüsusi qeyd edilib, tələbə mübadiləsi proqramlarının bərpası, birgə elmi-tədqiqat layihələrinin icrası və qarşılıqlı turizm axınının təşviqi istiqamətində konkret addımların atılması barədə razılıq əldə olunub.

Cənab Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın şaxələndirilmiş və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti parlaq uğuru olmaqla yanaşı, Cənub-Şərqi Asiya regionu ilə iqtisadi, enerji, nəqliyyat və humanitar inteqrasiyanın dərinləşdirilməsinə güclü təkan verdi. Hanoyda əldə olunan razılaşmalar və imzalanan strateji sənədlər yaxın perspektivdə Bakı-Hanoy tərəfdaşlığının praktiki nəticələrlə daha da zənginləşəcəyini və hər iki xalqın rifahına xidmət edəcəyini tam əminliklə deməyə əsas verir.

Turanə Atakişiyeva

YAP Naxçıvan şəhər təşkilatı “Hüseyn Cavid küçəsi 1” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər